“WhatsApp” Britaniya hökumətini hədələdi
11-03-2023, 11:02
854

“WhatsApp” Britaniya hökumətini hədələdi

Böyük Britaniyada internet təhlükəsizliyi ilə bağlı yeni qanundan sonra “WhatsApp” mesencerinin bu ölkədə fəaliyyəti dayandırıla bilər.
Yeni qanunla “WhatsApp” moderasiya siyasətini həyata keçirməyə məcbur edilə bilər. Buna əsasən, istifadəçilərin yazışmalarını qoruyan “başdan-sona” (“end-to-end”) şifrələmə xidmətini həyata keçirmək mümkün deyil. Qanuna riayət edilməyəcəyi təqdirdə mesencer cərimə olunacaq.
“WhatsApp”ın rəhbəri Uill Ketkart qanunu sərt tənqid edib və bildirib ki, “başdan-sona” şifrələmə xidmətini dünyanın konkret regionlarında zəiflətmək mümkün deyil. Üstəlik, bu, xidmətin bütün istifadəçilərinin təhlükəsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.
“Bütün istifadəçilərimiz təhlükəsizlik istəyir - istifadəçilərimizin 98%-i Böyük Britaniyadan kənardadır və onlar şifrələmənin zəiflədilməsini istəmirlər”, - deyə Ketkart bildirib.
Onun sözlərinə görə tətbiqin ölkəni tərk etməsi və ya onun ərazisində bloklanması yeni tələblərə riayət etməkdən daha asandır.
“Biz “WhatsApp”ın təhlükəsizliyini aşağı salmayacağıq. Biz bunu heç vaxt etməmişik və artıq bəzi ölkələrdə bloklandığımızla barışmışıq”, - deyə Ketkart sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl “Signal” mesencerinin prezidenti Meredit Uitaker yeni qanunun onu istifadəçi mesajlarını skan etməyə məcbur edəcəyi təqdirdə xidmətin mütləq şəkildə ölkəni tərk edəcəyini bildirib.
Mənbə: Bloomberg

Oxşar xəbərlər