Bundan başqa, süjetdə Vaşinqton sənədinə müvafiq olaraq Bakı və İrəvanın Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını müzakirə edə biləcəkləri qeyd olunub. “Həmin sənəddə Azərbaycanın suverenliyinin xatırladılması əsas qərarların Bakı tərəfindən qəbul olunacağına dəlalət edir. Baxın, bu da Vaşinqtonun əli...”, - deyə kadrarxası mətndə süjetin müəllifinin təxribatçı fikirləri qeyd olunub.
“Rossiya 24” kanalı Ermənistan əhalisini qorxutmağı da unutmayıb. Həmin süjetdə “Sülh sazişi imzalanacağı təqdirdə Ermənistan əhalisi Azərbaycan və Türkiyə ilə üzbəüz qalacaq. Bunun harası sülh müqaviləsi oldu?” - deyə müəllif erməniləri qorxutmağa çalışıb.
Bundan başqa, süjetdə Zəngəzur dəhlizinə də toxunulub. Bildirilib ki, dəhliz açılandan sonra Ermənistanın Qərb yönümlü hakimiyyəti Brüssel və Vaşinqtonun dəstəyi ilə Gümridəki Rusiya hərbi bazasının məqsədəuyğunluğu məsələsini və Ermənistanın KTMT-dən çıxması məsələsini qaldıra bilər.
Süjetin sonunda müəllif Vaşinqton tərəfindən təklif olunan sənəddə Ermənistan üçün güzəştin qeyd olunmadığını vurğulayıb və “Bu sənəd erməni xalqına, yoxsa Paşinyan hökumətinə lazımdır?” sualı ilə müraciət edib.


