Rusiya Ermənistanda öz adamını hakimiyyətə gətirir?
19-12-2020, 09:46
272

Rusiya Ermənistanda öz adamını hakimiyyətə gətirir?

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Rusiyaya yolu, nəhayət, açıldı. Nikol Paşinyanın hakimiyyətə gəldiyi gündən məhkəmələrdə sürünən, ayrı-ayrı vaxtlarda həbs edilən, hər dəfə Rusiya prezidenti Valdimir Putinin mərhəmətinə sığınan Köçəryan bundan əvvəlki cəhdində ölkədən çıxa bilməmişdi.
Qarabağda gərgin döyüşlərin getdiyi günlərdə R.Köçəryan Rusiyadan dəstək almaq istəyini bəyan etsə də, N.Paşinyan onun səfərini hakimiyyətinə təhlükə gördüyü üçün məhkəmə prosesini yeniləmişdi. Ancaq görünür, Ermənistanın baş naziri daha arsenalındakı bütün vasitələrdən istifadə etdiyi üçün bu dəfə Köçəryana “yaşıl işıq” yandırıb. Ancaq maraqlıdır, Köçəryan Moskvadan nə gətirəcək?
Aydındır ki, sabiq prezidentin Rusiyada əsas dayağı prezident Putindir. Onunla görüş nəyi həll edə bilərmi? Onun yenidən hakimiyyətə gəlmək ehtimalı çox az olsa da, Rusiya dəstəkləsə, bu bəlkə də mümkün olar. Amma bu da var ki, Ermənistan cəmiyyəti Rusiyanın istənilən kadrının hakimiyyətə gəlməsini istəsəydi, bunu çoxdan edərdi. Digər vacib bir məqamı da xüsusi vurğulamaq lazımdır: Azərbaycan prezidenti İlham  Əliyev çıxışlarında bir neçə dəfə Xocalı soyqırımının başında dayanan Serj Sərkisyan və Robert Köçəryanın ünvanına sərt ittihamlar səsləndirib. Prezident bəyan edib ki, əslində Nikol Paşinyan heç kimdir, Azərbaycan əsgəri  Sərkisyan-Köçəryan ordusunu məhv edib. Dövlət başçısı Ermənistan ordusunun 80 faizinin məhv edildiyini dəfələrlə bildirib. Azərbaycan prezidenti Sərkisyan-Köçəryan cütlüyünə qarşı kəskin mövqe sərgilədiyi halda, onlardan hansısa birinin yenidən revanş əldə edib, hakimiyyətə qayıtması mümkünsüzdür. Çünki Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından asılıdır, Xocalı cəlladları ilə isə belə təmaslar mümkün deyil. Deməli, Rusiya prezidenti də Ermənistanın gələcəyini kiməsə tapşırmaq istəsə, o halda Azərbaycan liderinin mövqeyini mütləq nəzərə almalı olacaq. Bütün bunların fonunda bir suala da aydınlıq gətirmək lazımdır: Rusiya öz adamını  - Köçəryan və ya bir başqasını - Ermənistanda hakimiyyətə gətirə bilərmi?
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, hazırda gündəmdə olan, Rusiya və region ölkələri üçün xüsusi önəm daşıyan əsas məsələ Rusiya, Azərbaycan və Ermənistan  arasında imzalanmış razılaşmanın tezliklə tam icra olunmasıdır: “Bu baxımdan hazırkı dövrdə Paşinyanın hakimiyyətdə qalması prosesin sona çatdırılması üçün xüsusi əhəmiyyət daşıyır. Köçəryanın Rusiyanın siyasi dairələri ilə əlaqələrinin yaxşı olması və dəstəklənməsi məlum məsələdir. Ancaq reallıq ondan ibarətdir ki, erməni xalqı onun hakimiyyəti illərindən də narazıdır və bu gün Ermənistanda baş verənlərdə onu da günahlandırırlar. Ona görə onun yenidən siyasi hakimiyyətə gəlmək ehtimalı hazırkı dönəmdə böyük deyil. Onu da qeyd etmək lazımdır ki, bu gün Ermənistanda vəziyyət sabit deyil və davamlı olaraq paytaxtda mitinqlər keçirilir, şəhər iflic vəziyyətə düşür”. C.Məmmədov qeyd etdi ki, əsas məqsəd Paşinyanın hakimiyyətdən getməsinə nail olmaqdır: “Paşinyanın isə hakimiyyətdən