Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək
22-11-2023, 12:05
1 262

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 26-da peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçiriləcək.

Mərkəzdən bildirilib ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahan vermək üçün 1616 nəfər müraciət edib.

İmtahan bütün binalarda saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaq.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıda qeyd edilən sənədləri gətirməlidir:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi.

İmtahan 3 saat davam edəcək və namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunacaq.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-saytından əldə edə bilərlər. Həmçinin imtahan iştirakçısının “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 146 nəzarətçi müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Oxşar xəbərlər