Öldürdüyü şəxsin ailəsi Rəşad Dağlıdan şikayətçi deyil - Cəzası yüngülləşdirilə bilərmi?
11-11-2022, 13:32
1 549

Öldürdüyü şəxsin ailəsi Rəşad Dağlıdan şikayətçi deyil - Cəzası yüngülləşdirilə bilərmi?

Ötən gün meyxanaçı Rəşad Dağlının atasının verdiyi açıqlama marağa səbəb olub. Belə ki, qonşusunu bıçaqlayan söz ustadının atası Vaqif Əmirov bildirib ki, oğlunun bıçaqladığı şəxsin ailəsi ondan şikayətçi deyil.
Bəs görəsən, bu, Rəşad Dağlının cəzasını yüngülləşdirə bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu (Məmmədli) bildirib ki, qətlə yetirilən şəxsin ailəsinin şikayətçi olub-olmamasının bu məsələyə təsiri olmayacaq:
“Ölüm məsələsi hansısa fərdin şikayət edib-etməməsindən asılı deyil. Bu birbaşa dövlət tərəfindən araşdırılacaq məsələdir və burada hanısa şəxsin şikayətçi olub-olmamasının prosesin hüquqa uyğun araşdırılıb yekun nəticə çıxarılmasına mane olmur. Bu baxımdan şikayətçi olmamaq məsələyə heç bir təsir göstərmir. Məsələn, xüsusi amansızlıqla qətl hadisəsi baş veribsə, ailə üzvlərinin şikayətçi olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Əgər məhkəmə o qərara gəlirsə ki, hadisə baş verib, o zaman Cinayət Məcəlləsinin konkret müddəasını tətbiq edir. Burada qətl edilənin ailəsinin şikayətçi olmaması yüngülləşdirici hal kimi nəzərdə tutulmayıb”.
Hüquqşünas qeyd edib ki, hadisənin hansı şəraitdə törədilməsindən asılı olmayaraq, insan öldürmə ciddi məsuliyyət yaradır:
“Mən bəribaşdan təqsirsizlik prezumpsiya hüququna hörmət edərək, eyni zamanda ictimai yayılan informasiyalarda gerçək istintaq sirrlərinin bir-birinə uyğun olub-olmadığını bilmədiyim üçün bu məsələdə yalnız mülahizə irəli sürə bilərəm. Düşünürəm ki, istintaq aparılmalı, faktlar toplanmalıdır. Fakt toplandıqdan sonra cinayətin şəkli tədqiq olunmalıdır. Aydınlaşdırılmalıdır ki, cinayət hansı formada olub, xüsusi amansızlıq olub, ya yox. Xüsusən bu cinayətin baş verməsi zamanı cinayətdə şübhəli bilinən şəxsin affekt vəziyyətdə olub-olmadığı araşdırılmalıdır, ondan sonra yekun qərar verilməlidir. Bütün hallarda insan öldürmə çox ağır cinayətdir və hansı mühitdə baş verməsinin fərqi yoxdur. Hər bir halda bu ciddi məsuliyyət yaradır”.
Ə.Məmmədlinin sözlərinə görə, Rəşad Dağlı məsələsində qəsdən adam öldürmə elementi daha qabarıq görünür:
“İstənilən halda bu ağır hadisədir. Hətta cinayət törədən şəxs təhlükədə olsaydı belə bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmə və qoruma istəmə hüququ vardı. Əgər bunların heç biri edilməyib və birbaşa bu hadisə baş veribsə, o zaman burada şəxsin hansısa təhqir altında, yaxud təhlükə altında bu cinayəti törətdiyini iddia etməsi də yetərli olmaz. Çünki əvvəlcə cəhd etməli, dövlətin qorumasından, hüququn işləməsindən istifadə etməli idi ki, bu təmin edilmədiyi zaman dözüm həddi bitmiş olardı. Amma elə birbaşa, “mən özüm öz problemimi həll edim” düşüncəsiylə gedirsə və əvvəlcədən də hazırlıq görərək cibində bıçaq aparmağı, əlbəttə, istintaqda nəzərə alacaq. Bu məsələdə qəsdən adam öldürmə elementi çox ağır görünür”.

Oxşar xəbərlər