Türk seriallarının “metres” dərdi
2-02-2023, 16:53
6 167

Türk seriallarının “metres” dərdi

Hər zaman maraqla izlədiyimiz türk serialları artıq bizim bəzi televiziya proqramlarına bənzəməyə başlayır. Bir mövzu tapanda hər biri ayrı-ayrılıqda onu “çürüdənə” qədər əl çəkmirlər. Son illərdə isə demək olar hansı türk kanalını açsan, eyni söhbət gedir - “metres” (məşuqə - red.). Bu məsələdə nə tapıblarsa, hələ də axırına çıxa bilmirlər. Bəlkə də düşünürlər ki, insanlara xoş gəlir. Əslində isə əsəbdən, qıcıqdan başqa bir “faydası” olmur.
Bilmirəm, bu tendensiyanı kim yaratdı. Bəlkə Gülseren Budayıcıoğlu? Ola bilər. Axı onun pasientləri heç vaxt görməyəcəyimiz qədər travmalı olub. O da sağ olsun, insanların əsəb sistemi çox yerindəymiş kimi, bu hekayələri sataraq pul qazanıb. Yaxşı ki, bizim Gülseren Budayıcıoğlumuz yoxdur. Gör, axırımız necə olardı...
OLAY “metres”i  əsas qəhrəmana çevirən türk seriallarından yazır.

Xronologiyaya görə, hər nə qədər ən sonuncu olsa da, birinci ondan danışaq. Bəli, “Yalı çapkını”. Adamın bacısını istəməyə gedib qızı almağı bəs deyilmiş kimi, bir də toy gecəsi sevgilisini xanımı ilə tanış elədi. Bunu qəbullanmasını istədi. Necə də “normal”dır... Elə bil bazardan bir şey almağa gedib, başqa şey alıb çıxıb. Hələ bu da azdır, get-gedə xanımına aşiq olub, sevgilisini də unutmaq istəmir. Gülseren xanımın türk millətinə təqdim etdiyi Ferit obrazı bu mövzuda çox genişürəklidir. O, həm “metres”ini, həm də həyat yoldaşını qısqanır. Növbəti buraxılışda isə məşuqəsini öz evinə gətirdi. İnsanlar da dişlərini sıxa-sıxa izlədi. Elə bilirsiz ki, ekran işində “metres”i olan tək Feritdir? Yox... Atası da mərhum qardaşının xanımını özünə məşuqə edib.

Yəni, gəlinbacısı ilə eşq yaşayır. Bu da azmış kmi, keçmiş sevgilisi də seriala daxil oldu. Serialda xanımına sadiq qalan tək kişi Kazım Ağadır. Onun da bir qüsuru var ki, fiziki şiddətə meyillidir. Gülseren xanım sağ olsun, qızlarda kişilərə güvən də qoymadı. Deyək ki, həyatda bu qədər dəyərləri geridə qoyan bir ailə olub, onların hekayəsini niyə serial edəsən axı? Hər şey reytinqdir? Pul qazanacaqsız deyə millətə nələri aşılayırsız. Sonra da gündüz proqramlarında filankəs filankəsi niyə öldürdü? O, ərinə niyə xəyanət etdi? Niyə xanımını atıb getdi? Bax, hamısı bunlara görədir, əziz qardaşlar. 

“Sadakatsiz”i Cansu Derenin şedevr aktrisalığına keçərdim. Amma Melis Sezenin yaratdığı məşuqə obrazına görə bağışlamadım. Qızın evli adamla sevgili olmağı bəs etmədi, hələ sevgilisinin xanımı onu ailəsinə ifşa edəndə başına bir “qapaz” vurdu. Həm suçlu, həm güclü dedikləri budur. Sonra həmin kişidən uşağı oldu.

Caner Cindorukun canlandırdığı sədaqətsiz Volkan da dedi ki, ikisini də sevir. Sonda da səfil vəziyyətində qalıb, öldü. Ümumiyyətlə mənə bir şey aydın olmur ki, bəzi qadınların bu evli kişiləri sevməsi nədir? Dedik ki, sevdin, ya da xoşuna gəldi, uzaqdan et də bunu. Adam niyə ikinci olmağı özünə layiq bilsin? Bu qədər aciz olmayın. 

