Putin ciddi qərar ərəfəsində: Kreml rəhbəri nə deyəcək?
17-05-2022, 11:01
1 142

Putin ciddi qərar ərəfəsində: Kreml rəhbəri nə deyəcək?

Finlandiya NATO-ya üzv olmaq qərarına gəlib.
Bu barədə Finlandiya hökumətinin 15 may 2022-ci tarixli bəyanatında deyilir. Həmçinin, Finlandiya Prezidenti Sauli Niiniste də keçirdiyi brifinqdə ölkənin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etdiyini açıqlayıb: "Bu gün Prezident və Xarici və Təhlükəsizlik Siyasəti Komitəsi Finlandiyanın NATO-ya üzvlük üçün müraciət edəcəyi barədə qərar qəbul edib". Qeyd edək ki, rəsmi Moskva bu proseslərin əvvəlindən bu yana Finlandiya və İsveçin NATO-ya üzv olmasını özünün təhlükəsizliyi üçün təhdid hesab etdiyini bildirir. Hətta 12 may tarixində Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski alyansı hədələmişdi: “İsveç və Finlandiyanın NATO-ya daxil olması və sonradan alyans bölmələrinin orada yerləşdirilməsi bu əraziləri Rusiya ordusu üçün mümkün hədəflərə çevirəcək”. Lakin bu təhdidlərə baxmayaraq, Finlandiya geri addım atmadı və NATO-ya üzvlüklə bağlı müraciət etdi. İndi isə Vladimir Putinin hansı addımları ata biləcəyi müzakirə mövzusuna çevrilib.
Ümumiyyətlə, Finlandiyanın bəyanatından sonra Putinin qərarı nə ola bilər?
Bununla bağlı “Cümhuriyət”ə açıqlama verən politoloq Natiq Miri deyib ki, Rusiya rəhbərliyinin atacağı addımlar iqtisadi cəhətdən müəyyən məhdudiyyətlərdən ibarət ola bilər:

“Artıq Rusiyadan Finlandiyaya verilən elektrik enerjisi də dayandırılıb. Bu yöndə başqa məhdudiyyətlər də tətbiq oluna bilər, amma bunlar Finlandiya üçün o qədər də çəkindirici məqam deyil. Rusiyanın sərt bəyanatların isə arxasında hansısa hərbi müdaxilənin olacağını iddia etmək mümkün deyil. Çünki Rusiya bunun üçün Ukrayna bataqlığından bütün ordusunu çəkmək məcburiyyətindədir. Yəni Kreml Finlandiya və İsveçə qarşı xüsusi hərbi əməliyyatlar keçirmək üçün bu addımı atmalıdır. Lakin bu, mümkün deyil. Nəzərə almaq lazımdır ki, Rusiya bu gün Ukraynada çox ciddi bir məğlubiyyətlə üz-üzədir. Hətta Xarkovdakı Ukrayna qüvvələri artıq Rusiya sərhədinə çatıblar. Düşünürəm ki, bu vəziyyət digər bölgələrdə də baş verə bilər. Yəni bu məğlubiyyət fonunda Rusiyanın ordusunu Ukraynadan çəkərək Skandinaviya ölkələrinə qarşı yönəltməsi gülünc olar”.
Politoloq hesab edir ki, rusiyalı rəsmilərin açıqlamaları sadəcə sözdən ibarətdir:
“Rusiya dövlət rəsmiləri Ukraynadakı müharibə başlayandan bəri çox sərt açıqlamalar verir. Ancaq bu sərt açıqlamaların arxasında heç bir əməli fəaliyyət dayanmır. Bunun üçün potensial güc olmalıdır. Bu gün Rusiyanın iddiaları ilə imkanları arasında böyük bir ziddiyyət var. Olmayan imkanlar fonunda böyük iddialarla çıxış etmək absurddur. Üstəlik, ABŞ və NATO Rusiyanın bu bəyanatlarına ümumiyyətlə fikir vermir”.

Oxşar xəbərlər