Trampın başı dərddə: Son 4 ayda 3-cü cinayət ittihamı
2-08-2023, 19:00
7 198

Trampın başı dərddə: Son 4 ayda 3-cü cinayət ittihamı

ABŞ-ın keçmiş prezident Donald Tramp dörd ayda üçüncü cinayət ittihamı ilə üzləşib. Bu dəfə iddialar Trampın 2020-ci il ABŞ prezident seçkilərində məğlubiyyətini aradan qaldırmaq cəhdləri ilə bağlıdır.

Bu barədə "Amerikanın səsi” məlumat yayıb.

İttihamlar ABŞ-ın xüsusi prokuroru Cek Smitin rəhbərlik etdiyi istintaq çərçivəsində irəli sürülüb. Dörd maddədən ibarət ittihamnamədə iddia edilir ki, Tramp Konqresə prezident Co Baydenin qələbəsini təsdiq etməmək üçün sui-qəsd edib və seçiciləri ədalətli seçki hüququndan məhrum edib.
Trampın cümə axşamı federal məhkəmə qarşısına çıxması tələb olunub. 

Rəsmilər bildiriblər ki, Tramp kütləvi seçki saxtakarlığı ilə bağlı yalan iddialar əsasında onlara təzyiq edib. Tramp tərəfdarları 6 yanvar 2021-ci ildə Konqresdə Baydenin qələbəsini təsdiqləməsinə mane olmaq üçün ABŞ Kapitoluna basqın ediblər. 

İyulun 18-də Tramp Smitdən 2021-ci il yanvarın 6-da baş vermiş hadisələrlə bağlı təhqiqatın predmeti olduğunu bildirən məktub aldığını bildirib. İstintaq Vaşinqtonda federal böyük jüri tərəfindən aparılır.
Tramp artıq cinayət ittihamı ilə üzləşmiş ilk ABŞ prezidenti olub. O, ittihamı siyasi motivli "cadugər ovu” kimi xarakterizə etməyə çalışır.

Baş prokuror və Ədliyyə Nazirliyinin rəhbəri Merrik Qarland ötən ilin noyabrında Cek Smiti Donald Trampın işi üzrə xüsusi prokuror təyin edib.
Cümə axşamı jurnalistlərə danışan Cek Smit Kapitoldakı iğtişaşlarda Trampı günahlandırıb.

"2021-ci il yanvarın 6-da dövlətimizin paytaxtına hücum Amerika demokratiyasının mərkəzinə misli görünməmiş bir hücum idi. İttihamnamədə göstərildiyi kimi, o, yalanla təhrik edilib - ABŞ hökumətinin əsas funksiyasını yerinə yetirməsinə mane olmaq istəyən müttəhimin yalanı ilə",  deyə Smit bildirib.

İttihamnamədə deyilir ki, Tramp və onunla əlbir olanlar yanvarın 6-da Konqresə təqdim etmək üçün uduzduğu yeddi ştatda seçici siyahılarını saxtalaşdırıblar.

İttihamnamədə Trampın seçki saxtakarlığına cəhdinə dair çoxsaylı nümunələr göstərilir. Eyni zamanda, xüsusi prokuror qeyd edir ki, ona yaxın müşavirlər, o cümlədən yüksək rütbəli kəşfiyyat məmurları eks-prezidentə dəfələrlə seçkilərin nəticələrinin qanuni olduğunu bildiriblər.

"Müttəhim iddiaların yalan olduğunu bilirdi”, yekun ittihamda deyilir.

Nəticələri saxta seçicilərlə təsdiqləmək cəhdi uğursuzluqla nəticələnəndə Tramp vitse-prezident Mayk Pensə seçkilərin nəticələrini təsdiq etməməsi üçün təzyiq göstərməyə çalışıb. Xüsusi prokuror hesab edir ki, Tramp və onun əlaltıları Kapitolidə iğtişaşları məhz bu məqsədlə təşkil ediblər. İğtişaşlar zamanı Tramp öz müşavirlərinin Kapitolinin qarşısında toplaşan izdihamı sakitləşdirmək çağırışlarını rədd edib.

"Müttəhim Vaşinqtonda topladığı tərəfdar izdihamından istifadə edərək vitse-prezidentə seçkilərin nəticələrini saxta yolla dəyişməsi üçün təzyiq göstərməyə cəhd edib",  ittihamda deyilir.

Trampın kampaniyası açıqlamasında bildirib ki, keçmiş prezident həmişə qanunlara əməl edib. Eks-prezident ittiham aktını nasist Almaniyasının ruhuna uyğun siyasi "təqib” kimi qiymətləndirib.

İttihamnamədə Trampın adı açıqlanmayan daha altı şəxslə əlbir olduğu iddia edilir. 

Oxşar xəbərlər