“Rusiya Xankəndiyə nəzarəti Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir“ - Ekspert
30-11-2020, 14:58
173

“Rusiya Xankəndiyə nəzarəti Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir“ - Ekspert

Noyabrın 10-u imzalanan üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlılarının Dağlıq Qarabağın ərazisində yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Yerləşdiriləcək kontingentin bir hissəsi Ermənistandan gəlməklə Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa daxil olub. Lakin razılaşdırılmış hüquqi çərçivəyə uyğun olaraq Rusiya bölgəyə çatdırılması nəzərdə tutulan yüklərin məhz Azərbaycan vasitəsilə daşıyır. Artıq noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.
Maraqlıdır, hərbi avadanlıqların bölgəyə Azərbaycan vasitəsilə daşınması bizə hansı üstünlükləri vəd edir?
Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Rəşad Süleymanov qeyd edib ki, Rusiya bu addımı atmaqla özlərinin şəffaf fəaliyyətini nümayiş etdirməyə çalışır:
“Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı görüntülərdə görünür ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi polisi təyinat nöqtəsinədək bu yükləri müşayiət edir. Bu o mesajı ötürür ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən seçimin bu cür olma səbəbi bu marşrutun daha yaxın olması ilə əlaqədardır. Çünki Yerevandan Xankəndiyə daşımalar təyyarə vasitəsilə həyata keçirilir və bu, böyük xərc tələb edir, həm də bir təyyarədə o qədər çox yük daşımaq olmur. Amma indi avadanlıqlar Mahaçqaladan Bakıya, Bakıdan Bərdəyə  və oradan da işğaldan azad olunan ərazilərimizə aparılır. Bu, onu göstərir ki, Rusiya Xankəndi və ətraf ərazilərdə bütün nəzarət prosesini, eləcə də sülh yaratma missiyasını Azərbaycan hökumətilə koordinasiyalı şəkildə həyata keçirir. Onlar burada çox şəffaf işlədiklərini, başqa maraqlarının olmadığını göstərməyə çalışırlar. Bununla yanaşı burada xərclərin səmərəliliyini təmin etmək istəyir. Çünki mütəmadi olaraq bu daşımalar həyata keçiriləcək”.
Həmsöhbətimizin sözlərinə görə, Rusiya bu addımı ilə Xankəndi və digər ərazilərin Azərbaycanın tədricən tabeliyinə keçməsinə maraqlı olduğunu nümayiş etdirir:
“Bu addım bütün hallarda bizim xeyrimizədir. Burada irad tutulmalı heç bir şey yoxdur. Orada humanitar missiyalara Azərbaycan tərəfi rəsmən cavabdehlik daşıyır. Bu məsələdən narazı olan şəxslər hərbi texnikalar Ermənistan ərazisindən keçirilsəydi, onu da problem edəcəkdilər. Xankəndi, Əsgəran, Xocalı, Xocavənd Azərbaycan ərazisi olduğuna görə hər şey buradan keçirilməlidir. Biz bilməliyik ki, oraya nə qədər texnika və canlı qüvvə aparılır. Azərbaycan bununla göstərir ki, beynəlxalq qanunvericiliyə uyğun olaraq sülhyaratma missiyasına hörmətlə yanaşır və bu yolda əlindən gələn dəstəyi göstərməyə hazırdır”.

Oxşar xəbərlər