“iPhone” almağın 5 üsulundan yalnız 1-i təhlükəsizdir
2-05-2023, 10:26
1 547

“iPhone” almağın 5 üsulundan yalnız 1-i təhlükəsizdir

Yeni “iPhone” smartfonlarını müxtəlif yerlərdən və müxtəlif üsullarla əldə etmək mümkündür. Gəlin ən populyar variantları nəzərdən keçirək və onlardan hansıların təhlükəsiz, hansıların isə sadəcə pul itkisi ola biləcəyini nəzərdən keçirək.
Elan əsasında ayrı-ayrı şəxslərdən alış
İnternetdə həm istifadə edilmiş, həm də yeni “iPhone” smartfonlarının satışı ilə bağlı yüzlərlə elana rast gələ bilərsiniz. Qiyməti münasib olsa da, bu cür telefonları almaq istənilən halda risklidir. Ola bilər ki, qarşınıza vicdanlı şəxs çıxacaq və yeni cihazı çox ucuz qiymətə əldə edə biləcəksiniz. Amma təcrübə göstərir ki, əksər hallarda qismətinizə ya saxta, ya da yeni telefon adı altında bərpa edilmiş telefon düşəcək. Elə də ola bilər ki, qarşınıza yalnız bir operatorun sim kartları ilə işləyən telefon, yaxud ehtiyat hissələrindən yığılmış smartfon çıxacaq.
Yox, əgər telefonu “əldən” almaq qərarınız qətidirsə, onu mütləq əyani sınaqdan keçirin. Bir çox hallarda alıcı hansısa dələduza pul göndərir və əliboş qalır. Telefon işə düşmürsə, satıcının “şarj etməyi unutmuşam” deməsinə, yaxud şarjı bitmiş batareya göstərməsinə aldanmaq olmaz. Smartfonun oğurluq mallar sırasında olub-olmadığına əmin olmaq üçün mütləq onun IMEI kodunu yoxlayın.

ABŞ-dən sifariş
Düşünmək olar ki, “iPhone” almağın ən sərfəli üsulu onu “Apple” şirkətinin vətəni olan ABŞ-də sifariş etməkdir. Lakin burada da bəzi məqamlar var. Birincisi, smartfonu “Apple”ın rəsmi saytından sifariş edə bilməcəyəksiniz, çünki çatdırılma yalnız ABŞ daxilində həyata keçirilir. Belə olan halda vasitəçilərin xidmətlərindən istifadə etməli, kuryer xidmətinə görə ödəniş etməli və ya gömrük rüsumları ödəməli olacaqsınız. Bu üsulun daha bir mənfi cəhəti sifarişin gözləmə vaxtının uzun olmasıdır. İkincisi, ABŞ bazarı üçün “iPhone 14” smartfonlarının öz xüsusiyyətləri var: bu telefonlarda sim kart üçün slot olmur və yalnız eSIM işləyir. Bu variant isə çoxlarına uyğun deyil.

Ölkə xaricindən alış
“iPhone” smartfonlarını başqa ölkədə cəlbedici qiymətə ala bilərsiniz. Telefonu məzuniyyətdə və ya ezamiyyətdə olarkən almaq nisbətən daha yaxşıdır, çünki əks halda smartfonu yaxınlıqda yerləşən mağazadan almaqla müqayisədə daha çox vaxt və pul itkisi riski ilə üzləşə bilərsiniz.
Bu variantın əsas mənfi cəhəti istehsalçı zəmanətindən yararlana bilməməyinizdir, çünki rəsmi “Apple” zəmanətindən yalnız ilkin satış ölkəsində istifadə etmək mümkündür. Bu isə əlavə səfər xərcləri deməkdir. Düzdür, telefonunuzu yaxınlıqda yerləşən servisdə ödənişli təmir etdirə bilərsiniz, amma bu halda zəmanət qüvvədən düşmüş olacaq.
“iPhone”ların ayrı-ayrı ölkələr üçün nəzərdə tutulmuş özünəməxsusluqları barədə də unutmaq olmaz. Ən yaxşı halda, sizə Avropa ölkələrinə uyğun çəngəlli şarj qurğusu təqdim ediləcək, ən pis halda isə əlaqə, internet və ya “Face Time” ilə bağlı problemlərlə üzləşəcəksiniz.

“Boz” satıcılardan alış
Bu, “iPhone” almağın ən geniş yayılmış, lakin heç də həmişə təhlükəsiz olmayan üsullarından biridir. Cihazlar e-marketlərdə, internet mağazalarda və ticarət mərkəzlərində yerləşən mağazalarda satılır. Bu cür məhsul çox vaxt daha aşağı qiymətə satıldığı ölkələrdən (məsələn, ABŞ, BƏƏ və ya Honkonq) qanunsuz olaraq gətirilir. Bu halda yeni smartfon əvəzinə bərpa olmuş və ya ehtiyat hissələrindən “yığılmış” telefon almaq riski ilə üzləşirsiniz. 
Bəzi hallarda “boz” satıcılar qanunsuz olaraq özlərini “rəsmi reseller” elan edirlər. Buna görə də almaq istədiyiniz “iPhone”un bərpa edilmiş, yaxud saxta deyil, orijinal olduğuna əmin olmaq üçün alışdan əvvəl təkcə qadceti deyil, onun satıcısını da yoxlamaq lazımdır. “Apple” məhsullarının rəsmi satıcılarını bu ünvandan dəqiqləşdirə bilərsiniz.

“Rəsmi”lərdən alış
Rəsmi resellerlərin mağazalarında yalnız orijinal cihazlar, aktual modellər və geniş aksesuar çeşidləri olur. Bu mağazaların əsas üstünlüyü 12 aylıq zəmanət və pulsuz servis xidməti təqdim etmələridir. Müştərilər üçün nəzərdə tutulmuş loyallıq sistemi isə əla bonuslar gətirir.
Bundan başqa, bu mağazalarda yeni “iPhone” smartfonlarını sərfəli şərtlərlə - 12 və daha çox aylıq hissəli ödəniş imkanı ilə əldə edə bilərsiniz. Ətraflı məlumatla Apple saytında yerləşdirilmiş siyahıda qeyd olunmuş rəsmi resellerlərdən, həmçinin Azərbaycandakı rəsmi servis mərkəzinin isupport.az saytından tanış ola bilərsiniz.

Gördüyünüz kimi, “almalı” qadcet almağın bir neçə variantı var. Lakin bu variantların heç də hamısı təhlükəsiz və ya sərfəli deyil. Elə isə diqqətli olun – ucuz qiymətə aldanıb əliboş qalmayın.

Oxşar xəbərlər