Rusiya Finlandiyanı hədələyib
12-05-2022, 21:24
6 485

Rusiya Finlandiyanı hədələyib

"Finlandiyanın NATO-ya daxil olmasının lehinə çıxış edən ölkə Prezidenti Sauli Niinistö və Baş nazir Sanan Marinin bəyanatı Finlandiyanın xarici siyasətində köklü dəyişiklikdir".
Bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin Finlandiyanın NATO-ya mümkün üzvlüyünə dair bəyanatında əksini tapıb.
"Onilliklər ərzində hərbi bloklara qoşulmama siyasəti Şimali Avropa regionunda sabitliyin əsasını təşkil edib, Finlandiya dövləti üçün etibarlı təhlükəsizlik səviyyəsini təmin edib və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin qurulması üçün möhkəm əsas olub.
Nə Rusiyanın Finlandiyaya qarşı heç bir düşmənçilik niyyətinin olmadığına dair verdiyi zəmanətlər, nə də ölkələrimiz arasında mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın uzunmüddətli tarixi rəsmi Helsinkini hərbi bloklara qoşulmama siyasətini davam etdirməyin üstünlüklərinə inandırdı.
Üzv ölkələri Finlandiya tərəfini Alyansa üzvlükdən başqa alternativin olmadığına qəti şəkildə inandıran NATO-nun məqsədi bəllidir - Rusiya sərhədlərinə doğru genişlənməyə davam etmək, ölkəmizə hərbi təhlükə üçün daha bir cinah yaratmaq. Finlandiyanın müstəqil qərarvermə sərbəstliyindən məhrum olaraq öz ərazisini Rusiya Federasiyası ilə hərbi qarşıdurma sərhədinə niyə çevirməsini tarix mühakimə edəcək.
Rusiya tərəfi dəfələrlə qeyd edib ki, öz milli təhlükəsizliyini təmin etmək yollarının seçimi Finlandiya hakimiyyətinin və xalqının ixtiyarındadır. Bununla belə, rəsmi Helsinki belə bir addımın məsuliyyətini və nəticələrini dərk etməlidir. Finlandiyanın NATO-ya daxil olması ikitərəfli Rusiya-Finlandiya münasibətlərinə, Şimali Avropa bölgəsində sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya bununla bağlı milli təhlükəsizliyinə yaranan təhdidləri dayandırmaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab addımları atmağa məcbur olacaq.
NATO-ya qoşulmaq həm də Finlandiyanın beynəlxalq hüquqi öhdəliklərinin, ilk növbədə, tərəflərin alyanslara girməmək və onlardan birinə qarşı yönəlmiş koalisiyalarda iştirak etməmək öhdəliyini nəzərdə tutan 1947-ci il Paris Sülh Müqaviləsinin birbaşa pozulması, həmçinin tərəflərin digər tərəfin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc təhdidindən və ya güc tətbiqindən çəkinəcəklərini, öz ərazilərindən qarşı tərəfə təcavüz üçün istifadə etməyəcəklərini və ya istifadəsinə icazə verməyəcəyini müəyyən edən 1992-ci il Rusiya və Finlandiya arasında münasibətlərin əsasları haqqında müqavilənin pozulması olacaq. Lakin hazırda kollektiv Qərbin beynəlxalq hüquqa biganə münasibətini nəzərə alaraq bu cür davranış normaya çevrilib.
Vəziyyətə uyğun reaksiya verəcəyik”, - bəyanatda vurğulanıb.

Oxşar xəbərlər