Kürdəmirdə yol qəzasında rüşvət iddiası
2-09-2022, 16:01
7 390

Kürdəmirdə yol qəzasında rüşvət iddiası

Kürdəmir rayon sakini Davud Gerayev keçirdiyi yol qəzasında maşınını vuran şəxsin polisə rüşvət verərək məsuliyyətdən yayındığını iddia edir. 
“Yeni Sabah”a müraciət edən rayon sakini bildirir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsinə baxmayaraq, cavab ala bilməyib: 
“Öz avtomobilimlə taksi olaraq fəaliyyət göstərirəm. 27 avqust günü səhər saat 8 radələrində avtomobilimi Kürdəmirin “Semka” deyilən ərazisində 20-30 sürətlə idarə edərkən “06” markalı avtomobil maşınımı sağ tərəfdən vurdu. Arxa oturacaqda sağ tərəfdə oturan anam müxtəlif xəsarətlər aldı. 
Hadisə yerinə polis əməkdaşları, müstəntiq gəldi. Məlum oldu ki, maşınımı vuran Səmid adlı şəxsin heç bir sənədi yoxdur. Sürücülük vəsiqəsi də yoxdur. Sığortanı çağırmağa qoymadılar ki, buna heç bir sığorta düşmür. Getdik şöbəyə, Natiq adlı müstəntiq Səmidə dedi ki, bu kişinin maşınını düzəltdirməlisən və bütün xərcləri ödəməlisən”.
D. Gerayevin sözlərinə görə, hadisədən iki gün sonra, 29 avqust günü şöbəyə çağırılıb və orada ona maşınını vuran şəxsin günahsız olduğu deyilib: 
“Orada Elşən adlı mayorun otağına daxil olanda gördüm ki, Səmid də oradadır. Oturdum, başladı mənə deməyə ki, bu kişidə günah yoxdur, günah səndədir, ora yolun kəsişməsidir və s. 
Etirazımı bildirdim ki, bunun heç bir sənədi, heç bir sürücülük hüququ yoxdur. Buna baxmayaraq dedi ki, onsuz da işi göndəririk Kürdəmir ekspertizasına, dediklərim təsdiq olunacaq. Maşınımı vuran adam mənə sadəcə xəstəxana xərcləri üçün 50 manat ödədi, o da heç nəyə bəs etmədi. Deyilənə görə, maşınımı vuran şəxsin qohumu müstəntiqdir, polisdə işləyir. Ya onun əli ilə həll etdi, ya da polisə rüşvət verdi. Cənab Nazirə də, Baş Prokurorluğa da məktub yazmışam, 102-yə də şikayət eləmişəm. Hələ ki, cavab yoxdur”. 
İddia ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, rüşvət iddiaları həqiqətə uyğun deyil: “Biz vətəndaşa yolun eyni əhəmiyyətli yol olduğunu bildirdik. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı qanunvericilikdə göstərilir ki, eyni əhəmiyyətli yolda sürücü sağdan gələn avtomobilə yol verməlidir. Hadisəni ekspertizaya göndərəcəyimizi, o qərara əsasən günahkar bəlli olacağını dedik. Səmid adlı şəxs vəsiqəsiz avtomobil istifadə etdiyi üçün cəzasını alıb. İnzibati xətalar məcəlləsində bununla bağlı maddə nəzərdə tutulub. Rüşvət iddiaları isə həqiqəti əks etdirmir”.

Oxşar xəbərlər