“Nehrəmli Əli…” kimilər Bakının küçələrində reketlik edir.. - Paytaxtda “parkovka” məsələsi ciddi problemə çevrilib…
30-12-2021, 16:14
363

“Nehrəmli Əli…” kimilər Bakının küçələrində reketlik edir.. - Paytaxtda “parkovka” məsələsi ciddi problemə çevrilib…

Nəsimi RİH-nin, Bakı ŞİH-nin rəhbərliyi niyə iş yerində tapılmır, niyə xidməti telefona cavab vermirlər..? 

Deməli, paytaxt Bakının sakinləri  son illər daha bir ciddi problemlə üz-üzə qalıblar. 
Belə ki, Bakının başabəla meri  Hacıbala Abutalıbov küçələri, səkiləri, tinləri, dalanları satandan sonra nəinki sürücülərin avtomobil saxlamağı, hətta piyadaların yol getməsi problemə çevrildi. 
Bütün bunlar azmış kimi, indi də “parkovka maklerləri”  peyda oldu. 
Bəli, vətəndaş  boş bir yer tapıb avtomobilini saxlamaq istəyəndə  əlində  zopa-dəyənək olan gədələr bir anda peyda olur və sürücünün  başının üstünü kəsdirərək “ödəniş” tələb edir. 
Soruşan yoxdur ki, bəs vətəndaş avtomobilini harada saxlasın ? 
Soruşan yoxdur ki, mən  evimin qarışısında  saxlamışam, evimə gedirəm, hansı ödənişdən söhbət gedə bilər ? 
Bəs avtomobili harada əyləyək ? 
Soruşan yoxdur ki, hər gün “parkovka” adı ilə yığılan pullar kimlərin cibinə gedir ?
Ümumiyyətlə, bunları “parkovka”  işinə kim, hansı qurum təyin edir ? 
Nə üçün hər bir avtomobil sürücüsündən alınan pullar  üçün çek verilmir ? 
Belə əcaib məkanlardan biri də Nəsimi Rayon Məhkəməsinin ( məhkəməyə dəxli yoxdur) yaxınlığında, “Azsığorta” şirkətinin qarşısında  yerləşən  yaşayış binalarının ərazisində peyda olub. 
Binaların sakinləri öz şəxsi avtomobillərini saxlamağa yer tapmırlar. Başa salmaq olmur ki, vətəndaş 5-10 dəqiqə  avtomobilini saxlayıb evinə qalxır, nə parkovka, nə ödəniş etməlidir ? 
Bu gün yuxarıda qeyd etdiyimiz ərazidə qarşılaşdığımız vəziyyət bizi dəhşətə gətirdi. 
Əlində bir dəyənək olan şəxs yaxınlaşaraq “Mən Nehrəmli Əliyəm...pulu ver...”  deyərək ödəniş tələb edir. 
Bu zaman ərazidə avtomobilini saxlayan Qarabağ müharibəsi veteranı da eyni problemlə qarşılaşır. 
Nehrəmli Əli veterana da yaxınlaşaraq reketsayağı pul tələb edir...
Qarabağ veteranı ona mədəni şəkildə başa salmağa çalışır ki, onun əməli reketlikdir...
Kimə deyirsiniz, Nehrəmli Əli, puldan başqa heç nə anlamır. 
Çarəsiz qalan avtomobil sahibləri, ərazinin aid olduğu Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışırlar.
Nə rayonun icra başçısı Asif Əsgərov, nə də onun köməkçisinin telefonları cavab vermir, xidməti telefonlarına da cavab verən tapılmır. 
Görəsən, bu dövlət qulluqçularına dövlət hər ay  yüksək maaşı nə üçün verir ? Bunlar niyə iş yerində tapılmırlar, niyə telefona cavab vermirlər ?
Naəlac qalan vətəndaşlar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu, onun köməkçilərini arasalar da heç bir nəticə olmur. 
Bizim məqsədimiz nə  Nəsimi RİH-nin, nə də Bakı ŞİH-nin fəaliyyətini tənqid etməkdir. Məqsədimiz odur ki, axı bu boyda “bespredel”,  qanunsuzluqlar   sizin rəhbər olduğunuz ərazidə baş verir...
Ümumiyyətlə, paytaxtın ərazisində qayda-qanun yaratmağın vaxtı çoxdan çatıb və bu küçələrdə  qoyulan “parkovka”  ciddi problemə çevrilib. Hər yoldan keçən  15-20 metr sahəni zəbt edib pul yığır, hətta şlaqbaumlar da quraşdırıblar. 
Paytaxt sakinləri  müvafiq dövlət qurumlarından tələb edir ki, Nehrəmli Əli kimilərin at oynatdığı parkovka məsələsi yığışdırılsın. 
Onsuz da şəhərimizdə hər yerdə kamera, manitor, radar quraşdırılıb. 
“Nehrəmli Əli..”  kimilərinə nə ehtiyac var...?
P.S Nehrəmli Əli də deyir ki, pulu yığıb, aparıb verirəm Asif Əsgərova. /Gundelik-baku.com/

Oxşar xəbərlər