“Qəfil seçki nədir?!” – YAP-çı deputat müxalifətin bəyanatını bəhanə sayır
16-12-2023, 13:55
1 548

“Qəfil seçki nədir?!” – YAP-çı deputat müxalifətin bəyanatını bəhanə sayır

“Hər bir seçki istənilən partiya, həm də müxalifət partiyası üçün növbəti şansdır. Bu, onların öz gücünü, potensialını, elektoratını və sosial bazasını yoxlamaq, test etmək üçün unikal imkanlar yaradır”.
Bu sözləri açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elman Nəsirov deyib.
O, Müsavat Partiyasının 2024-cü ilin 7 fevral tarixində keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərində iştirakdan imtina etməsi barədə fikirlərini bölüşüb.
Xatırladaq ki, Müsavat seçkidə iştirakdan imtinanı Tofiq Yaqublunun həbsindən sonra bəyan edib. 
YAP-çı deputat qeyd edib ki, Müsavat Partiyası bu gün seçki prosesinə qatılmaqdan imtina etməklə özünün zəifliyini, gücsüzlüyünü və sosial bazasının kasadlığını etiraf etmiş oldu:
“Qalanların hamısı bəhanədir. Bir anlıq təsəvvür edək ki, Müsavat Partiyasının böyük bir elektoratı, sosial bazası var və o, necə də böyük səbirsizliklə bu seçkiləri gözləyər, ona  qatılar və qalib gəlmək potensialını ortaya qoya bilərdi, lakin sosial baza yoxdur”.
“Xalq da görür ki, müxalifət partiyası seçkilərdə iştirak etməyəndən, hədəfini və niyyətini ortaya sonra, ümumiyyətlə, onlar nəyə lazımdır? Siyasi partiya kimi özlərini buraxsalar, daha yaxşı olardı. Onlar seçkidə iştirak etmir və qalan bütün müddət ərzində ətalət üzrə fəaliyyət göstərirlərsə, belə partiyanın mövcudluğu kimə lazımdır? Partiya seçkiləri səbirsizliklə gözləməlidir”, – deyə o əlavə edib.
E. Nəsirovun fikrincə, müxalifət sadəcə bəhanə gətirir:
“Qəfil seçki nədir?! Son prezident seçkisi 2018-ci ilin aprel ayında olub və o vaxtdan bəri, az qala, 6 ilə yaxın vaxt keçib. Bunlar dərk etmirlər ki, partiya hər gün seçkiyə hazır olmalıdır, lakin buna qəfil seçki deyirlər. Deməli, siz normal vəziyyətdə olan bir partiya deyilsiniz və ətalətlə gedirsiniz.
Mən onların zəifliyini siyasi partiyaların qeydiyyata alınması prosesində gördüm. Onlar 5 min səsi necə böyük əzab-əziyyətlə topladılar. Burada yeganə səbəb odur ki, onların qarşısında dünya səviyyəli bir siyasi lider, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam, qəti və əbədi təmin etmiş bir Prezident dayanıb. Xalq İlham Əliyevi özünün Milli Qəhrəmanı kimi qəbul edir. Belə bir güclü rəqibin qarşısında onlar öz acizlik və zəifliklərini dərk edib, sadəcə, bu seçkiyə qatılmaqdan imtina edirlər. Çünki biabırçı məğlubiyyətin acısını yaşamaq istəmirlər”.

Oxşar xəbərlər