Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - Nazirlikdən açıqlama
25-12-2020, 15:21
250

Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - Nazirlikdən açıqlama

Hələ Birinci Qarabağ Müharibəsində vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrinin birdəfəlik yardım  və mənzillə təmin edilməsi prosesi bu gün də davam edir. Lakin aradan 30 illik bir vaxt keçdiyi üçün prosesin icrası zamanı bəzən onlar müəyyən problemlərlə üzləşə bilirlər. 1994-cü ildə şəhid olan Tovuz sakini Tələt Əsgərovun qardaşı Surxay Əsgərov da həmin şəxslərdən biridir.
Yenisabah.az-a müraciət edən şəhid qardaşının sözlərinə görə, atası iki dəfə ev növbəsinə yazılsa da, 11 il ərzində sıra onlara çatmayıb, daha sonra isə atası vəfat edib, bu səbəblə onların ev növbəsindən adı çıxarılıb:
“Qardaşım Əsgərov Tələt Akif oğlu 1991-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. 1994-cü il aprelin 10-da şəhid olub. Bundan sonra atam ilk dəfə 2007-ci ildə ev növbəsinə dayandı. Lakin ev verilmədi, daha sonra 2014-ci ildə ev növbəsinə yazıldı. 2018-ci ildə isə atam Əsgərov Akif rəhmətə getdi. Bu müddət ərzində evlə bağlı bizə heç bir məlumat verilmədi. Nə vaxt müraciət edirdiksə, “Hələ mənzil növbəniz çatmayıb”,-deyirdilər.  2020-ci ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən və Tovuz rayon İcra Hakimiyyətindən mənə zəng vurdular ki, atanızın varisi kimi gəlib mənzil növbəsini öz üzərinizə götürün. Mən də qardaş-bacılarımın razılığı ilə qanuna uyğun olaraq gedib növbəni üzərimə götürdüm. İcra hakimiyyəti mənə şəhidin vərəsəsi olduğumu göstərən sərəncam verdi. Onun bir sürətini Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Xidmət Agentliyinin Tovuz filialına verdim. Sonra isə ölkədə karantin tətbiq olundu. Düşündüm ki, yəqin tikinti karantinə görə başlamır. Lakin sonra gördüm ki, digər şəhid ailələri üçün ev tikilir, bu səbəblə təkrar quruma müraciət elədim”.
Bu müraciət zamanı Surxay Əsgərova şəhidin vərəsəsi olmadığı, ona görə də evin tikilməyəcəyi deyilir:
“Biz Tovuz rayonunun Kirən kəndindənik. Mənə varis kimi birdəfəlik ödəmə olan 11 min manatı ötən il verdilər, indi isə varis olmadığımı deyirlər. Mən başa düşə bilmirəm ki, burada problem nədir? İcra başçısı evin tikilməsi haqqında sərəncam verdiyi halda, agentliyin Tovuz şöbəsinin müdiri varis olmadığımı deyir. Mən bu məsələ ilə əlaqədar nazirliyə də məktub yazdım. Onlar mənə əsas gətirir ki, 1994-cü ildə çıxan qanuna görə, şəhidin vərəsəsi onun həyat yoldaşı, uşaqları və ata-anasıdır. Mən atamın vərəsəsi kimi atama veriləcək evi tələb edirəm. Bu adam 11 il növbə gözlədi. 11 ilə evi tikib verə bilməzdilər? Niyə yubatdılar? Gözləyirdilər ki, şəhidin tək varisi olan atası rəhmətə getsin, adını siyahıdan silsinlər? Mən sentyabrın 3-ü Prezidentə də müraciət etmişəm. Elə şəhidlərimiz var ki, ata-anası yoxdur, təkcə bir bacısı var, indi belə çıxır ki, o bacı köməksiz qalmalıdır? Şəhid adına hörmətsizlik edilməməlidir. Mən qardaşımın adından istifadə etmirəm. Sadəcə onun haqqı olanı almaq istəyirəm. Elə məmurlar var ki, evlərinin sayını bilmirlər. Bəs niyə ehtiyacı olanlara belə biganə yanaşılır?”.
Məsələ ilə bağlı açıqlama verən Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Həşimov isə bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən, S.Əsgərov şəhid ailəsi statusuna sahib deyil:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub.
Tovuz İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 29 iyul 2019-cu il tarixli 2-5/482 nömrəli məktubda Əsgərov Surxay Akif oğlunun mərhum atası Əsgərov Akif Əsgər oğlunun 23 oktyabr  2007-ci il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilib. Həmin məktub və növbəlilik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən, şəhidin arvadı (əri), valideyinləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları, qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar), texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alanlar isə bu məktəbi bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər.
Yuxarıda qeyd edilən qərarla təsdiq olunmuş qaydalarda müəyyən olunan ailə üzvü hesab edilmədiyindən, S.Əsgərovun sosial-məişət şəraitinin yaxşılaşdırılması nazirliyin səlahiyyətləri xaricindədir.
Əlavə olaraq bildiririk ki, 11000 manat məbləğində birdəfəlik ödəmə şəhidin vərəsələrinə, mənzil və ya fərdi yaşayış evi isə yuxarıda qeyd edilən Sərəncamla əhatə olunan şəxslərə, yəni şəhid ailəsi statusu olan şəxslərə verilir. S.Əsgərova birdəfəlik ödəmə qardaşı şəhid Əsgərov Tələt Akif oğlunun vərəsəsi kimi ödənilib”.

Oxşar xəbərlər