Şamaxıdakı qəzada yaralananların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2
13-06-2022, 13:23
1 570

Şamaxıdakı qəzada yaralananların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2

Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən 2 nəfər hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində müalicə alır.
TƏBİB-dən verilən məlumata görə, vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, incik sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat olunacaq.
Vəziyyəti orta ağır qiymətləndirilərək dövlət tibb müəssisəsinə gətirilən və daha sonra yaxınlarının və tur təşkilatçılarının istəyi ilə özəl tibb müəssiəsinə aparılan 2 vətəndaşdan 1 nəfər yenidən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsinə gətirilib. Ona bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı diaqnozu qoyulub.
Digər 1 nəfər isə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu ilə paytaxtda yerləşən özəl tibb müəssisəsində müalicəsini davam etdirir.
Qeyd edək ki, xəsarət alanlar dövlət tibb müəssisələrindən özəl tibb müəssisələrinə yaxınlarının və tur təşkilatçılarının nümayəndələrinin istəkləri ilə aparılıb. Təşkilatçıların nümayəndələri özəl tibb müəssisəsi ilə müqavilələri olduğunu əsas gətirərək, belə bir addım atıb. Bir daha vurğulayırıq ki, Kütləvi İnformasiya Vasitələrində yayılan görüntülərdəki insident TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində qeydə alınmayıb. Xəsarət alanların müalicəsi TƏBİB rəhbərliyinin nəzarətindədir.
***
Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.
2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.
***
02:18
Qəbələdən Bakıya turistləri aparan avtobusun Şamaxıda qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.
Hadisə nəticəsində Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsi sakinləri 1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı, 2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı, 2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı, 1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı, 1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı, 1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı, 2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı, 2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.
Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəblərin müəllim və şagirdləri, onların valideynləri olub.
***
00:42
Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA verdiyi xəbərə görə, hadisə ötən gün saat 23:00 radələrində baş verib.
Üzərinə Bakı-Tovuz-Qazax-Qırmızı Körpü yazılmış 90-NL-949 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.
Hadisə zamanı Qəbələdən Bakıya gedən və içərisində 55 sərnişinin olduğu avtobusda 6 nəfər xəsarət alıb.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həmçinin, təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstərib.



Oxşar xəbərlər