Sahibsiz it-pişik yoxdur, onlar insanlara əmanətdir… - Əmanətlə belə davranarlar, ay qudurmuşlar ..?
11-02-2022, 18:43
6 851

Sahibsiz it-pişik yoxdur, onlar insanlara əmanətdir… - Əmanətlə belə davranarlar, ay qudurmuşlar ..?

Şəkidə içməli suyun mənbəyində  30 iti güllələyiblər…

“Sumeliorasiya”   hara baxır ? 

Sözün düzü,  indicə gördüyümüz  video-mənzərə “Gündəlik-Bakı”nın kollektivini dəhşətli dərəcədə şoka saldı. Güllələnmiş itin körpə balaları  analarını əmir...
Özü də söhbət təkcə  1 itdən deyil, 30-a yaxın güllələnmiş sahibsiz itdən gedir. 
Bunu törədən nə qədər qansız, nə qədər qəddar, vəhşi olmalıdır ki, 30-a yaxın  sahibsiz iti güllələyib qanına qəltan eləsin. Və körpə  balaları  anasından məhrum etsin. 
Heyvan olanda nə olar...
Axı, biz insanlar TƏBİƏTƏ ANA deyirik....ana təbiət...
Axı, heyvanlar da  adına ana dediyimiz TƏBİƏT-in bir hissəsidir. Təbiəti necə güllələmək olar ?
Həm də  səmavi kitablar da buyurulur ki, heyvanlar insanlara əmənətdir...
Belə olan halda bu  qəddarlığı, vəhşiliyi necə törətmək olar...
Bu hadisə  Şəki rayonunun Böyük Dəhnə kəndində baş verib.  
Oxuculara  təqdim edəcəyimiz videodan da görünür ki, 30-a yaxın it  su  hövzəsinin mənbəyində güllələnib. 
Təsəvvür edirsiniz, həmin su hövzəsi  ətraf kəndlər üçün  suvarma  mənbəyi olsa da, kənd sakinləri həmin sudan içmək məqsədilə istifadə edirlər.
İndi gördünüzmü, təkcə itləri güllələməyiblər, həm də minlərlə  vətəndaşın içdiyi suyu  it cəmdəkləri ilə nəyə çeviriblər...
Bu çox dəhşətli cinayət əməlidir. 
Gündəlik-Bakı olaraq bu cinayət əməlinin açılması üçün sonadək  gedəcəyik. Çünki  bu  vazkeçiləsi məsələ deyil. 
Hətta  bu əməli törədənlərin cəzalandırılması və başqalarına da dərs olması üçün hətta ölkə rəhbərliyindən də kömək istəyəcəyik. 
Yaxşı, tutaq ki, bu hadisəni hansısa manyak, vəhşi, insanlıqdan uzaq olan birisi törədib. 
Bəs, kəndin bələdiyyəsi, kənd icra nümayəndəsi hara baxır ? 
Bəs, kəndin sahə müvəkkili niyə  bunu görməyib..?
Görəsən 11 ildir  Şəki  şəhər icra hakimiyyətinin başçısı olan Elxan Usubovun başı nəyə qarışıb ? 
İcra başçısının başı öz şəxsi  biznesindən ayılırmı ki, bu boyda vəhşilikdən xəbər tutsun..?
Rayonun polis rəisi cənab  Azər Muradova  hörmətimiz var. Amma  bu boyda qəddarlığa  sakit yanaşmaq da olmaz. 
Bəs, rayon prokurorluğu, təhlükəsizlik xidməti nə düşünür ? 
Əgər bu video  xarici  saytlardan birinə yol tapsa, dünya bizim haqqımızda nə düşünər ?
Onsuz da  bizi dünyada  gözdən salmağa  gecə-gündüz çalışanlar az deyil.
Bəs biz niyə onlara  fakt veririk ?
Bəs, rayonun kənd təsərrüfatı idarəsi, baytarlıq qurumu, Aqrar xidmətlər agentliyi niyə bir addım atmır..? 
Sahibsiz it deyib, mütləq güllələməliyik ?
Axı, yuxarıda qeyd etdik ki, sahibsiz it-pişik, heyvan yoxdur, onlar biz insanlara əmanətdir. Əmanətlə belə davranarlar, ay qudurmuş cinayətkarlar..? 
İndi isə hadisənin daha dəhşətli bir tərəfinə nəzər salaq. 
Minlərlə  vətəndaşın  içməli su kimi istifadə etdiyi məkanda  itləri güllələyiblər. 
Həmin su hövzəsi   Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə  məxsusdur. Amma  kənd sakinləri  rezin borular vasitəsilə suyu evlərinə çəkərək həmin sudan içmək üçün istifadə edirlər. 
Görəsən  bu boyda cinayət əməlindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin  niyə xəbəri yoxdur ? 
Yəqin  ASC-nin sədr müavinləri Rafiq Aslanovun, Zakir Quliyevin  başları Londondakı şəxsi bizneslərinə qarışıb. 
Bəs ASC-nin yeni sədri Zaur Mikayılov niyə müavinlərinə qarşı konkret söz deyə bilmir..? 
Cənablar, itlərin kütləvi güllələnməsi sıradan bir xəbər deyil. Biz bir cəmiyyət olaraq buna qarşı  ciddi münasibət göstərməliyik. 
Gündəlik-Bakı olaraq  dəfələrlə  bu tip  vəhşilikləri sonadək araşdırdığımız üçün bizə problemlər də yaradıblar. Ancaq buna baxmayaraq bu vəhşiliyə görə, sonadək sözümüzü deyəcəyik. 
Çünki  təbiətimiz heyvanıyla, quşu ilə bizə əmanətdir. Əmanətə isə xəyanət etməzlər. /Gundelik-baku.com/

Oxşar xəbərlər