Kəlbəcərin icra başçısı isə diriləri “öldürür”- Sən kimin QOHUMUSAN, Azər Qocayev ?
28-09-2021, 17:51
142

Kəlbəcərin icra başçısı isə diriləri “öldürür”- Sən kimin QOHUMUSAN, Azər Qocayev ?

Şeyx Nəsrullah ölüləri dirildirdi, Kəlbəcərin icra başçısı isə  diriləri  “öldürür”  

Əə, neyləyək aşıq Qurbanın qohumusan, gəl min boynumuza..

Kəlbəcərin təzə icra başçısı  “mantyor-provodnik”  ləqəbli Azər  Qocayev öz tərcümeyi-halında yazır ki, Azərbaycanın tanınmış saz-söz ustadı olan Ağdabanlı şair Qurbanın  QOHUMUDUR.  
Bu yerdə istər-istəməz rəhmətlik Əbdürrəhimbəy Haqverdiyevin  “Mirzə Səfər” hekayəsi  yada düşür. 
- Doğrudan Həsən Ağanın QOHUMUSAN ?
- Doğrudan.
- Sən Allah, Həsən ağanın qohumusan?
- Vallah, doğru deyirəm.
- Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
- Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam.
- Deyinən sən öl, Həsən ağanın adamıyam.
- Sən öl, Həsən ağanın adamıyam.
- Bəs elə isə gəl min mənim boynuma. Neynəyim Həsən ağanın qohumusan, əəə...
İndi biz neyləyək ki, sən Ağdabanlı aşıq Qurbanın qohumusan, ay Azər müəllim. 
Sənə inanıb, etimad göstərib  Kəlbəcər boyda rayona icra başçısı təyin ediblər. Sən də 2-ci ildir ki, icra başçısı olaraq əlini ağdan-qaraya vurmamısan. Daha doğrusu, əlini vurmusan, amma başqa şeylərə. 
Haqqında yazırlar ki, sağ adamı ölü  çıxarırsan. 
Azər  Qocayev,  ölüləri  dirildən Şeyx Nəsrullah haqqında eşitmişdik. Yazırlar ki, sən diriləri  öldürürsən. Yazırlar ki, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb. Mediada  yayılan  məlumata görə Kəlbəcər rayon Prokurorluğunun icraatında olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq), eləcə də AR CM-nin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ibtidai araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına qəbul edilib. Hazırda iş üzrə zəruri istintaq və hüquqi tədbirlər davam etdirilir.
Qəzan mübarək, ay Azər  Qocayev. Nə tez rüşvət almağa başladın. 
Yazılanlardan bəlli olur ki,  Azər Qocayev bu ilin iyununda məzuniyyətə çıxarkən vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb. İcra başşçısı Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 11, 22, 55, 98, 109, 115 saylı və digər məktəb direktorlarının hər birindən 500 manat rüşvət alması məktəb direktorlarının izahatlarında və digər sübutlarla öz əksini tapıb. Məlumatlardan o da bəlli olur ki, Azər Qocayev bir müddət əvvəl Kəlbəcər İHB-yə məxsus ianə fondunu ləğv edib. Çünki  təzə icra başçısı həmin fonda yığılan küllü miqdarda maddi vəsaiti talayıb, indi də izi itirir. 
Kəlbəcərlilər tələb edir ki, gənc icra başçısı cəzalandırılsın  və vəzifəsindən uzaqlaşdırılsın. 
Yuxarıda əbəs yerə yazmadıq ki, təzə icra başçısı diri adamları ölülər  siyahısına  salır. 
Bəli, Kəlbəcər  sakini  Alışanova Lətafət Asif qızı deyir ki, aldığı təqaüdün qəflətən kəsilməsindən narahat olaraq Gəncədə yerləşən DSMF-yə müraciət edib, orada ona deyirblər ki,  SƏN ÖLMÜSƏN, ona görə də DİRİ olduğunu sübut etməlisən. Yəni DİRİ olduğunu sübut etmək üçün mütləq  polisin 102 xidmətinə zəng etməli, ASAN xidmətə gedib qan analizi verməlisən və sübut etməlisən ki, həqiqətən dirisən. Yazıq  3 uşaq anası olan Lətafət xanım indi qalıb yollarda. Uzun get-gəllərdən sonra  binəva xanıma məlum olub ki, kəndin icra nümayəndəsi Ələkbər  Ələsovla  icra başçısı Azər Qocayev əlbir olaraq  binəvanı “öldürüblər”  və müavinətini həzm-rabedən keçiriblər. 
Vallah hər şey eşitmişdik, amma beləsini ilk dəfədir eşidirik. Bu da gənc icra başçısı. 
Azər Qocayev, ölkə başçısının  barama ilə bağlı təşəbbüsünə barmaqarası baxdın, dedin barama nədir əə,  dedik cavandır, səhvini düzəldər. 
Özünü idmançı  hesab edərək, şikayətçilərə əzələ nümayiş etdirdin, dedik, böyüyü-kiçiyi tapılar başa salar, dinmədik. 
Müavinlərini gözüm çıxdıya salmısan, binəvalar dinmir. 
Kabinetində şəkil çəkdirib sosial şəbəkədə  paylaşdın, POZ  VERDİN, dinmədik, dedik cavandır FORSDANIR..
İndi də  dirilərə  divan tutursan, öldürürsən. 
Əəə, gəl min boynumuza. Neyləyək ki, Ağdabanlı Aşıq Qurbanın qohumusan..?
P.S Əgər Ağdabanlı Aşıq Qurban bilsə ki, sən belə işlərlə məşğulsan, inan səni qohum kimi tanımaz. /Gundelik-baku.com/

Oxşar xəbərlər