Maykl Doran: “Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımayana qədər məsələ həll olunmayacaq”
2-05-2023, 12:27
1 709

Maykl Doran: “Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımayana qədər məsələ həll olunmayacaq”

“ABŞ Dövlət katibi Antoni Blinken bu həftə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla iki ölkə arasında sülh sazişinin əldə olunmasında vasitəçilik məqsədilə növbəti danışıqlara ev sahibliyi edib. Bu, Vaşinqtonun vasitəçi rolunun əhəmiyyətli dərəcədə genişlənməsini ifadə edir ki, təqdirəlayiq haldır.
Blinken ötən ilin noyabr ayında da Bayramov və Mirzoyanı qəbul edib. Lakin bu görüşdə o, nəinki qonaqlarını salamlayıb, həm də onları bir-biri ilə birbaşa ünsiyyətə sövq edib. Blinken etiraf edir ki, ABŞ-nin daha çox iştirakı olmasa, Rusiya və İran sülh prosesini pozmaq üçün ermənilərlə birlikdə çalışacaqlar”.
Bu barədə ABŞ-nin Hudzon İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doranın məqaləsində deyilir.
Müəllif Azərbaycanın 44 günlük müharibədə qələbəsindən və Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytarılmasından, həmçinin regionda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsindən söz açıb.
Məqalədə Kremlin Ermənistanda mövqeyi, Rusiyanın azı üç bazasının bu ölkənin ərazisində yerləşdirilməsi, sərhədlərinə və hava məkanına Moskvanın nəzarət etməsi də vurğulanıb.
“Azərbaycan isə neft və qaz tədarük etdiyi Avropa ilə iqtisadi əlaqələri daha da gücləndirməklə yanaşı, eyni zamanda Türkiyə və İsraillə də dərin və möhkəm müdafiə əlaqələri qurub. Son on ildə bu əlaqələr Azərbaycan Silahlı Qüvvələrinə sakit, lakin heyrətamiz sürətlə qüdrətini artırmağa kömək edib. Bakının İkinci Qarabağ müharibəsində göstərdiyi güc bir çox təcrübəli müşahidəçiləri, o cümlədən Moskva və Tehrandakıları şoka saldı. Azərbaycan Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir. Azərbaycanın Türkiyə və İsraillə əməkdaşlığı (İİR əhalisinin ən azı 1/5-ni təşkil edən və ən böyük qeyri-fars etnik qrup olan İran azərbaycanlıları arasında dəstəyinə) xüsusilə Tehranı qorxudur”, - deyə Maykl Doran vurğulayıb.
Onun sözlərinə görə, məhz Türkiyə-İsrail-Azərbaycan qarşılıqlı fəaliyyətini görən Tehran Moskva və İrəvanla işləyir və sülh danışıqlarını pozmağa çalışır:
“Buna dolayısı ilə Cənubi Qafqazda diplomatiyaya çox diqqət yetirən Fransa Prezidenti Emmanuel Makron kömək edir, onun səyləri açıq şəkildə Azərbaycanın deyil, Ermənistanın xeyrinədir. Fransada böyük bir erməni icması yaşayır”.
Müəllifin sözlərinə görə, Blinken ABŞ-nin Ermənistanı sülhə sövq etmək üçün yeganə real yol təklif etdiyini etiraf edir:
“Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımayana qədər məsələ həll olunmayacaq. Amma Ermənistanın baş naziri Nikol Paşinyan belə bir addım atmağa hazır görünmür. İrəvan özünə gəlsə, ABŞ və müttəfiqləri Qarabağda ermənilərin rifahını təmin etmək üçün onunla və Bakı ilə əməkdaşlıq edə bilərlər. Blinken təəssüf edir ki, ABŞ erməni icmasının senator Bob Menendez və deputat Adam Şiff kimi bir çox nüfuzlu dostları İrəvana bu istiqamətdə təzyiq etməkdən imtina edir, hətta əksinə, Ermənistanın Rusiya və İranla əməkdaşlığının ən çirkin formalarını önə çıxaran istənilən ABŞ rəsmilərini cəzalandırmaq istəyirlər”.
Məqalənin sonunda Antoni Blinkenin geostrateji riskləri anladığı və ağıllı oynadığı vurğulanıb.
“Ermənistanın ABŞ Demokrat Partiyasından olan dostları ona badalaq gələ biləcəklərmi? Yaxın bir neçə gün ərzində bu məlum olacaq”, - deyə Maykl Doran sözlərini yekunlaşdırıb.

Oxşar xəbərlər