Təbii ki, budəfəki xəyanət hekayəmizin də müəllifi Gülseren xanımdır. “Camdaki kız” serialı başladığı ilk gündən Nalan xəyanətə məruz qalır. Onun minbir xəyalla ailə qurduğu Sedat illərdir bacısının rəfiqəsi ilə eşq yaşayır. O qədər sevir ki, bu sevdadan evlənəndə də əl çəkmir, hətta sevgilisi də hamilə qalır. Burada digər anormal məsələ də Sedatın sevgilisi Cananın da evli olmasıdır. Ondan da əlavə hər gördüyü dişi canlı ilə Nalana xəyanət edir. Nəysə narahat olmayın, serialın son bölümlərin də Nalan da bu aldadılmağa dözmədi, ərini sürücüsü ilə aldatmağa başladı. Hər dəfə tərəfində durduğum bir ifadə var.

Xəyanəti cinsə bölmək olmaz. Kişinin də, qadının da etdiyi düzgün deyil. Bu serialda da elədir. Başdan sona yanlış. Boşanmaq bu qədər çətinləşdirilməməlidir. Nəticədə iki imza at, ayrıl, sonra nə istəyirsən et. Xaraktersizliyi insanlara sırımaq olmaz, Gülseren xanım. Mən bir şeyi də anlamıram bu real hekayədirsə, həmin adamlar özlərinə baxıb nə başa düşür. Fəxr edirlər ki, həyatları serial olub? İnanıram ki, qürur duyarlar.

“Yasak elma” serialında isə bilinmir kim kimə kimlə harada xəyanət edir. İllərdir Yıldız obrazını aldatmayan qalmadı. Qıza birinci, ikinci, üçüncü və nəhayət dördüncü əri də xəyanət etdi. Özü də kimlərlə? Həmişə kömək etdiyi adamlarla. Halit Yıldızın ölümdən qurtardığı Leyla, Şahika və digərləri ilə onu aldatdı. Sonra Çağatay qonşusunu özünə məşuqə etdi. Yıldız da gedib həmin qonşunun atası ilə evləndi. Atası da son bölümlərdə Yıldızın mərhum ərinin keçmiş xanımı, indiki dostu Enderlə ailə qurdu.

Sonra Yıldızı unuda bilmədiyini görüb ona qayıtmaq istədi. Ən son məqamda isə məlum oldu ki, adamın illərdir davam edən bir sevgi münasibəti var imiş. Enderdən əvvəl də öz vəkili ilə evlənmişdi. Hələ bu harasıdır. Serialda ana və qızı eyni adama aşiq olur, bir-birilərindən xəbərsiz onunla eşq yaşayırlar. Məsələ burasındadır ki, hər kəs də bu ssenariyə ancaq gülür. Yox-yox. Kinayə ilə deyil. Həqiqətən gülürlər. Dərd də burasındadır.

Nəysə keçək “İyilik” serialına... Yaxışı ki, final etdi, bir “metres”dən canımız qurtardı. Burada söhbət necədir? Serialın əvvəlində ailəsinə bağlı bir kişi obrazı göstərdilər. Sonradan məlum oldu ki, adam əmisinin zülmündən xilas etdiyi qızla eşq yaşayır. O, qız da düşmən başına. Necə üzlü çıxdısa, həm kişinin evinə gəldi, həm də xanımı ilə rəfiqə oldu. Ardınca bir neçə nəfəri öldürdü.

Bu da bəs etmədi. Əvvəlki sevgilisinin xanımının yeni ərinə də göz qoyub, sonra onu da qətlə yetirdi. Həyatdır da. Bu serial necə Gülseren xanımın əsəri deyil, anlamıram. Əsl onun qələmidir. Amma yazmağı unudub yəqin. 

