Masallı sakini Əhəd Əhədov icra başçısı Şahin Məmmədovun cinayət əməllərini ölkə rəhbərinə çatdırmaq istəyir…
25-02-2022, 18:45
6 405

Masallı sakini Əhəd Əhədov icra başçısı Şahin Məmmədovun cinayət əməllərini ölkə rəhbərinə çatdırmaq istəyir…

Əhəd  Əhədov  efirdə hər şeyi açıq  deməyi  dövlətin maraqlarına uyğun hesab etmir və…

Deyir ki,  "çirkli ağı evdə yuyarlar"….  


Bəzi  məmurlar, icra başçıları hələ də başa düşmür ki, onların hansısa bir  hərəkəti  qığılcım rolunu oynaya, sakinlərin  ciddi etirazına, hətta  daha böyük fəsadlara səbəb ola bilər. 
Çox uzağa  getməyək. 
2012-ci ildə  Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun işlətdiyi xoşagəlməz ifadəyə  rayon  sakinləri  nələr etmədilər...
Bakıdan təcili gedən  nazir, deputat və digər şəxslər  sakinləri qəbul edərək problemləri həll edəcəklərinə söz verdilər və...icra başçısı vəzifəsindən uzaqlaşdırıldı. 
Görəsən,  Masallının icra başçısı Şahin Məmmədov yaxın tariximizdə baş verən belə hallardan özü üçün nəticə çıxartmır ? 
Şahin Məmmədov başa düşmür ki, odla oynayır..? 
Masallı  rayon sakini Əhəd Əhədovun Gündəlik-Bakıya söylədiyi audio-müraciətinə qulaq asanda  adam dəhşətə gəlir. 
Hiss olunur ki, icra başçısı Şahin Məmmədovun  qanunsuz əməllərinə görə, insanlar etiraza kökləniblər. 
Amma el ağsaqqalı olan  Əhəd Əhədov nə qədər qəzəbli olsa da yenə təmkinini qorumağa çalışır və deyir ki, elə şey var ki, onu efirdən demək olmaz, kimlərsə bundan dövlətimizin əleyhinə istifadə edər. Əhəd kişi hətta müdriklərdən misal çəkir: “Çirkli ağı  evdə yuyarlar”. 
Bəli, Əhəd Əhədov Ulu Öndərin, cənab Perzident İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın  xidmətlərini dönə-dönə vurğulamaqla yanaşı qeyd edir ki, Şahin Məmmədov kimi məmurlardan təcili qurtulmaq lazımdır. 
El ağsaqqalı  hətta xəbərdarlıq edir ki, bu məsələnin uzanması  pis nəticələrə gətirib çıxara bilər. 
Bəli,  Əhəd Əhədovun hər ölçülü-biçili  cümləsindən, hətta onun demək istəmədiklərindən hiss olunur ki, problem çox ciddidir. Və hər an nəsə baş verə bilər. 
Yəni Şahin Məmmədov  Masallı camaatının səbr kasasını çoxdan daşırıb. 
Əhəd Əhədovun efir  vasitəsilə demək istəmədiyi çox ciddi nüansların olduğu  hiss olunur. 
Yeri gəlmişkən, Şahin Məmmədov neçə il əvvəl Ağcabədidə icra başçısı olarkən  jurnalistlərdən birinə “Ailə SİRRİMİZİ  kimin yaydığını desən, sənə ən bahalı avtomobil bağışlayacam” demişdi. 
Əhəd Əhədovun çıxışında da sirrli məqamlar var.  
Əhəd Əhədov efir vasitəsilə soruşur ki, Şahin Məmmədov icra hakimiyyətinin balansında olan və istifadəyə yararlı binanı nə üçün  cinayətkarın birinə satıb. Belə ki, binanı alan Laçın Sadıqzadə  DTX  tərəfindən həbs edilib. 
Əhəd Əhədov haqlı olaraq deyir ki, Masallının keçmiş icra başçısı Qəzənfər Ağayevdən əvvəl həmin bina satılmışdı, amma Qəzənfər müəllim vəzifəyə gələn kimi həmin binanı icra hakimiyyətinin balansına qaytardı. 
Bəs,  sən niyə həmin binanı satdın, özü də cinayətkara, ay Şahin Məmmədov..? 
Masallı camaatının etiraz  səsini dövlət orqanlarına çatdırmaq istəyən Əhəd Əhədov  cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan xahiş edir ki, ya məni  bir nəfər səlahiyyətli şəxs qəbul etsin, ya da rayona komissiya göndərin Şahin Məmmədovun törətdiyi cinayət əməllərini  faktlarla ortaya qoyaq. 
Bəli,  daxil olan məlumatlar onu göstərir ki, icra başçısı Şahin Məmmədov iş adamları ilə, kasıb, imkansız  təbəqə ilə, hətta rayondakı dövlət qurumları ilə işləməyi bacarmır. 
Və üstəlik rayonda  ciddi narazılıqlara, etirazlara səbəb olur. 
Gündəlik-Bakı olaraq Əhəd Əhədovun müraciətini  dövlət orqanlarına çatdırmaqla problemin tezliklə həll olunacağına ümid edirik.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər