Küveyt mediası Azərbaycanın Dövlət Bayrağ Günü haqqında məlumat yayıb
9-11-2023, 17:40
7 931

Küveyt mediası Azərbaycanın Dövlət Bayrağ Günü haqqında məlumat yayıb

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar bu ölkənin ərəb dilində nəşr olunan və geniş oxucu kütləsinə malik gündəlik “Dasmannews” və “Zawayakw” elektron xəbərlər portallarında geniş məlumat dərc etdirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatda noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunduğu, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladığı, həmin il dekabrın 4-də isə Milli Məclisin noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirməsi oxucuların diqqətinə çatdırılıb. Yazıda müstəqilliyin bərpasından sonra Azərbaycanın dövlət bayrağının milli suverenliyin əsas atributlarından biri kimi ölkəmizin bütün vətəndaşları üçün dövlətçiliyin müqəddəs rəmzlərindən birinə çevrildiyi qeyd edilib.
Küveyt ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Vurğulanıb ki, Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu qəbul edərək onu dövlət bayrağı elan edib.
Sonda qeyd edilib ki, Dövlət bayrağı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bərpa edən azərbaycanlı əsgərlər üçün müqəddəsdir və onları qələbələrə ruhlandırıb.

Oxşar xəbərlər