Xarkovda azərbaycanlı qadın 5 övladı ilə köməksiz qalıb
2-03-2022, 17:37
7 596

Xarkovda azərbaycanlı qadın 5 övladı ilə köməksiz qalıb

Ukraynanın Xarkov şəhərində azərbaycanlı qadın beş uşağı ilə birgə köməksiz vəziyyətdə qalıb.
Bu barədə qadının özü – Quliyeva İlhamə Məmmədbağır qızı məlumat verib.
İ. Quliyeva bildirib ki, Xarkov şəhərində, Moskovskiy rayon, metro Akademika Pavlova, Ulica Didrov 30 ünvanında, yeraltı sığınacaqların birində övladları ilə birlikdə köməksiz halda qalıb. Onunla köməksiz vəziyyətdə qalan qızları Quliyeva Leyla, Quliyeva Sona, Quliyeva Məryəm, Quliyeva Dəniz və oğlu Quliyev Əlidir.
İ. Quliyeva həmçinin bildirib ki, həyat yoldaşı Quliyev Raqib hazırda Bakıdadır və səhhəti ilə əlaqədar xəstəxanalardan birində müalicə alır.
Qadın qeyd edir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin və ölkəmizin Ukraynadakı səfirliyinin daha əvvəl ictimailəşdirdiyi qaynar xətlərlə əlaqə saxlamağa cəhd etsə də, bu, baş tutmayıb.
Məsələ ilə bağlı XİN-lə əlaqə saxladıq. Nazirliyin tələbi əsasında bütün məlumatları quruma təqdim etdik. Ən qısa zamanda ailə ilə əlaqə saxlayacaqlarını və onlara lazım olan köməyin göstəriləcəyi bildirildi.
Qeyd olundu ki, həmyerlilərimizin təhlükəsizliyi üçün bütün tədbirlər görüləcək.

Oxşar xəbərlər