Ermənistanla bağlı qalmaqal böyüyür: Sanksiyalar olacaq?
2-11-2020, 13:14
293

Ermənistanla bağlı qalmaqal böyüyür: Sanksiyalar olacaq?

Ermənistanın bir çox ölkələr tərəfindən qadağan olunmuş silahlardan istifadə etməsi bu ölkəni beynəlxalq təcridlə üz-üzə qoya bilər. 
Bu barədə Rusiyanın nüfuzlu News.ru saytı yazıb. Sayt qeyd edir ki, beynəlxalq qurumlar, xüsusilə Qarabağ müharibəsini diqqətlə izləyən Amnesty İnternational təşkilatı ilk dəfə olaraq Ermənistanın kassetli bombalardan istifadə etdiyini təsdiqləyib. Təşkilat Bərdə şəhərinin atəşə tutulması zamanı erməni hərbçilərinin qadağan olunmuş silahlardan istifadə etdiyini qeydə alıb.
Hüquq müdafiəçiləri, Amerikanın “Vice News” nəşrinin əməkdaşlarının çəkdikləri fotoları incələyərək Bərdəyə “Smerç” yaylım atəşli reaktiv sistemin 300 mm kalibrli bir neçə mərmisinin düşdüyünü qeydə alıblar. Araşdırmalar zamanı 9N235 qəlpəli döyüş sursatının fraqmentləri də tapılıb. Amnesty İnternational təşkilatı bu silahların Ermənistan tərəfindən istifadə olunduğunu bəyan edib.
Təşkilatın Şərqi Avropa və Orta Asiya üzrə direktoru Marie Struthers bildirib ki, mülki əhaliyə qarşı kassetli bombalardan istifadə etdilməsi amansızlıqdır. Struters əlavə edib ki, beynəlxalq hüquqda bu cür silahlardan istifadə edilməsi istinilən halda qadağandır.
Amnesty İnternational təşkilatının bəyanatından sonra Ermənistan “güzgü ittihamı” ilə beynəlxalq məsuliyyətdən yayınmağa çalışıb. İrəvan bəyan edib ki, guya Azərbaycan qadağan olunmuş ağ fosforlu silahlardan istifadə edir. Lakin Ermənistan bununla bağlı ortaya hər hansı fakt qoya bilməyib. Azərbaycan Müdafiə Nazirliyi bu ittihamlara dərhal cavab verərək Azərbaycan Ordusunun hərbi arsenalında qadağan edilmiş silahların olmadığını bəyan edib.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ADR telekanalına müsahibəsində əminliklə beynəlxalq təşkilatları ölkəyə dəvət edərək Bakının qadağan olunmuş silahlardan istifadə edib-etmədiyini araşdırmağa çağırıb.
2010-cu ildə qüvvəyə minən Klassik Silahlar üzrə Oslo Konvensiyasını bütün ölkələrin imzalamamasına baxmayaraq, ATƏT bu silahlardan istifadəni müharibə qanunlarının pozulması kimi qiymətləndirir.
Sayt yazır ki, Ermənistanın ilk növbədə mülki vətəndaşlar üçün təhlükəli olan qadağan olunmuş silahlardan istifadə etməsi Qarabağ müharibəsini anti-humanist məcraya yönəltmək istəyi ilə yanaşı resurs çatışmazlığından xəbər verir.
Silahları yalnız kredit xətləri vasitəsi ilə alan Ermənistanın arsenalında müasir silah yoxdur. Bu səbəbdən də, qadağan olunmuş silahlardan istifadə etməklə mülki əhalini hədəfə almaq məğlubiyyətdən isterik həddə çatan Ermənistan üçün çıxış yolu kimi görünür.
Bu addım həm də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində İranla sərhədi nəzarətə götürməsi və Dağlıq Qarabağın ikinci ən böyük şəhəri olan Şuşaya yaxınlaşması ilə izah edilə bilər.
Bundan əlavə, Azərbaycan şəhərlərinin mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadə edən İrəvana beynəlxalq dəstək verilməsi şübhə doğurur. Əksinə, Ermənistan bu anti-humanist addımları davam etdirəcəyi təqdirdə beynəlxalq təcridlə üzləşə bilər.

Oxşar xəbərlər