“Oğlumun əlini qandallayıb, döyüb, öldürüblər” – İDDİA + RƏSMİ AÇIQLAMA
20-08-2021, 17:34
192

“Oğlumun əlini qandallayıb, döyüb, öldürüblər” – İDDİA + RƏSMİ AÇIQLAMA

Mingəçevir sakini Heydərov Akif İbad oğlu övladının Mingəçevir şəhər, Niyazi küçəsində iki polis əməkdaşı tərəfindən zorakılığa məruz qalaraq öldürüldüyünü iddia edir.
Bu barədə Yeniavaz.com-a müraciət edən A. Heydərov bildirib ki, hadisə avqust ayının 12-də baş verib:

 “35 yaşlı oğlum Heydərov Zaur axşamlar mütəmadi olaraq küçədəki qaz borusun üzərində oturub qonşunun “wi-fi” şəbəkəsindən istifadə edirdi. Bizdə də “wi-fi” şəbəkəsi var, lakin evin divarları qaya daşından olduğu üçün həyətdə internet zəif olur.
Avqust ayının 12-si, gecə saat 01:55-də Mingəçevir şəhərinin Niyazi küçəsində polis əməkdaşları xidməti avtomobillərini oğlumun üzərinə sürüblər və ona 40 santimetr qalmış dayanıblar. Bu zaman uşaq qaçıb. Qaçan zaman da qonşu Qumaş xalanı çağırıb. Polis əməkdaşları onu tutublar, döyərək əlini qandallayıb avtomobilə salıblar.


İnsanlar bizi çağıranda gördük ki, oğlum yolun ortasında uzanıb, yanında da iki polis var. Soruşdum ki, ay oğul, nə olub? Dedilər ki, dayı, biz yol ilə gəlirdik, gördük yolda bir kişi uzanıb, baxdıq nəfəs almır, zəng vurduq təcili tibbi yardıma, gəldilər və dedilər ki, çoxdan keçinib. Dedilər ki, ölüm səbəbi bəlli deyil, müəyyənləşdirmək üçün morqa aparmalıyıq. Mən də bildirdim ki, bəli, səbəbini biz də bilməliyik. Oğlumu apardıq morqa. Bizə bildirdilər ki, ekspert burada deyil, ona görə də gedin, saat 9-dan sonra gəlin. Yaxınlarımızdan bəziləri morqda qaldı, mən də digərləri ilə küçəyə qayıtdım. Həmin o Qumaş xala məni çağırdı və dedi ki, Zaur əvvəlcə “ata” deyə çağırdı, sonra “Qumaş xala” deyə çağırmağa başladı. O bildirdi ki, təxminən 8-10 dəqiqə ərzində əyninə paltar geyinib küçəyə çıxanda, polislərin Zauru avtomobildən sürüyüb yerə atdıqlarını görüb. Bunu eşidəndən sonra həmin polislərə qarşı aqressiv olduq. Buna baxmayaraq saat 04:40-da həmin polislər bizim küçədə peydə oldular. Mən onlardan soruşdum ki, mənim oğlumu tanıyırdınız? Dedilər, yox. Soruşdum ki, bəs, niyə onu öldürmüsünüz? Dedilər ki, biz öldürməmişik, biz sənə yaxşılıq etmişik, təcili tibbi yardıma xəbər vermişik. Bunu deyəndə onları Qumaş xalagilə apardım. Qumaş xala hadisəni danışanda, bunların rəngi ağappaq oldu, sonra da maşına oturub qaçdılar.
Polislər hadisəni bizə danışdıqları kimi gedib prokurorluqda izahat yazıblarmış. Amma biz şikayət edəndən sonra gedib izahatlarını dəyişiblər. Bu dəfə yazıblar ki, guya yol ilə gedərkən oğlumu qaz borusunun üzərində oturan halda görüblər və yaxınlaşıb özlərini təqdim ediblər. Polislər budəfəki izahatlarında bildiriblər ki, özlərini təqdim edəndə, oğlum qaçıb. Yazıblar ki, müqavimət göstərdiyi üçün qoluna qandal vurublar və maşına əyləşdiriblər. Guya maşına əyləşdirəndən 3 dəqiqə sonra oğlum dünyasını dəyişib, bunlar da maşından götürüb asfaltın üstünə qoyublar.


