Binəqədi “Daş bazarı”nda çörək daşdan çıxmır… - Milyonlar qazanan bazar vergidən yayınır?
19-04-2021, 15:39
256

Binəqədi “Daş bazarı”nda çörək daşdan çıxmır… - Milyonlar qazanan bazar vergidən yayınır?

Hərənin çörəyi bir yerdən çıxır. Babalarımız çətinliklə qazanılan çörək haqqında  deyiblər ki, çörəyi daşdan çıxır.
Amma vallahi, daş karxanalarının, daş bazarlarının sahiblərinin, qum-çınqıl  satanların çörəyi daşdan-zaddan çıxmır. Maşallah, daşdan, qumdan milyonlar qazanırlar. 
Ancaq təbiətimizə və büdcəmizə külli miqdarda  ziyan vururlar. 
Konkret olaraq  belə bazarlardan biri, Binəqədi rayonu ərazisindən yerləşən məşhur  “Daş bazarı”ndan bəhs etmək istəyirik. 
Bazarın adı “Daş bazarı” olsa da burada hər şey satılır: mişar daşları, təbii çay daşları, qum-çınqıl, sement, dəmir materiallar, armaturlar, yəni tikintidə lazım olan hər şeyi burada tapmaq olar. 
Ancaq bu tikinti materiallarının keyfiyyəti və insan orqanizmi üçün zərəri və digər məsələlər nəzarətdən kənardır. 
Sovet dövründə  tikinti materiallarını  öyrənən institutlar var idi. Məsələn, Elmi-tədqiqat İnşaat Materialları institutu. Yəni burada daşın, qumun, sementin, şiferin, əhəngin yaşayış evi üçün yararlı olub-olmadığı öyrənilirdi. Və nəticədən asılı olaraq daş karxanalarına icazə verilirdi. Amma bu gün kimin pulu varsa, daş karxanası açır, qum-çınqıl satır, çayların təbii yatağını dağıdırlar. Əslində bu məsələdə Ekologiya Nazirliyi də məsuliyyət daşıyır. Sabiq ekonazir  Hüseynqulu Bağırov bu daş karxanalarından milyonlar qazanıb. Sonra daş karxanaları hansı rayonun ərazisində yerləşirsə, mütləq icra başçısına, polis rəisinə, prokurora “aylıq” verməlidirlər. İndiki ekonazir Muxtar Babayev də bu problemlərə qarışmır, ağzına su alıb susur. 
Qanunsuz işləyən bu daş karxanalarının, qum-çınqıl sexlərinin məhsulları Bakıdakı bazarlarda, daha çox Binəqədidəki  “Daş bazarı”nda  satılır. Yəni sözümüzün canı odur ki, daş, qum, çınqıl  “Daş bazarı”na gələnə qədər yüz əldən keçir, həmin daşdan bütün məmurlar rüşvət alır və nəticədə 1 ədəd daşın qiyməti 1 ədəd  çörəyin qiymətinə çatır.  Ona görə də hazırda “Daş bazarı”nda  qiymətlər ceyran belinə qalxıb. 
Hətta gundelik-baku.com  saytına  daxil olan məlumata görə, “Daş bazarları”nın sahibləri eşidib ki, azad olunmuş rayonlarımızda güclü tikintilər başlayıb, ona görə də tikinti materiallarının qiymətlərini süni qaldırırlar. Bu ən azı vicdansızlıq və kəmfürsətcilikdir. Yəni azad olunmuş rayonlarımızdakı tikintilərə kömək etmək əvəzinə milyonlar qazanmaq istəyirlər.
Digər tərəfdən bu daş bazarları, o cümlədən Binəqədi “Daş bazarı”  vergidən yayınırlar. Hər gün bu bazarda böyük məbləğdə  alver gedir, bunlar vergini necə ödəyirlər? 
İqtisadiyyat nazirliyi, Vergilər Xidməti niyə bu məsələlərlə maraqlanmır? 
Bazarda çalışan işçilərin əmək müqaviləsi varmı ? 
Bir sözlə, tikinti-inşaat materialalrı bazarı problemlər içərisindədir.

Oxşar xəbərlər