“Vaqner” muzdluları NATO-ya təhlükə yaradırmı?
2-08-2023, 17:45
7 062

“Vaqner” muzdluları NATO-ya təhlükə yaradırmı?

ABŞ "Vaqner” özəl hərbi şirkətin muzdlularından NATO-ya təhlükə görmür. Ukraynada qalan "vaqnerçilər” isə döyüşlərə "heç bir ciddi təsir göstərmir”.

"Amerikanın səsi” xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib

Kirbi qeyd edib ki, "Vaqner” özəl hərbi şirkətin muzdlularının müəyyən bir hissəsi Afrikaya yerləşdirilib, "orada qeyri-sabitliyi artırmağa çalışırlar", bəziləri hələ də Ukraynada, digər hissəsi isə Belarusa yerləşdirilib.

"Biz "Vaqner” özəl hərbi şirkətin Polşa və ya digər NATO müttəfiqləri üçün yaratdığı hansısa təhlükədən məlumatlı deyilik və bunu yaxından izləyirik", - deyə Kirbi bildirib.
Kirbi təsdiqləyib ki, ABŞ NATO-nun Alyansın üzvlərindən birinə hücumun hamıya qarşı hücum olduğunu nəzərdə tutan 5-ci maddə üzrə öhdəliklərinə sadiqdir. O, ABŞ prezidenti Co Baydenin ABŞ-ın "NATO ərazisinin hər qarışını” qoruyacağına dair sözlərinə istinad edib.

Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski qeyd edib ki, "Vaqner” özəl hərbi şirkətin muzdlularının Suvalsk dəhlizinə tərəf hərəkəti Polşa ərazisinə növbəti hibrid hücuma doğru bir addımdır.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi general Patrik Rayder bəyan edib ki, NATO ölkələri Belarusla sərhəddə "Vaqner” yaraqlılarının fəallığının artması səbəbindən qüvvələr balansını dəyişməyib.

Ukrayna kəşfiyyatının məlumatına görə, Belarus ərazisindəki "Vaqner” muzdluları hazırkı mərhələdə Ukrayna və Şərqi Avropanın digər ölkələri üçün real təhlükə yaratmır.

Oxşar xəbərlər