Birləşmiş Ştatlar İmran Xana qarşı
5-04-2022, 12:29
1 627

Birləşmiş Ştatlar İmran Xana qarşı

Baş nazir Pentaqonun hərbi bazalarını ölkəsinə buraxmır
Pərviz SADAYOĞLU
Pakistanın Baş naziri İmran Xan istefa verib. Bu barədə Pakistan hökuməti məlumat yayıb. Məlumata görə, yeni Baş nazir təyin olunanadək o, bu vəzifəni icra edəcək.
1996-cı ildə Təhrik-i İnsaf siyasi partiyasının əsasını qoyan və ilk sədri olan İmran Xan 2002-ci ilin noyabrından 2007-ci ilin oktyabrına kimi Pakistan Milli Məclisində Mianvali seçki dairəsini təmsil edib. 2013-cü ildə Pakistanda parlament seçkiləri zamanı onun partiyası Milli Məclisdə 35 yer qazanıb. “GlobalPost” jurnalı onu 2012-ci ilin doqquz lideri siyahısında üçüncü olaraq göstərib. Qeyri-kommersiya təşkilatı olan “Asia Society”ə görə, Xan 2012-ci ildə Asiyada “İlin Adamı” seçilib.
2018-ci ilin avqustundan Pakistan hökumətinə rəhbərlik edən İmran Xan ölkəsi ilə türkdilli dövlətlər arasında münasibətlərin inkişafına xüsusi önəm verib. Bir neçə gün öncə həyatına təhdid yarandığını deyən Xanın istefa səbəbləri ilə bağlı fərqli versiyalar səsləndirilməkdədir.
Milli Məclisin Azərbaycan - Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov Pakistanda 1947-ci ildən bu yana heç bir baş nazirin 5 illik səlahiyyət müddətini sona kimi icra edə bilmədiyini diqqətə çatdırıb. Bu baxımdan, sonuncu Baş nazir İmran Xan da istisna təşkil etmir: “Pakistanın müxalifət qüvvələri, eləcə də digər aparıcı partiyaları İmran Xan hökumətinə qarşı etimadsızlıq nümayiş etdirdilər. Bu məsələnin mart ayında parlamentdə müzakirəsi gözlənilirdi. Sonradan Pakistan Milli Assambleyası sədrinin müavininin təklifi ilə bu müzakirə keçirilmədi. Baş nazir İmran Xan isə Prezident Arif Əlviyə Milli Assambleyanı buraxmaqla bağlı təklif təqdim etdi. Pakistan Konstitusiyasının müvafiq bəndlərinə əsasən Milli Assambleya və hökumət buraxıldı. Pakistan konstitusiyasının 224-cü maddəsinə əsasən 15 gün ərzində, yəni yeni hökumət təşkil edilənə qədər köhnə baş nazir öz səlahiyyətlərini icra edəcək. 90 gündən sonra isə parlament seçkiləri baş tutacaq”. 
Baş nazir İmran Xana qarşı əsas müxalifət partiyası qismində Bilavar Bhuttho Zərdarinin rəhbərlik etdiyi Pakistan Xalq Partiyası çıxış edir. E.Nəsirovun fikrincə, ölkənin bir sıra aparıcı partiyaları da müxaliflərə qoşulub. İmran Xan isə xalqdan dəstək gözləyir. “Baş nazir xalqa müraciət edib. Bildirib ki, insanlar küçələrdə hakim partiyaya öz dəstəklərini nümayiş etdirsinlər. İmran Xan ölkədə baş verən siyasi böhrana da açıqlama gətirib və bunun səbəbi kimi ABŞ-ı göstərib. Baş nazirin fikrincə, ABŞ hazırki, hökumətin bəzi addımlarından narazıdır. Məsələn, hazırki hakimiyyət Pentaqonun Pakistanda hərbi bazalar yaratmasına imkan vermir. Bu isə rəsmi Vaşinqtonun etirazına səbəb olur. Maliyyələşdirilən digər partiyalar isə İmran Xan hökumətinə qarşı çıxır. ABŞ isə bu ittihamlara cavab verib və səslənən fikirləri əsassız adlandırıb. İmran Xanın Türkiyə və Türk dünyası ilə isti münasibətlərinin ABŞ-ı narazı salma ehtimallarını da irəli sürənlər tapılır. Hər bir halda 90 gün sonra Pakistanda yeni seçkilər olacaq və İmran Xanın da bu seçki marafonuna qoşulacağı istisna olunmur”, - deyə E.Nəsirov əlavə edib.

Oxşar xəbərlər