Ukrayna Moskvaya yeni PUA hücumuna hazırlaşır: Rusiya əhalisi vahimə içindədir (ŞƏRH)
3-08-2023, 13:55
1 123

Ukrayna Moskvaya yeni PUA hücumuna hazırlaşır: Rusiya əhalisi vahimə içindədir (ŞƏRH)

"The Wall Street Journal"ı yazır ki, Ukrayna Moskvaya kütləvi PUA hücumuna  hazırlaşır. Nəşr hesab edir ki, Moskvaya edilən son dron hücumları ilə Ukrayna  şəhərə bir neçə istiqamətdə və müxtəlif hündürlüklərdə axın edəcək onlarla PUA-nın iştirakı ilə kütləvi hücuma hazırlaşmaq üçün Rusiyanın hava hücumundan müdafiəsinin nəbzini yoxlaya bilər. 

Maraqlıdır ki, Ukraynanın Rusiyaya kütləvi dron hücumuna Qərbin və Rusiyanın reaksiyası necə olacaq? 

Politoloq Natiq Miri bildirib ki, Rusiyanın nə reaksiya verəcəyi indidən bəllidir:

"Rusiya Ukraynanın bütün şəhərlərini hər zaman ağır ballistik raketlərlə atəşə tutub. Bu proses davam edir. Ona görə də Rusiyanın nə edəcəyi Ukraynanı o qədər də qorxutmur. Çünki Kreml bütün addımlarının cavabını alacaq”.
Politoloq hesab edir ki, Ukrayna dolayısı ilə Rusiyaya göstərmək istəyir ki, mərkəzi şəhərlərin, mülki şəxslərin yaşadığı yerlərin vurulması bir dövlətin hakimiyyəti üçün ağrılıdırsa, Ukrayna üçün də elədir. 

"Rusiyanın da bu ağrını, məsuliyyəti hiss etməsi üçün Ukrayna bu cür dron hücumları edir. Bu, həm də rus cəmiyyətində panika yaratmaq məqsədi daşıyır. Əhalini kütləvi olaraq Rusiya hakimiyyətinə qarşı qaldırmaq istəyirlər. Çünki bu cür PUA hücumlarından sonra "qüdrətli rus ordusu” haqqında mif nəinki xarici ölkələrdə, eyni zamanda rus əhalisi arasında da tamailə dağılacaq. Sual yaranacaq ki, niyə hakimiyyət 100 km-lərlə, 1000 km-lərlə uzaqda olan Moskva şəhərini Ukrayna dronlarından qoruya bilmir”,- deyə politoloq vurğulayıb.

N. Miri hesab edir ki, Qərb açıqlama verərkən Rusiya şəhərlərinin vurulmasının əleyhinə olduğunu bildirir:

"Ancaq bu sadəcə olaraq sözdədir. Rusiya şəhərləri Qərbin Ukraynaya verdiyi raketlərlə vurulur. Düzdür, Rusiya şəhərlərini Ukrayna özünün istehsal etdiyi dronlarla da vurur. Çünki bu dronların kütləvi istehsalına Ukraynada başlanılıb. Ukrayna da öz dronları ilə bu cür hücumları həyata keçirdiyi üçün məsuliyyəti öz üzərinə götürür. Fakt ortadadır ki,  müharibə gedir. Rusiya hər gün ağır silahlarla, ballistik raketlərlə Ukrayna mülki əhalisini, onların yaşadığı binaları, bütün infrastukturu darmadağın etməklə məşğuldur. Ukraynanın da etdiyi buna bir cavabdır. Düşünürəm ki, bu da normaldır. Çünki müharibədən söhbət gedirsə, qarşı tərəfin cavab vermək hüququ da olur". 

Oxşar xəbərlər