Avropadan separatçılara dəstək: "Ermənipərəst parlamentarilərin hoqqabazlığı..."
6-10-2023, 14:07
24 516

Avropadan separatçılara dəstək: "Ermənipərəst parlamentarilərin hoqqabazlığı..."

“Avropalı parlamentarilərin siyasi hoqqabazlıqları heç bir nəticə verməyəcək. Onlar yalnız rüşvət qarşılığında erməni lobbisinin maraqlarına xidmət edirlər”. 
Bu sözləri Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov açıqlamasında Avropa Parlamentində anti-Azərbaycan kampaniyasının mahiyyətini şərh edərkən bildirib.

O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyi yeni bir hadisə deyil:
“Avropa Parlamentinin ölkəmizə qarşı növbəti qətnaməsi qətiyyən bizi təəccübləndirməməlidir. Çünki Avropa Parlamentinin rəhbər postunda olan şəxslər, eləcə də sıravi parlamentarilər rüşvətə və korrupsiyaya bulaşıblar. 
Avropa Parlamentində korrupsiya halları və digər qanunsuz əməllər dünya səviyyəsində ifşa olunub. Çox yaxşı bilirik ki, həmin parlamentarilər Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən bu yaxınlarda həbs olunan erməni separatçısı Ruben Vardanyandan, habelə erməni lobbisinin rəhbərlərindən xeyli sayda rüşvət alıblar. Yaxın günlər onların bütün çirkli əməlləri tərəfimizdən ifşa olanacaq. 
Avropa Parlamentinin qətnaməsində Avropa İttifaqı və onun üzv ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırılır. Axı bizim günahımız nədir? Görəsən, biz hansı qeyri-qanuni hərəkətə yol vermişik?
Çox yaxşı bəllidir ki, Azərbaycanın öz ərazi bütövlüyünü tam şəkildə bərpa etməsi ermənipərəst parlamentariləri özündən çıxarıb. 
Heç bir əsas olmadan Azərbaycanı Qarabağda ermənilərə qarşı etnik təmizləmə aparmaqda günahlandırırlar. Pul qarşılığında boş-boş ittihamlar səsləndirirlər. 
Maraqlıdır, niyə indiyə qədər avropalı parlamentarilər Qarabağdakı ermənilərin vəziyyəti barədə araşdırma aparmayıb? Niyə bu günə kimi ermənilərin özünə sual verməyib ki, onlar ərazilərimizi təzyiq altında, yoxsa könüllü tərk ediblər? Onlar bunu etmirlər və etməyəcəklər də. Ona görə ki, həmin parlamentarilər erməni lobbisinin sifarişlərini yerinə yetirirlər”.
Deputatın sözlərinə görə, Avropa parlamentinin qətnaməsinin heç bir hüquqi əsası yoxdur: 
“Azərbaycan Avropa İttifaqı qarşısında heç bir hüquqi öhdəlik götürməyib. Heç bir ölkə Azərbaycanla təhdid dilində danışa bilməz. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz işğala, terrorizmə və separatizmə qarşı mübarizə aparıb”.
O bildirib ki, Avropa Parlamentinin Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə vadar etməsi heç bir nəticə verməyəcək:
“Azərbaycan Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Eyni zamanda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində yüksək səviyyədə əməkdaşlıq mövcuddur. 
Enerji təhlükəsizliyi baxımından Avropa İttifaqı Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir. Bütün bu reallıqlar fonunda ermənipərəst parlamentarilərin hoqqabaz hərəkətləri öz bəhrəsini verməyəcək”.

Oxşar xəbərlər