“Şuşaya xəyanətdə" günahlandırılan Tsarukyan saxlanıldı
11-11-2020, 13:41
245

“Şuşaya xəyanətdə" günahlandırılan Tsarukyan saxlanıldı

Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, keçmiş oliqarx Qaqik Tsarukyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda onun partiyasının mətbuat katibi İvetta Tonoyan məlumat verib. Bildirilir ki, Tsarukyanın saxlanılması müxalifət partiyalarının bu günə-noyabrın 11-nə təyin edilmiş mitinqi ilə bağlıdır. Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli sazişə etiraz olaraq təşkil edilən mitinq az əvvəl başlayıb.
“Natamamlıq kompleksindən, qorxudan uzaqlaşmaq əvəzinə hakimiyyət növbəti dəfə Tsarukyanı saxlayır. Onlar dərk etməyiblər ki, üç milyon adamın hamısını həbs etmək və ya saxlamaq mümkün deyil. Bütün hamı başa düşür ki, hakimiyyət bu sənədin imzalanmasından sonra məsuliyyəti başqalarının üstünə atmağa çalışır”,-Tonoyan bildirib.
Bundan əvvəl baş nazir Nikol Paşinyan Qaqik Tsarukyanı “Şuşada xəyanət etməkdə” günahlandırmışdı. Onun sözlərinə görə, Tsarukyan Şuşanın müdafiəsi üçün dəstə göndərməyə söz versə də, bunu eləmədi.
Qaqik Tsarukyan müharibədən əvvəl həbs edilmişdi və hərbi əməliyyatlar ermənilərin məğlubiyyətlər seriyası ilə davam edəndə onu azadlığa buraxmışdılar. Tsarukyan könüllülər dəstəsi toplayaraq Qarabağa gəlmişdi.

Oxşar xəbərlər