İranda prezident seçkiləridir - Qutudan kim çıxacaq?
18-06-2021, 20:14
179

İranda prezident seçkiləridir - Qutudan kim çıxacaq?

Bu gün İranda prezident seçkiləridir.

Seçkilərdə 6 namizəd mübarizə aparır. Seçkidən əvvəl çox sayda namizəd qeydə alınsa da, seçki prosesinə nəzarət edən Qəyyumlar Şurası yalnız 7 nəfərin namizədliyini təsdiqləmişdi. İyunun 16-da namizədlərdən Möhsün Mehralızadə namizədliyini geri götürüb.

Hazırda mübarizə aparan namizədlər aşağıdakılardır:

İbrahim Rəisi
Möhsün Rezayi
Səid Cəlili
Əbdülnasir Həmmati
Əmirhüseyn Qazizadə Haşimi
Əlirza Zakani.

Namizədlərdən İbrahim Rəisi, Möhsün Rezayi, Səid Cəlili, Əmirhüseyn Qazizadə Haşimi və Əlirza Zakani İranın siyasi elitasının mühafizəkar qanadını təmsil edir. Əbdülnasir Həmmati isə mərkəzçi hesab edilir.

İranın indiki prezidenti Həsən Ruhani ikinci müddəti başa vurduğuna görə seçki yarışına qatılmayıb.

İran mediası, o cümlədən beynəlxalq nəşrlər İbrahim Rəisini daha şanslı namizəd hesab edir. Onun İranın hakimi-mütləqi, ali dini rəhbər Seyid Əli Xamneyiyə yaxın şəxs olduğu bildirilir. Hətta iddialara görə, Xamneyidən sonra İranın ali dini rəhbəri statusuna məhz İbrahim Rəisi layiq görülə bilər.

Təsadüfi deyil ki, dindar təbəqə bu seçkiləri “Qədir Xum hadisəsi” ilə müqayisə edirlər. Məlumat üçün deyək ki, şiə etiqadına görə Həzrəti Məhəmməd Məkkə və Mədinə arasında yerləşən Cöhfə adlı yaşayış məntəqəsinin yaxınlığında Qədir Xum adlanan ərazidə şiələrin birinci imamı Əli ibn Əbu Talib özünün varisi elan edib.

İndi İranda gəzən söhbətlərə görə, Xamneyi İbrahim Rəisiyə üstünlük verməklə həm də onu varisi elan etmiş olub.

İran İslam inqilabının lideri mərhum Ruhulla Xomeyni də oxşar addım atmışdı. O, 1981 və 1985-ci ildə keçirilən prezident seçkilərində Xamneyini dəstəkləməklə həm də onun növbəti ali dini lider statusunu təmin etmişdi.
İran İslam İnqilabından sonra İranda 12 dəfə prezident seçkiləri keçirilib.

25 yanvar 1980-ci ildə, inqilabdan 1 il sonra  baş tutan prezident seçkilərində Əbülhəsən Bənisədr qalib olub. Lakin onun prezidentliyi cəmi 1 ildən bir qədər artıq çəkib. 24 iyul 1981-ci ildə yenidən prezident seçkiləri keçirilib.

Bu dəfə Məhəmməd Əli Rəcai qalib olub. Lakin 2 ay sonra - 2 oktyabr 1981-ci ildə İran xalqı yeni prezident seçməyə məcbur olub. Bu seçkilərdə Seyid Əli Xamneyi qələbə qazanıb.

16 avqust 1985-ci il tarixdə keçirilən prezident seçkilərində Xamneyi növbətə dəfə qalib olub.

28 iyul 1989-cu il tarixdə keçirilən seçkilərdə isə Haşimi Rəfsəncani prezident seçilib.
Növbət prezident seçkiləri 11 iyun 1993-cü ildə baş tutub. Bu dəfə də qutudan Rəfsəncani çıxıb.

23 may 1997-ci il və 8 iyun 2001-ci il tarixlərində keçirilən seçkilərdə Məhəmməd Hatəmi, 17 iyun 2005-ci il və 12 iyun 2009-cu il tarixlərində keçirilən seçkilərdə Mahmud Əhmədinejat, 14 iyun 2013-cü il və 19 may 2017-ci il tarixlərdə keçirilən seçkilərdə isə Həsən Ruhani prezident seçilib. Beləliklə, İslam inqilabından bu yana İrana 7 nəfər prezidentlik edib. Əbülhəsən Bənisədr və Məhəmməd Əl Rəcaidən başqa digərləri hərəyə iki dəfə prezident olublar.

Oxşar xəbərlər