Elçin Sangu ilə Engin Altan Düzyatanın serialı “Çöp adam” isə ümumiyyətlə travmatikdir. Belə ki, Elçinin canlandırdığı obrazın həyat yoldaşı onun bacısı ilə eşq yaşayır. Elçin bir gün evə gəlib görür ki, bunların ikisi də uyğunsuz bir vəziyyətdə ölüb. Sonra necə olursa, Enginin obrazı ilə tanış olur, onu sevir. Bu adam da təbii ki, evli çıxır. Qız da eləmir tənbəllik adama xanımı, ailəsi ilə vaxt keçirməyə imkan vermir. Evlərinə basqın etmələr, uşağının yanında sevgilisinin xanımını ağlatmalar. Hələ nələr, nələr... Ümumiyyətlə fikir vermisizsə, xəyanət edən bütün obrazların tək ortaq cəhəti var: uşaqlıq travmaları. Burada Enginin obrazı da uşaqlıqda ata və anasının qayğısından məhrum qalıb, Eləcə də Sedat və Ferit varlı olsalar da, mühafizəkar ailədə böyüyüblər, sıxışdırılıblar. Təbii bütün bunlar da xəyanətə haqq qazandırmır. Amma əgər aldatmaq bir şəxsiyyət məsələsidirsə, bu da travmalarla əlaqələndirilir. Bəlkə də hansısa boşluğu doldurmağa çalışırlar.

Son olaraq Neslihan Atagüllə Kadir Doğulunun baş rol olduğu “Gecenin ucunda”. Bu ekran işində evli adam qardaşının sevdiyi qız kimi evə gətirdiyi xanıma aşiq olur. Onlar sonradan eşq yaşamağa başlayır. Adam xanımından boşanıb sevgilisi ilə evlənir. Deyir, sən saydığını say, gör, fələk nələr sayır. Bu məqamda məlum olur ki, kişinin keçmiş xanımı hamilədir. Ona görə bir evdə indiki və eks xanımı ilə yaşamağa başlayır. İkinci həyat yoldaşının anası da kiçik qardaşı ilə sevgi münasibəti qurur. Yazanda belə ürək bulandırır. Nə üçün belə bir mövzuya yer verilib? Qonşudan qalma geri, reytinq gətirəcək deyə, ağıllarına gələni yazıb, çəkiblər.

“Bir küçük gün ışığı” serialında qadın həyat yoldaşı öldükdən sonra onun sevgilisi və bir qızı olduğunu öyrənir. Sonra mərhum ərinin övladına sahib çıxıb, ona analıq edir. Hadisələr qızın həyat yoldaşının məşuqəsini tanıdıqdan sonra daha da alovlanır. Onlar bu dəfə uşağın üstdə dava edirlər. Xəyanətə məruz qalan xanım övlad kimi gördüyü Güneşə yaxın olmaq üçün “metres”in qardaşı ilə evlənir.
“Aldatmak” serialını çox izləməsəm də, az-çox bilirəm ki, Vahide Perçimin canlandırdığı obraz da xəyanətə məruz qalır. Onun ərinin məşuqəsi o qədər “hünər”li çıxır ki, ondan aralarından çəkilməsini istəyir. O da eləmir tənbəllik, gedib ərinin maşınını yandırır. Məni təəssüfləndirən digər məqam isə bu cür peşəkar aktyorların belə ssenarilərlə razılaşmasıdır. Onların aktyorluğu belə üərkbulandıran işlərdə xərclənir.

Əvvəllər də türk serial və filmlərində “metres” “kuma” mövzusu işlənilirdi. Amma tək-tək layihələrdə olduğu üçün bu qədər gözə batmırdı. Həm də qəhrəmana çevirib, izləyicilərə sevdirmirdilər axı. İndi hər şey tamam dəyişib. Bir sözlə, yazanda belə insanı əsəbləşdirən bu layihələrdən sağlamlığınız üçün uzaq qalmağınız məsləhət görülür. Əziz azərbaycanlı ssenaristlər, xahiş olunur ki, bu mövzuları kopyalamayın, həmişə “Əqrəb mövsümü”, “Körpü”, “Simurq” kimi keyfiyyətli işlərlə üzümüzü güldürün. Xəyanətin, xaraktersizliyin əsas süjet xəttindən önə çıxmasına icazə verib, ən pis xüsusiyyətlərə haqq qazandırmayın.

Oxşar xəbərlər