Fransadan Azərbaycana son hücum: gərginlik pik həddə – Paris açıq düşmənçiliyə gedir
4-10-2023, 17:44
8 697

Fransadan Azərbaycana son hücum: gərginlik pik həddə – Paris açıq düşmənçiliyə gedir

Bir neçə gün öncə Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin dayandırıldığı elan edildi. Hazırkı proseslərdə Paris aktiv şəkildə Azərbaycana qarşı qaralama kampaniyası aparır, Qarabağda baş verənləri “etnik təmizlik” adı altında dünyaya sırımağa çalışır.
Fransa xarici işlər naziri Ketrin Kolonna da dünən Ermənistana səfərində ölkəsinin strategiyasını davam etdirdi və Qarabağ ermənilərinə Parisin fəxri vətəndaşı statusu veriləcəyini bildirdi.
Hətta Fransa Azərbaycana qarşı Avropa İttifaqı tərəfindən sanksiyaların tətbiq olunmasını tələb edir.
Fransanın Azərbaycanla bağlı bu addımları necə dəyərləndirilməlidir? Ümumiyyətlə, sözügedən qrupun nə kimi əhəmiyyəti var? Parisin bu hərəkətlərinə necə cavab verilməlidir?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov Parisin hazırkı prosesdə son gedişlərini dəyərləndirib:

Elman Nəsirov
“Sirr deyil ki, Fransa rəhbərliyi öz davranışı ilə ermənidən çox erməni olmaq xislətini ortaya qoyur. Bu yeni hadisə deyil. Xüsusilə Emmanuel Makronun prezidentliyi dövründə bu proses əcaib forma almağa başlayıb. Hətta Fransa prezidenti ölkəsinin maraqlarını bir kənara ataraq erməni maraqları üçün can yandırır. Başda Emmanuel Makron olmaqla Fransa rəsmiləri erməni lobbisindən son dərəcədə asılı vəziyyətdədirlər.
Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasının 193 üzvü var. Münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanı çıxsaq, yerdə qalan 191 ölkə arasında yeganə ölkədir ki, qondarma bir rejimin müstəqilliyini tanımışdı. Nəzərə alaq ki, hətta o separatçı “rejimi” yaradan Ermənistan dövləti belə bu addımı atmayıb. İndi Fransa Parlamentində Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətini dayandırdığı elan olunub”.
E.Nəsirov Fransa rəsmisinin Ermənistana səfəri və bu çərçivədə verdiyi bəyanatlara diqqət çəkib:
“Fransa xarici işlər naziri Ketrin Kolonna yenə Ermənistanda səfərdədir. İrəvana dəstək olduqları ilə bağlı fikirlər səsləndirir, hətta Azərbaycanı Avropa İttifaqının sanksiya tətbiq edəcəyi ilə hədələyir. Eyni zamanda ermənipərəst mövqeyini bir az da önə çəkərək Qarabağı könüllü tərk edən ermənilərə Parisin fəxri vətəndaşı adının veriləcəyini deyir. Təsadüfi deyil ki, Azərbaycan Parlamentində Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu da analoji addım ataraq öz fəaliyyətini dayandırdı. Fransa tərəfindən Azərbaycana qarşı obyektiv davranış sərgilənməyənə kimi bu fəaliyyət bərpa edilməyəcək. Elə bilməsinlər ki, bizim Fransaya ehtiyacımız var. Paris bu gün çox ciddi şəkildə çalışır ki, Bakı ilə İrəvan arasında münasibətlərdə normallaşma prosesi getməsin”.
Deputat bildirib ki, Paris regionun davamlı olaraq xaos içində qalmasına şərait yaradır:
“Təəccüblü deyil ki, Fransa müdafiə naziri Ermənistanın müasir silahlarla təmin edilməsinin vacibliyini vurğulayıb. Məhz bu ölkənin təşəbbüsü ilə Avropa İttifaqının Qarabağı tərk edən ermənilərə maliyyə yardımlarının göstərilməsi ilə bağlı razılaşmalar var. Bu davranış regionun daimi olaraq xaos məngənəsində çabalamasını şərtləndirir. Lakin bütün bu cəhdlərin heç bir mənası yoxdur. Azərbaycanın mövqeyi ədalətlidir, biz güclüyük. Heç kim bizimlə bu şəkildə danışa bilməz”.

Oxşar xəbərlər