Amerikalı milyarderin oğlu Ukraynaya 2,7 milyon dollar bağışladı
14-06-2022, 12:10
1 372

Amerikalı milyarderin oğlu Ukraynaya 2,7 milyon dollar bağışladı

Amerikalı iş adamı və milyarder Uorren Baffetin oğlu - Hovard Baffetin xeyriyyə fondu Ukraynaya 2,7 milyon dollar bağışlayıb.
Bu barədə “Amerikanın Səsi” məlumat yayıb.
Belə  ki, şirkət Ukraynanın müdafiə ehtiyacları üçün ölkəyə 50 sərnişin tutumlu 9 avtobus göndərəcək. Həmçinin, bu vəsait Ukrayna Silahlı Qüvvələri üçün ən yeni 375 travma dəstinin alınmasına sərf olunacaq.
“Həyatımda belə bir şey görməmişəm. Milyonlarla qaçqın ölkəni tərk etməyə çalışır və bu, bu ölkə üçün son dərəcə ağır vəziyyətdir. Düşünürəm ki, biz bu mübarizədə Ukraynanı dəstəkləməliyik. Bu, onlar üçün çox çətin mübarizədir”, - Baffet deyib. 
Hovard Baffet milyarder Uorren Baffetin oğludur. "Hovard Howard G. Buffett" Fonduna rəhbərlik edir və "Berkshire Hathaway" Beynəlxalq Konqlomeratının direktorudur.
Qeyd olunur ki, "Howard G. Buffett" Fondunun fəaliyyəti hərbi münaqişə, ərzaq təhlükəsizliyi və insan alverinə qarşı mübarizəyə yönəlib.
Hovard Baffet ötən həftə Ukraynaya səfər edib. İyunun 8-də o, Ukrayna prezidenti ilə görüşüb.
Vladimir Zelenski Baffeti Ukraynaya sərmayə qoymağa çağırıb. Xüsusilə, onu Odessa vilayətində suvarma sistemlərinin bərpası, ölkədə minaların təmizlənməsi və məktəblərin qidalanmasının islahatı layihəsinə qoşulmağa dəvət edib.

Oxşar xəbərlər