Səudiyyə Ərəbistanı Ukraynaya 410 milyon dollar ayıracaq
27-02-2023, 23:18
8 303

Səudiyyə Ərəbistanı Ukraynaya 410 milyon dollar ayıracaq

Ər-Riyad Kiyevə 410 milyon dollar məbləğində humanitar yardım ayıracaq.
Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud bazar günü Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
"Krallıq ukraynalıların əzablarını yüngülləşdirmək üçün hər cür səy göstərir", - Səudiyyə naziri bildirib. “Biz bütün diqqətimizi Ukraynadakı humanitar böhranın nəticələrinin aradan qaldırılmasına yönəltmişik, buna görə də kral və vəliəhd bu ölkəyə 410 milyon dollar dəyərində humanitar yardım göndərmək qərarına gəliblər”, - o deyib.
Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Səudiyyə Ərəbistanı Ukraynadakı böhranın sülh yolu ilə həlli üçün imkanlar axtarmağa davam edir. "Krallıq gərginliyi azaltmağa, eləcə də sülhə nail olmağa kömək edəcək istənilən təşəbbüsləri dəstəkləməkdə maraqlıdır. Biz bu böhranın həlli yollarını tapmaq üçün münaqişənin bütün tərəfləri ilə işləməyə davam edəcəyik" deyə o, qeyd edib.
Bundan əlavə, Əl Şərq telekanalının məlumatına görə , Ər-Riyad və Kiyev Ukraynaya neft məhsullarının tədarükünü nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak öz Telegram kanalında bildirib ki, bu vəsaitin 100 milyon dolları humanitar yardıma, 300 milyon dolları isə neft məhsullarının alınmasına ayrılacaq.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri bazar günü iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra ilk dəfə Ukraynaya səfər edib. O, Kiyevdə olarkən Zelenski, ofisinin rəhbəri Andrey Yermak və xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. 

Oxşar xəbərlər