“Türkiyədə binalar məzar kimidir”: Yapon ekspertdən qorxunc açıqlamalar
8-02-2023, 17:22
7 065

“Türkiyədə binalar məzar kimidir”: Yapon ekspertdən qorxunc açıqlamalar

Yaponiyalı zəlzələ eksperti, professor Yoshinori Morivaki 32 ildir Türkiyədə yaşayır. Türkiyə mətbuatına müsahibə verən yapon mütəxəssis çox maraqlı və vacib fikirlər səsləndirib. 
Həmin söhbətin qısa məzmununu təqdim edirik:
“Bu zəlzələ dünyada görünmüş ən böyük fəlakətdir. Son 500 ildə yer üzündə bu dəhşətdə, bu böyüklükdə təbii fəlakət görülməyib. Afterşokların 1 il davam edəcəyini gözləmək olar. Binaların yüzdə altmışı qəzalı vəziyyətdədir və evlərə girmək tövsiyə olunmur".
Mütəxəssis rəylərinə görə, yıxılan binaların əksəriyyəti yeni tikililərdir:
"Bu binalar zəlzələyə davamlı sertifakt almış və digər binalardan daha baha qiymətə satışa çıxarılmışdı.
Halbuki görünən nəticələr saxtakarlığa yol verildiyini göstərir. Diqqət edilməlidir. Çünki Marmara bölgəsində yaxın 30 ildə 7,4 bal gücündə daha bir zəlzələ gözləyirik. Bu yaxın günlərdə də ola bilər, bir müddət sonra da. Marmara bölgəsində 4 nöqtədə uzun zamandır qırılmayan fay xətləri var. İstanbul çox təhlükəlidir, yaxın zamanda burda da bir dəhşət yaşana bilər, çünki meqapolis buna hazır deyil”.
“Yaponiyada 9 bal gücündə zəlzələ olarkən ölkə bundan az ziyanla çıxa bildi. Səbəb nədir, aramızdakı fərq nədir?” sualını cavablandıran Yoshinori Morivaki bildirib ki, dünyadakı zəlzələlərin yüzdə iyirmisi onun ölkəsində baş versə də, Yaponiya buna tam hazırlıqlı olduğu üçün ziyan görmür.
"Yaponiyada bir dənə də olsun çürük bina yoxdur. Bizdə köhnə binalar sökülmür, gücləndirilir. Türkiyədə tikilən binaların yüzdə altmışı çürük və ya standartlardan kənardır. Bu qorxunc bir göstəricidir. Yaponiyada Türkiyədəki kimi xilas edici qruplar, təşkilatlar yoxdur. Məsələn AFAD ( Afət və Acil Dəstək qurumu) çox yaxşı təşkilatdır. Düzdür, indi Türkiyədə şərtlər çox çətindir. Yollar dağılıb, hava soyuqdur. Türkiyə zəlzələ mövzusunda məlumatsız və hazırlıqsızdır. Bu gün Türkiyəyə fəlakəti zəlzələ yox, çürük binalar yaşadır. Türkiyədə binalar məzar kimidir.
 Yaponiya ilə Türkiyənin zəlzələ məlumatlılığı arasında çox böyük fərq var. Bizdə zəlzələ haqqında təlimatlar uşaqlara ibtidai siniflərdən öyrədilməyə başlayır. Türkiyədə bir kvadrat metrə 1, Yaponiyada 4 insan düşür. Ona görə, biz göydələnlər tikmək məcburiyyətindəyik. Lakin göydələnlər inşa edilərkən onların bünövrəsi altına xüsusi konstruksiya yerləşdirilir, bina yeraltı təkanlar zamanı üfüqi şəkildə yırğalanır, lakin aşmır, xəsarət almır. Türkiyəyə bu layihəni dəfələrlə təqdim etsəm də, nəzərə alınmayıb. Üstəlik Konya kimi tektonik cəhətdən sabit ərazilərdə deyil, İstanbul, İzmir kimi tektonik aktiv şəhərlərdə çoxmərtəbəli binaların tikilməsi təhlükəlidir. Zəlzələlərdə ölüm sayına görə Türkiyə dünyada üçüncü yerdə dayanır və bu göstəricini dilə gətirməyə utanıram”,- deyə yapon mütəxəssis bildirib.
O İstanbulda gözlənilən zəlzələyə hazırlıq məqsədilə görülməli işlər barədə də danışıb:
"İndi edəcəyimiz tək şey evdəki mebelləri divarlara bərkitmək olmalıdır. Yenidən bina tikmək əvəzinə gücləndirmə tədbirləri görməliyik. Hesab edirəm ki, Türkiyədə zəlzələ nazirliyi yaradılmalıdır. Binaları möhkəmləndirib sonra dua edin. Bu işlər yalnız dua etməklə olmaz. Hər ailə mütləq zəlzələ çantası hazırlasın. İnsan susuz 3 gün yaşaya bilər, çantalarınızda su ehtiyatınız olsun".

Oxşar xəbərlər