"London Bəyannaməsi" imzalandı - Ukraynaya uzaq mənzilli raketlər veriləcək
9-02-2023, 10:28
1 736

"London Bəyannaməsi" imzalandı - Ukraynaya uzaq mənzilli raketlər veriləcək

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə birlikdə Kiyev və London arasında tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş "London Bəyannaməsi"ni imzalayıblar. 
Xarici KİV xəbər verir ki, Böyük Britaniya artıq Ukraynaya demək olar ki, dörd milyard funt-sterlinq hərbi, humanitar və iqtisadi dəstək verib. Bu da həcm baxımından ABŞ-dan sonra ikinci yerdədir.
Britaniya tərəfi bu dəstəyi davam etdirməyə, Ukraynanın enerji sisteminin və digər mülki infrastrukturun bərpasına kömək etməyə, habelə Rusiyaya qarşı sanksiyalar təzyiqini davam etdirməyə, o cümlədən dondurulmuş Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə etməyə sadiqdir.
"Biz əminik ki, müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyanın qeyri-qanuni və əsassız işğalını məğlub edəcəyik və sülh və firavanlığın hökm sürəcəyi güclü Ukrayna quracağıq", - deyə "London Bəyannaməsi"ndə qeyd edilib. 
Bundan əlavə, Ukrayna və Böyük Britaniya uzaq mənzilli silahların tədarükü ilə bağlı razılığa gəliblər.
"Bizim Böyük Britaniyadan güclü müdafiə paketimiz var. Biz güclü miqdarda zirehli texnika, uzaq mənzilli silahların tədarükü barədə razılığa gəldik və ukraynalı pilotların təliminə başlamağa razılaşdıq", - Zelenski açıqlayıb. 

Oxşar xəbərlər