Finlandiya Prezidenti: "NATO-ya üzvlük heç kimə qarşı yönəlməyib"
12-05-2022, 22:44
6 409

Finlandiya Prezidenti: "NATO-ya üzvlük heç kimə qarşı yönəlməyib"

"Finlandiyanın NATO-ya üzvlüyü heç kimə qarşı yönəlməyib”.

Bunu Finlandiyanın Prezidenti Sauli Niinistö hökumətin saytında dərc olunan "NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirir" başlıqlı məqaləsində bildirib.
Prezident ölkəsinin təhlükəsizlik təminatının hakimiyyətin ən vacib hədəfi olduğunu, bu istiqamətdə vaxtında və müvafiq addımlar atıldığını deyib. O, NATO-ya üzvlüklə bağlı hökumətin rəsmi təsdiqinin vaxtında və məntiqli şəkildə düşünülərək verilən qərar olduğunu deyib.

"NATO-ya üzvlüklə Finlandiya öz təhlükəsizliyini maksimum dərəcədə gücləndirir. Bu, heç kimə qarşı deyil. Alyansın üzvü kimi Finlandiya təbii olaraq bütün cəmiyyətin təhlükəsizliyinə töhfə verəcək”, - Finlandiya Prezidenti bəyan edib.

O diqqətə çatdırıb ki, Rusiya Finlandiyanın sərhəd qonşusudur və belə olaraq da qalacaq.

Prezident məqaləsində onu da deyib ki, ölkəsi Rusiya ilə praktiki məsələləri həll etməyə, müzakirə etməyə davam etməlidir, necə ki, NATO üzvü olan Norveç bunu edir: "Bizim konstruktiv xəttimiz hər zaman təqdir olunur”.

Finlandiya Prezidenti əlavə edib ki, NATO-ya üzvlüklə Skandinaviya regionunda əlaqələr daha da yaxınlaşır: "Rifah, demokratiya və insan haqları ilə yanaşı, Skandinaviya modeli "təhlükəsizlik" məfhumu ilə daha da tanınacaq”.

Finlandiya Prezidenti bunun tarixi bir qərar olduğunu, lakin Finlandiyanın NATO-ya üzvlüyü ilə ölkə siyasətində dəyişikliyin olmayacağın vurğulayıb. "Finlandiyanın təhlükəsizliyi xarici və təhlükəsizlik siyasətimizin ən mühüm məqsədi olaraq qalacaq”.

Oxşar xəbərlər