getmək fikri yoxdur. Müxalifət vahid namizəd kimi Vazgen Manukyanı irəli sürsə də, hakimiyyətə kimin gələcəyi dəqiq deyil. Hər an vəziyyət dəyişə bilər, ölkə vətəndaş müharibəsinə sürüklənə bilər. Hazırda Ermənistanda baş verən proseslər region dövlətləri tərəfindən də diqqətlə izlənilir. Qeyd etdiyim kimi bu gün əsas hədəf və məqsəd üçtərəfli anlaşmanın tam yerinə yetirilməsinə nail olmaqdır. Hazırkı dövrdə Ermənistanda siyasi dəyişikliyin baş verməsi ümumi prosesə təsirsiz ötüşməyəcək”.
Politoloq Məhəmməd Əsədullazadə isə  bildirdi ki, Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə Qarabağ müharibəsindən sonra aktiv mərhələyə keçib: “Əsasən 17 partiyanın birləşdiyi sabiq baş nazir Vazgen Manukyanın namizəd kimi irəli sürülməsində Robert Köçəryanın bu işlərin arxasında olduğunu göstərir. Məhz Köçəryanın indiki aktiv bir siyasi prosesdə Kremlə getməsi əsasən yeni təlimatlar almaq ə müxalifətin proseslərdə aktiv rolunda Rusiyaya qarşı vətəndaşlar araında yeni bir müsbət kampaniyanın formalaşaması təbliğatını qurmaq. Post Paşinyan dönəminə hazırlaşamaq. Rusiya yaxşı bilir ki, onun kadrlarının, xüsusilə Robert  Köçəryanın xalqın dəstəyi ilə hakimiyyətə gəlməsi mümkün deyil: ”Yalnız zorakı yollarla bu, mümkün ola bilər. Ona görə də düşünürəm Moskvanın siyasi mətbəxində Ermənistanda isyasi hakimiyyətin dəyişməsi üçün Köçəryanın iştirakı ilə yeni bir ssenari hazılanır. Paşinyan da indiki situasiyada vəziyyətin gərgin olduğunu açıq şəkildə Moskvaya qarşı mübarizıə apara bilməyəcəyinin fərqindədir. Demək olar ki, Rusiya düyməyə basıb, Paşinyanın getməsi üçün Köçəryanla yeni bir iş sisteminə keçib. Köçəryana Qarabağ klanını toparlamaq, mümkün hərbi çevriliş üçün orduda generalları ətrafına yığmaq göstərişi veriləcək. Baş nazir Nikol Paşinyan yaxşı bilir ki, Köçəryan onun qatı düşmənidir. Deməli, hakimiyyətə qarşı mübarizə üsulu üçün yenidən xalqı meydanalara çağıra bilər. Hesab edirəm ki, Robert Köçəryanın Moskva görüşündə Ermənistanda siyasi hakimiyyıtin dəyişməsinə gətirib çıxara biləcək yeni siyasi format qəbul ediləcək. Amma bu qüvvələrin hakimiyyətə gəlməsi çətin görünür. Ermənistan əhalisi əgər, Köçəryanın rəhbərliyə gətirilməsi ilə bağlı Rusiyanın planının olduğunu görəcəksə, o halda ölkədə Paşinyana dəstək artacaq". M.Əsədullazadə qeyd etdi ki, Ermənistanda siyasi hakimiyyətdən xalq o qədər narazı deyil: “Köçəryan yeni bir etraz dalğasının fomalaşması, Paşinyanın dəstəkdən tam məhrum edilməsi və iqtisadi güzəştləri dayandırmaq məsələlərini Kremllə müzakirə edəcək. O istəyir ki, xalq sosial çətinliyin ağırlığından Paşinyana qarşı etiraza qalxsın. Köçəryan Ermənistandakı siyasi vəziyyətdən, böhrandan, həmçinin Rusiyanın dəstəyindən tam yararalmağa çalışacaq. Moskva səfəri Paşinyanın devrilməsini özündə ehtiva edən bir səfərdir”.
Ermənistan müxalifəti isə 22 dekabrdan etibarən ölkə boyunca kütləvi etimadsızlığa və tətillərə başlayacağını bəyan edib. Hər gün ölkədə Paşinyanın istefası tələnbilə aksiyalar keçirilir, hətta üç günlük matəm günlərində də etirazlar dayandırılmayacaq. Hər halda, Köçəryanın bu ərəfədə başlayan Moskva yolçuluğu təsadüfi deyil. Gözləyək...

Oxşar xəbərlər