ABŞ-də türk sənət adamı hücuma məruz qaldı: Hərəkət edən qatarın altına atıldı
25-05-2023, 14:50
880

ABŞ-də türk sənət adamı hücuma məruz qaldı: Hərəkət edən qatarın altına atıldı

ABŞ-də yaşayan Emine Yılmaz Özsoy adlı illüstrator-rəssam Nyu-York vağzalında hücuma məruz qalıb, qatarın qabağına itələnib.
Nəticədə qadın ağır yaralanıb və iflic olub.  
Emine Yılmaz Özsoy Türkiyədə media qurumlarında çalışıb və 6 il əvvəl ABŞ-yə köçüb. 35 yaşlı sənət adamı səhər saatlarında Nyu-Yorkda qatar stansiyasında bir nəfər tərəfindən qatarın qabağına itələnib. Hadisə ilə bağlı açılan iş üzrə prokurorluğun verdiyi məlumata görə, Özsoy səbəbsiz hücum nəticəsində boynundan aşağı hissəsini hərəkət etdirə bilmir.
Bildirilib ki, 39 yaşlı hücumçu Kamal Semrade səbəbsiz yerə iki əli ilə Özsoyun başından tutub və  var gücü ilə hərəkətdə olan qatarın qarşısına atıb. Məlum olub ki, həmin şəxs Özsoyla eyni qatarda gedib və onu izləyib, eyni dayanacaqda düşüb, hücumdan sonra da hadisə yerindən qaçıb.
Hadisə şahidlərindən birinin sözlərinə görə, həmin şəxs Emine Yılmaz Özsoyun yanında addımlayıb və qəfil hücuma keçib. Şahid bildirib ki, Özsoy hücumdan sonra qolunu tərpədə bilməyib və “Öləcəyəmmi?”, - deyib.
Özsoyun həyat yoldaşı Ferdi Özsoy onun onurğasında sınıqlar, o cümlədən başında və bədəninin müxtəlif yerlərində yaralar olduğunu bildirib. Həyat yoldaşı qadının çətin əməliyyat keçirdiyini və sağalma müddətinin uzun olacağını, 2 milyon dollara çatan müalicə xərcləri üçün kampaniya başlatdıqlarını qeyd edib.
Həbs edilən təcavüzkar adam öldürməyə cəhddə ittiham olunub.
Prokurorluğun ittiham aktında gənc qadının hadisə zamanı iflic olduğu, vəziyyətinin ağır olduğu, həyati təhlükəsinin davam etdiyi nəzərə çatdırılıb.










Mənbə: “Sözcü”

Oxşar xəbərlər