COVID 19-un yeni variantı Eris: Faktlar nə deyir?
8-08-2023, 16:34
6 962

COVID 19-un yeni variantı Eris: Faktlar nə deyir?

İngilis səhiyyə təşkilatları COVID-19 virusunun yeni variantının sürətlə yayıldığını bildirirlər. Xüsusilə, İngiltərədə sürətlə yayılan bu variant ölkədəki hər 7 COVID hadisəsindən birində müşahidə edilir.
TRT Haber xəbər verir ki, elmi adı EG.5.1 olan bu subvariant ilk dəfə iyulun 31-də aşkar edilib. Bununla belə, virusun may ayının sonlarından yayıldığı istisna edilmir.
Eris adlanan alt variantın Sars-Cov-2-nin Omicron variantından törədiyi deyilir. Mütəxəssislər hələlik həyəcan təbili çalmaq üçün hər hansı bir səbəb olmadığını bildirirlər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında isə ölkələrə yeni hallara qarşı sayıq olmaq və COVID simptomları olan xəstələri yaxından müşahidə etmək tövsiyə edilir.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) də ölkədə koronavirusa yoluxanların sayının artdığını açıqlayıb. Agentlik bildirib ki, son vaxtlar qeydə alınan 4 min 396 yuxarı tənəffüs yolları xəstələrinin 5,4 faizinə COVID-19 diaqnozu qoyulub.
Agentliyin məlumatına görə, Eris artıq hər 7 COVID hadisəsindən birində müşahidə edilib. Bu o deməkdir ki, yeni subvariant digərləri ilə müqayisədə kifayət qədər sürətlə yayılır və getdikcə daha çox üstünlük təşkil edir.
Agentliyin hesablamalarına görə, iyulun 20-nə olan məlumatda Eris bütün COVID hadisələrinin 14,55 faizini təşkil edib.
Böyük Britaniyanın yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssislərindən professor Pol Hanter da Erisin nə vaxtsa dominant olacağını və infeksiyaların ümumi sayını artıracağını istisna etməyib. Bununla belə, o, yeni subvariantın təsirinin təsəvvür edildiyi qədər qorxulu olmayacağını bildirib.
Londondakı Ridinq Universitetinin mikrobioloqu Saymon Klark isə "Daily Mail"-ə verdiyi açıqlamada deyib: "COVID dəyişməkdə və yeni şəraitə uyğunlaşmaqda davam edir. Ona görə də, yeni variantlar ortaya çıxdıqda və infeksiyaların sayının artmasına səbəb olduqda təşişə düşməməliyik. Çünki peyvəndlərin xəstəliyə qarşı təsiri kifayət qədər yüksəkdir və xəstələrin sayı artıb azalsa da, ölüm faizləri aşağı olaraq qalır ".
Yeni variantın yayılma arealına gəlincə, Eris artıq Asiyada COVID-ə yoluxma hallarının təxminən 20 faizini, Avropada 10 faizini, Şimali Amerikada 7 faizini təşkil edir. Dünyada isə bu variant 36 ölkədə 2000-dən çox halda aşkar edilib.

Oxşar xəbərlər