Mən prokurorluğa müraciət elədim və onlar da gəlib polislərin avtomobili oğlumun üzərinə sürdüyünü təsdiqlədilər. 1 metr 40 sm təkərin izi var.
Bundan sonra polis şöbəsindən bizə müxtəlif adamlar pul təklif etməyə başladılar. Yas mərasimi üçün dana kəsdirirdik. Mingəçevir Şəhər Polis Şöbəsinin rəis müavini mənə dedi ki, danının pulunu mən verəcəyəm. Mən də dedim ki, sən Zaurun nə əmisi, nə də dayısı deyilsən, uşaq mənimkidir və mən öz oğlumun yas mərasimini keçirməyə qadirəm.
Ekspertizanın cavabı 14 gün ərzində bəlli olacaq. Amma ekspertin ilkin baxış vaxtı rəyi o oldu ki, bədəndə zorakılıq əlamətləri və zədələr var, bu adam zərbələrə məruz qalıb.
İndi də həmin polislər şaiyə yayırlar ki, guya mənim oğlumun ürəyi xəstə imiş, ona görə dünyasını dəyişib. Mənim oğlum tam sağlam idi. Həmin polislərdən şikayət eləmişəm. Oğlumun qatillərinin qanunvericiliyə uyğun şəkildə cəzalandırılmasını tələb edirəm”.
Mingəçevir sakini bildirib ki, övladı bu ilin dekabr ayında ailə həyatı quracaqmış.
Akif Heydərovun iddiasında adı hallanan və dünyasını dəyişmiş Z. Heydərovun qonşusu 87 yaşlı Qumaş Abbasova Yeniavaz.com-a hadisə gecəsi gördüklərini belə danışıb:
“Gecə idi, yatmışdım. Gördüm, kimsə “ata, ata” deyə çağırır. Sonra başladı “Akif ata” deyə, daha sonra isə “Qumaş xala” deyə dəfələrlə çağırmağa. Fikirləşdim ki, Akifə nəsə olub, ona görə də uşaq gecənin bu vaxtı məni çağırır. Çıxdım, qapıya. Qapını açıb çölə çıxanda polislərdən biri dedi ki, su gətir. Qayıtdım, su krantından su götürüb, apardım. Suyu polisə verdim, amma bilmədim suyu neylədi. Uşağı qollarından tutub yerə qoydular. Soruşdu ki, bu uşağı tanıyırsan? Dedim, bu Akifin oğludur. Soruşdum ki, buna nə olub? Dedi ki, sudurqa (epilepsiya) verib. İndicə məni çağıran adam sudurqa verib. Ondan sonra camaat gəldi, “skoru” da gəldi, ayılmadı”.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Yeniavaz.com-un məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, Z. Heydərov ürək-qan-damar dövranının pozulması səbəbindən dünyasını dəyişib:
“Mingəçevir şəhərinin Niyazi küçəsində özünü şübhəli aparan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarından qaçmağa cəhd göstərib. Polis tərəfindən saxlanılan şəhər sakini, 1986-ci il təvəllüdlü Zaur Heydərovun halı qəfil pisləşdiyindən hadisə yerinə təcili tibbi yardım çağırılıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Z.Heydərovun ürək-qan damar dövranının pozulması səbəbindən öldüyü bildirilir. Hazırda iş üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub”.
Baş Prokurorluqdan isə Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, Zaur Heydərovun ölümünün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin olunub:
“Avqustun 12-də gecə saat 02 radələrində 1986-cı il təvəllüdlü Zaur Heydərovun yaşadığı evin yaxınlığında avtomobil yolunda meyitinin aşkar edilməsi faktı ilə bağlı hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir.
Araşdırma zamanı prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Zaur Heydərovun ölümünün səbəbini müəyyən etməkdən ötrü məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Oxşar xəbərlər