Ağdərə ilə bağlı qərar: Tarixi ədalət bərpa edildi
22-11-2023, 12:20
1 292

Ağdərə ilə bağlı qərar: Tarixi ədalət bərpa edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisə Ağdərə rayonunun yenidən yaradılması ilə bağlı qanun layihəsi təqdim edib.
Qeyd edək ki, sovet dövründə Ağdərə rayonu Azərbaycanın SSRİ-nin tərkib hissəsinə "Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi daxil idi. 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Ağdərə rayonu Azərbaycan Respublikasının tərkibindədir. Ağdərə rayonu Birinci Qarabağ müharibəsində ən qızğın döyüş bölgələrindən biri olub.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, rayonun kəndlərinin bir qismi Ağdam rayonunun, bir qismi Kəlbəcər rayonunun, Ağdərə şəhəri və digər kəndləri isə Tərtər rayonunun inzibati tərkibinə verilmişdi.
2023-cü ilin noyabrında Azərbaycan Milli Məclisinə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi daxil olub. Layihəyə əsasən, rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil edilir.
Siyasi təhlükəsizlik, idarəçilik və iqtisadi inkişaf baxımından Ağdərə rayonun yenidən bərpa edilməsinin əhəmiyyəti barədə Cebhe.info-ya danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Xocalı rayonunun icra başçısı olarkən ağdərəlilərin xahişilə bu məsələ ilə məşğul olub:

“1992-ci ilin oktyabrında Azərbaycan SSR Ali Soveti tərəfindən heç bir səbəb olmadan Ağdərə rayonu ləğv edilib. 2000-ci ildə Milli Məclisə deputat seçildikdən sonra bununla bağlı bir neçə dəfə məsələ qaldırmışam. Dəfələrlə bəyan etmişəm ki, Ağdərə rayonunun o vaxtki hakimiyyət tərəfindən ləvğ edilməsi çox böyük səhv idi. Bu rayon ləğv olunmalı deyildi.
Qeyd edim ki, sovetlər dövründə Azərbaycan SSRİ-nin tərkib hissəsi olmuş Ağdərə rayonu iqtisadi cəhətdən çox güclü və ərazisinə görə böyük rayon idi. Həmin dövrdə bu rayonun əhalisi çox idi. Ağdərə rayonunda kifayət qədər azərbaycanlıların məskunlaşdığı rayonlar vardı. Cənab Prezidentin təşəbbüsü ilə bu məsələ ilə bağlı Milli Məclisə qanun layihəsi təqdim olunarsa, bir deputat kimi bu  layihəni dəstəkləyəcəm”.
Bununla bağlı deputat Asim Mollazadə də həmkarı ilə eyni fikirləri bölüşüb:
 
“Hesab edirəm ki, sovetlər dövründə olduğu kimi gələcəkdə də Ağdərə rayonu ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edəcək. Azərbaycan Qarabağ üzərində tamamilə suverenliyini bərpa edib və erməni işğalçıları üzərində tam olaraq qələbə qazanıb. Azərbaycan xalqı qalib bir xalqdır.  
Yaxın gələcəkdə dövlət başçımızın səyləri ilə Ağdərə daxil olmaqla bütün Qabağda yenidənqurma və bərpa işləri öz müsbət nəticəsini göstərəcək. Ağdərə rayonunun iqtisadi potensialını artırmaq üçün çox ciddi tədbirlər görüləcək. Digər rayonlar kimi Ağdərəyə də çox diqqət ayrılacaq”. 
Deputat Elman Nəsirov Ağdərəyə rayon statusunun qaytarılması tarixi ədalət baxımından ədalətli olacağını bildirib:

“Xatırladım ki, həm İkinci Qarabağ müharibəsi, həm də bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan tamamilə öz ərazi bütövlüyünü bərpa edib. Bundan sonra yeni reallıqlara şahidi olacağıq. Artıq Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur. Prezident İlham Əliyevin 2021-ci ilin 7 iyul Sərəncamına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. 
Bu reallığın özü Qarabağ bölgəsində rayon adlarına münasibətdə yeni yanaşma tələb edir. Ordumuzun uğurlu antiteror əməliyyatından sonra dövlət başçımız Xankəndi, Xocalı, Əsgəran və Xocəvənd, eləcə də Ağdərədə üçrəngli bayrağımızı qaldırdı. Bu nöqtəyi-nəzərdən Ağdərəyə yeni yanaşma tələb olunur. Tarixi zəfərimizin bir parçası olaraq Ağdərənin əvvəlki statusu bərpa olunmalıdır”. 
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə Prezident İlham Əliyevin məsələ ilə bağlı fərmanını yüksək qiymətləndirib:

“1992-ci ilin əvvələrində erməni separatizmin şiddətləndiyi bir zamanda o vaxtki hakimiyyət, yəni Xalq Cəbhəsi hakimiyyəti Ağdərə rayonunu ləğv edib. Bundan sonra Ağdərənin kəndləri Ağdam, Tərtər və Kəlbəcər arasında bölünüb.Əlbəttə ki, bu, siyasi xarakter daşıyırdı. Əsas məqsəd ərazidə erməni separatizmin qarşısını almaq idi. Lakin tarixi təcrübə sübut etdi ki, bu yolla problemi həll etmək mümkün deyil.
Möhtərəm Prezidentimiz və Ali Baş Komandamız İlham Əliyev öz rasional və qətiyyətli siyasəti ilə ölkəmizin hərbi, siyasi, iqtisadi və maliyyə gücünü artırıb, vətənpərvər gənclərdən ibarət olan müasir ordu formalaşdırıb, o cümlədən dövlət ilə xalq arasında sarsılmaz birliyə nail olub. Bütün bu xüsuslar Qarabağın erməni işğalından azad edilməsinə gətirib çıxardı. 
Təbii ki, Ağdərənin ayrı bir inzibati ərazi kimi formalaşdırılması son dərəcə önəmlidir. Ağdərə rayonunun iqtisadi inkişafına geniş imkanların açılması mütləq lazımdır.” 

Oxşar xəbərlər