“Facebook” istifadəçilərinə 725 milyon ödəyəcək
3-05-2023, 18:55
7 367

“Facebook” istifadəçilərinə 725 milyon ödəyəcək

"Facebook" istifadəçilərə məlumatların oğurlanmasına görə 725 milyon dollar təzminat ödəməyə razılaşıb. 
Xarici mətbuat xəbər verir ki, şirkət buna baxmayaraq hər hansı qanun pozuntusunu inkar edir. 
Məlumata görə, sosial şəbəkə istifadəçilərinin şikayət ərizəsi yazmaq üçün üçün dörd ay vaxtı var. Son tarix 2023-cü il avqustun 25-dir. Ərizələr onlayn və ya poçtla təqdim edilə bilər. Bildirilir ki, 100 milyondan çox istifadəçi şikayət üçün müraciət etmə haqqına malikdir. Bunlar əsasən 2007-ci il mayın 24-ü və 2022-ci il dekabrın 22-si arasında Amerikada yaşayan istifadəçilərdir. 
Bu məsələyə səbəb “Facebook”un istifadəçilərin şəxsi məlumatlarının üçüncü tərəflərlə, o cümlədən ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2016-cı il prezidentlik kampaniyasını dəstəkləyən konsaltinq şirkəti “Cambridge Analytica” ilə paylaşılmasına icazə verməsi ilə bağlı iddialardan irəli gəlir. 
Şirkət 87 milyon Facebook istifadəçisindən məlumat toplayıb.
“Meta” şirkəti 725 milyon dollarlıq təzminatı ödəməyə razılaşsa da, hər hansı qanun pozuntusunu rədd edir. 
“Facebook” artıq platformadakı mesajlar vasitəsilə təzminat üçün müraciət edə biləcək istifadəçiləri xəbərdar etməyə başlayıb.
“Biz razılığa gəldik, çünki bu, icmamızın və səhmdarların maraqlarına cavab verir. Son üç il ərzində biz məxfiliklə bağlı yeni addımlar atdıq və hərtərəfli gizlilik parametrlərini təqdim etdik. Biz insanların sevdiyi və güvəndiyi xidmətlərin yaradılmasını davam etdirəcəyik”, - şikayət nümayəndəsi bildirib.
İş üzrə yekun məhkəmə prosesi sentyabrın 7-nə təyin edilib. İstifadəçilərə ödənişlər yalnız bu məhkəmə başa çatdıqdan sonra həyata keçiriləcək.

Oxşar xəbərlər