Varlılar Rusiyanı tərk edirlər
14-06-2022, 14:06
1 220

Varlılar Rusiyanı tərk edirlər

Müxtəlif ölkələrdə aparılan yeni immiqrasiya araşdırmasına görə, bu il 15 mindən çox rus milyonerinin Rusiyanı tərk edəcəyi gözlənilir. 
Britaniyanın "The Guardian" qəzeti, zənginlərin xaricdə vətəndaşlıq alması üçün vasitəçilik edən Londonda yerləşən "Henley & Partners" şirkətinin araşdırmasına görə, 1 milyon dollardan çox pulu olan rusların təxminən 15 faizinin immiqrasiya edəcəyi proqnozlaşdırıldığını yazıb.
Məlumatları təhlil edən tədqiqatçı Endryu Amoils "Son 10 ildə Rusiyanı tərk edən zənginlərin sayı durmadan artır. Bu, ölkənin üzləşdiyi problemlərin xəbərçisidir. Tarixən zəngin insanların immiqrasiyası böyük ölkələr dağılmazdan əvvəl sürətlənir", - deyə açıqlamasında bildirib. 
"Henley & Partners" araşdırmasına görə, dünyanın ən varlı insanları daha çox ABŞ və Avropada yaşamağa üstünlük verirlər, lakin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) zənginlərin miqrasiya etdiyi ölkələr arasında tezliklə birinci yeri tutacağı gözlənilir. Böyük Britaniya və ABŞ-ın zənginlər üçün əvvəlki cazibəsini itirdiyi bildirilən araşdırmada Avstraliya, Sinqapur və İsrailin də zənginlər üçün getdikcə daha cəlbedici olduğu qeyd edilib.
Bundan əlavə, son vaxtlar zənginlərin mühacirət etdiyi yerlərin reytinqində Malta, Mavrikiy və Monako sürətlə yüksəlir.

Oxşar xəbərlər