Ermənilər bizdən Azərbaycan vətəndaşlığı istəyir -"Yol xəritəmiz" varmı...
9-08-2022, 13:45
7 726

Ermənilər bizdən Azərbaycan vətəndaşlığı istəyir -"Yol xəritəmiz" varmı...

Deputat Elman Nəsirov: “Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələri kimi ermənilərin də vətəndaşlığı qəbul edib, ölkəmizdə yaşamaq imkanları tanınır”

Sülhməramlı təşəbbüsləri ilə tanınan erməni fəal, bloger, İstanbulda ailəsi ilə müvəqqəti yaşayan İşxan Verdyan ona Azərbaycan Respublikası vətəndaşlığının verilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət edib. Bununla yanaşı, o, Xankəndində yaşamaq niyyətində olduğunu vurğulayıb. Müraciət onun Qarabağı həmişə Azərbaycan torpağı hesab etməsi və bunu beynəlxalq hüquqla əsaslandırması ilə başlayır.
“Bu nöqteyi-nəzərimi ermənilərdən heç kim bir dəfə də təkzib etməyib, mənimlə bu mövzuda debata heç kim çıxmayıb, heç kim mənim səhvimi qanuni, hüquqi cəhətdən əsaslandıra bilməyib. Mən, sadəcə, düşünürdüm ki, bir halda ki, Ermənistan sivilizasiya kursunu götürüb, o, artıq beynəlxalq hüquqa - daxil olmağa hazırlaşdığı birliyin hüququna hörmət etməyə başlamalıdır... Mən həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalıb  yaşayan ermənilər Azərbaycan vətəndaşlığını almalıdırlar. Onlara göstərmək istəyirəm ki, orada ermənilər kimi tamamilə təhlükəsiz yaşamaq olar. Hətta yaşamaq gözəldir”, - Verdyan qeyd edib.
“Hörmətli, cənab Prezident! Mənə Azərbaycan vətəndaşlığı vermənizi, Xankəndində yaşamağa və işləməyə icazə vermənizi xahiş edirəm”, - Verdyan bildirib. 
“Turan”ın əməkdaşı ilə söhbətində o, niyə müraciəti bu yaxınlarda Qarabağda baş vermiş döyüşlərdən dərhal sonra etməsi və bunun Ermənistan və Qarabağdan ona yeni hücum dalğasına səbəb olub-olmayacağı barədə suala cavab verib. “Bu, təsadüf deyil, müraciət Qarabağda baş verən hadisələrin nəticəsidir. Bəli, bu, ermənilər tərəfindən mənim ünvanıma kəskin nifrət hissi oyatdı, bilirdim ki, belə olacaq. Mənim addımım gələcəyə yönəlib və məhz gələcəkdə düzgün qiymətləndiriləcək, buna şübhə etmirəm. Hələlik isə mənə qarşı nifrət bir qədər də artacaq, amma bundan qorxmuram, mən nifrət içində yaşamağa alışmışam”, - Verdyan deyib.
Az sonra başqa bir erməni - Ermənistan vətəndaşı Vaqe Qambaryan da eyni xahişlə Azərbaycan Prezidentinə videomüraciət ünvanlayıb. O, Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycan vətəndaşlığı almaq istədiyini, Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunu ifadə edib. Qambaryan həmçinin Xankəndində yaşamaq niyyətini də dilə gətirib. Qambaryan Azərbaycan xalqını sevdiyini və hörmət etdiyini bildirib.
Rəsmi Bakının bu müraciətlərə cavabı nə olacaq? Prosedur necədir, Azərbaycan vətəndaşlığı (pasport) alan ermənilər mütləq Bakıyamı gəlməlidir, yoxsa... Nə qədər müddətə vətəndaşlıq verilir qanunla? Belə halların, xüsusən də Qarabağdakı erməni kökənli Azərbaycan vətəndaşlarının analoji müraciətləri stimullaşdırmaq üçün Azərbaycan dövlətinin konsepsiyası, konkret “yol xəritəsi” varmı, olmalıdırmı?
undefined
Elman Nəsirov
