Tərtərin icra başçısı Müstəqim Məmmədovun 80 yaşlı qaynanasının 200 hektar torpağı…-Tələbə dostu icra başçısına 250 min ataraq Rusiyaya qaçdı…
5-01-2022, 17:21
142

Tərtərin icra başçısı Müstəqim Məmmədovun 80 yaşlı qaynanasının 200 hektar torpağı…-Tələbə dostu icra başçısına 250 min ataraq Rusiyaya qaçdı…

İcra başçısının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadə kimdir ?

“Gəncəbasarın qubernatoru”  Elmar Vəliyev  getdi, özü də yaman pis getdi, amma...
Əmması odur ki, özü getsə də, tör-töküntüləri hələ də vətəndaşlara zülm etməkdə davam edirlər. 
Belələrindən biri də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovdur. 
Bu adam əvvəl texnoloq işləyib, sonra “tovaraved” olub, daha sonra Elmar Vəliyev onu Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi qoyub, 2006-2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini olub  və  2014-cü ildən Tərtər RİH-nin başçısıdır. 
Birincisi, “tovaraved”  hara, İdman İdarəsinin rəisi hara ? 
İkincisi, Elmarı  “masaj” edənlərin çoxunun “böyüyü”  ətraf rayonlarda icra başçısı oldu. 
Yəqin ki, yoldaş Məmmədov nə demək istədiyimizi başa düşdü...
Nə isə, zəlzələdən, ya da vəlvələdən Müstəqim oldu  Tərtərin icra başçısı. 
Və icra başçısı olan kimi  Müstəqim Məmmədov qayınanasının adına dövlətdən külli miqdarda subsidyalar alaraq biznes qurmağa başladı. 
Təsəvvür edirsiniz  icra başçısı qayınanası 80 yaşlı Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alıb.
İcra başçısından bu barədə soruşanda deyir ki, nə olsun, qaynanam da vətəndaşdır dəə: “Bu dövlət torpağıdır. Hər kəsin hüququ var ki, torpağı götürüb əksin”. 
Bəli, icra başçısı yavaş-yavaş  sanki rayonu işğal etməyə başladı. 
Sosial şəbəkələrdə, Youtube kanallarında  göstərilir ki, rayonda  icra başçısına məxsus  xeyli sayda kommersiya obyektləri, mülklər var. 
Hətta Tərtər sakinləri deyir ki, Müstəqim rayonu işğal edib,  Tərtərdə dövlət mülkiyyətində olan yüzlərlə hektar torpağı ələ keçirib, hətta  qonşu rayonlarda da biznes obyektləri, mülkləri  var. 
Amma  bununla yanaşı Tərtər rayonundakı Şəhid bulağı baxımsızlıqdan uçub dağılır…
Təkcə Şəhid bulağı uçub dağılmır ee...
Tərtərdən olan şəhid ailələri deyir ki, icra başçısı bizə zülm edir, bizə torpaq sahəsi verilmir ki, əkib-becərək, ailəmizi saxlayaq. Amma rayondakı Şəhidlər parkını hərraca çıxarıb satıb. 
Tərtərlilər  onu da deyir ki, Müstəqim gecələr qorxusundan rayondan çıxır, ya Yevlaxda, ya da Gəncədə gecələyir. 
Bu adam o qədər həddini aşıb ki,  villasının görünməməsi üçün rayondakı  96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini bütöv hördürüb.  
Yəqin  fikirləşir ki, birdən Elmar gecə bizə  “qonaq”  gələndə görərlər. 
Deməli, Müstəqim Məmmədovun Yevlaxda inşaat materialları satış mərkəzləri fəaliyyət göstərir. İcra başçısı da daşa-divara hörülən büdcə pullarını öz sexlərinə, mağazalarına yönəldir. Tərtərdə parklara vurulan tamet üzlük daşlarının istehsalçısı Müstəqimin Yevlaxdakı sexidir.
Düzdür  icra başçısı Müstəqim  Məmmədov bu yaxınlarda əməlli-başlı  “ziyana” düşüb. 
Belə ki, Müstəqim Məmmədovun tələbə yoldaşı, Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev  icra başçısına 250 min dollar  ataraq Rusiyaya qaçıb.
Bu boyda  cinayət əməllərinə baxmayaraq icra başçısı ondan şikayət edənlərə deyir: “ Get hara istəyirsən şikayət et, rayonun yiyəsi mənəm, prezident bu rayonu mənə etibar edib, mən də nə istəsəm edərəm”. 
Bu sözdən sonra nəsə yazmağa ehtiyac varmı ? 
P.S. İcra başçısının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadə kimdir ? /Gundelik-baku.com/

Oxşar xəbərlər