Kadırovun bahalı həyat tərzi, gizli arvadları...
6-05-2022, 17:17
7 136

Kadırovun bahalı həyat tərzi, gizli arvadları...

“Ramzan Kadırov utanmadan Rusiya Federasiyasının ən kasıb və dotasiyalı regionunu çapıb talayır. Rusiya Federasiyasında bəzi insanlar pulsuzluqdan əziyyət çəkərkən, onun ailəsi dəbdəbəli kurortlarda dincəlir”.
Modern.az-ın məlumatına görə, bu barədə jurnalist Tatyana Malaxovanın "Ukrayna 24" "YouTube" kanalı üçün hazırladığı reportajda bildirilib.
Reportajda qeyd edilir ki, Çeçenistan rəhbərinin qoşunları Ukraynanın mülki əhalisini atəşə tutur və bundan videoçarx çəkir, Kadırovun özü isə Rusiya prezidenti Vladimir Putini Ukraynanın adını bilmədiyi şəhərlərini ələ keçirməyə çağırır.

“Kadırovu “Çeçenistanın ağası” adlandırırlar. Onun sərvətinin sayı-hesabı bilinmir. İndi onun ailəsi Dubayda dincəlir”, - reportajda vurğulanıb.
Bildirilir ki, Kadırovlar ailəsi ötən həftə Dubaydakı villasına 80 milyon dollarlıq təyyarə ilə gəlib. Jurnalistlər Kadırovun Dubayın məşhur Jumeirah bölgəsindəki villasının fotosunu əldə ediblər. İddiaya görə, həmin ərazidə mənzili indi 7 milyon dollara almaq olar.
“Amma bu məbləğ Rusiya Federasiyasının ən dotasiyalı regionu olan Çeçenistan rəhbəri üçün qəpik-quruşdur”.
Məlumata görə, Ramzan Kadırov sağa-sola bahalı avtomobillər bağışlayır və həmin maşınların heç bir qeydiyyatdan keçməyib. Onun Dubayda 32 min kvadratmetrdən çox olan iki torpaq sahəsi və 2344 kvadratmetrlik evinin olduğu da bildirilib.
Qeyd edilir ki, Ramzan Kadırovun birinci həyat yoldaşı olan 12 uşaq anası 209 metrlik mənzilə sahibdir. Kadırovun birinci arvadı açıq şəkildə onun başqa qadınla evlənməsinə razılıq verib.
Kadırov ikinci həyat yoldaşı Fatimə Xazuyevanı 2006-cı ildə Çeçenistanda keçirilən yeganə gözəllik yarışmasında görüb. Onunla bağlı hər şey gizli saxlanılır.
Xazuyevanın iki futbol meydançası böyüklüyündə sahəsi olan bir sarayının olduğu vurğulanır. Fatimə Xazuyevanın Qroznıdakı sarayı birbaşa Kadırovun özünün sarayı ilə üzbəüz yerləşir. Bundan əlavə, 30 yaşlı Xazuyevanın Moskvada dəyəri yarım milyard rubl, yəni 7 milyon dollardan çox olan ən azı üç mənzili var.
Yeri gəlmişkən, Kadırovun birinci həyat yoldaşı Medninin də Moskvada bir neçə mənzili var.
Ramzan Kadırovun üçüncü arvadı da var - yerli müğənni Aminat Əhmədova, onun da Çeçenistan rəhbəri ilə ortaq saray və uşaqları var.

Reportajda bildirilib ki, təkcə ötən il Rusiya hökuməti tərəfindən Çeçenistana 52 milyard rubl ayrılıb. Yerli müxalifət bloqçuları əmindirlər ki, bu vəsaitin bir hissəsi Kadırovun öz cibinə gedir. Bundan əlavə, Kadırovun atasının adına fondu var və repressiyalardan qorxaraq yerli iş adamları ora ianə verirlər.
"Kreml tikinti üçün vəsait ayırır, Kadırov bu pulları oğurlayır. Pulun bir hissəsi tikintiyə gedir, qalan hissəsini Kadırov xeyriyyəçilik məqsədi ilə atasının adına olan fonda keçirir", - deyə çeçen müxalifətçi və bloger Timso Abduraxmanov bildirib.
Qeyd olunur ki, prezident Putin də hər şeyi bilir və Kadırova başqalarından daha çox güzəştə gedir.
“Ramzan Kadırov hər yerdə istənilən əmri yerinə yetirməyə hazır olduğunu dəfələrlə bəyan edib. Putinə məhz belə qəddar və prinsipsiz kuklalar lazımdır”.

Analitiklər deyirlər ki, Putinin şəxsi gücü zəifləyən kimi Çeçenistan rəhbəri Ramzan Kadırovu öz xalqı sıradan çıxaracaq.

Qeyd olunur ki, Kreml rejiminin süqutundan sonra Kadırovun heç bir perspektivi yoxdur.

Oxşar xəbərlər