Deputat Elman Nəsirov “Yeni Müsavat”a deyib ki, Ermənistanın siyasi rəhbərliyi hoqqabazlıqla məşğuldur: “Bir yandan fon yaradırlar ki, guya postmüharibə dövrünün həllini gözləyən məsələləri ilə bağlı konstruktiv mövqeyə malikdirlər. Digər tərəfdən də hərbi təxribatlar, insidentlər törətməklə sülh prosesinə zərbə vururlar. Ermənistan siyasi hakimiyyəti çalışır ki, daxili auditoriyanı sakitləşdirsin, revanşistlərin imkanlarının genişlənməsinə şərait yaratmasın. Bu məsələlərdə istənilən güzəştli mövqe hakimiyyətin onsuzda güclü olmayan mövqelərini laxladır. Buna görə də hələ ki manipuylasiya ilə məşğuldurlar”.
Deputat deyir ki, orta statistik erməni müharibədən bezib və alternativ yollar axtarır: “Paşinyanın parlament seçkilərində qalib gəlməsi heç də onun nüfuzu ilə bağlı deyildi. Sadəcə, erməni xalqı müharibədən yorulub, xalq daha müharibə istəmir, onlar sülhə səs vermişdilər. Bu, Paşinyan üçün yaxşı bir avans idi. Ermənilər çox gözəl bilirlər ki, yeganə yaxşı yaşayış Azərbaycanla dialoqa getmək, Azərbaycanla yaratdıqları problemləri dinc yolla həll etməkdən keçir. Ermənistan siyasi rəhbərliyi süni şəkildə vaxtı uzatdıqca başqa bir prosesə təkan vermiş olub. Ayrı-ayrı Ermənistan vətəndaşları fərdi şəkildə sülh müqaviləsinə imza atmaq istəyirlər. Azərbaycan Prezidentinə müraciət etməklə Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirirlər. Bu hallar getdikcə kütləviləşə bilər və artıq Ermənistan siyasi hakimiyyətindən kənarda erməni xalqının müstəqil qərarlar qəbul etməsinə şahidlik edə bilərik.  Ermənistan hakimiyyətinə diqtə edə bilərlər ki, siz Azərbaycanla sülh müqaviləsi bağlamasaz, müharibə etsəniz, biz özümüzün, uşaqlarımızın gələcəyi naminə bunu fərdi şəkildə edə bilərik”.
Deputat deyir ki, Ermənistan hakimiyyəti sülh sazişinin bağlanmasını uzatdıqca, bunun qarşılığında təbii bir proses başlayıb: “Ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmək üçün fərdi qaydada müraciətləri kütləviləşə bilər. Bu, Ermənistan hakimiyyəti üçün çox ciddi siqnaldır”.
Elman Nəsirov bildirib ki, Azərbaycan Konstitusiyasını, Azərbaycan qanunlarını qəbul edən istənilən şəxsin müraciətinə baxılır və müvafiq qərarlar verilir: “Azərbaycanın ərazi bütövlüyünü qəbul edən Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olmaq şansları böyükdür. Bununla bağlı Azərbaycanın çox aydın mövqeyi var. Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələri kimi ermənilərin də vətəndaşlığı qəbul edib, ölkəmizdə yaşamaq imkanları tanınır. Qarabağda olan erməni əsilli şəxslər Azərbaycan vətəndaşlarıdır. Ancaq söhbət o kəsimdən gedir ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlər. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər isə ölkə ərazisində qala bilməzlər və hara istəsələr çıxıb gedə bilərlər. Azərbaycanda qalıb yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməli, vətəndaşlığı götürməlidirlər. Ermənistanın özündə də yaşamaq istəyənlər üçün şərtlər fərqli deyil. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir və ermənilər də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri kimi Azərbaycan vətəndaşlığını qəbul edib yaşaya bilərlər”.

Oxşar xəbərlər