Bakı sakinləri cənab Prezidentə müraciət etdi... - Miqrasiya İdarəsinin sabiq rəisi İntiqam Məmmədov indi də Bakı ŞİH Ticarət Departamentinin direktorudur…
18-03-2022, 10:45
1 867

Bakı sakinləri cənab Prezidentə müraciət etdi... - Miqrasiya İdarəsinin sabiq rəisi İntiqam Məmmədov indi də Bakı ŞİH Ticarət Departamentinin direktorudur…

Yəqin ki, ötən  əsrin  90-cı  illərinin Bakısı  çoxlarının yadındadır. 
Paytaxt Bakıda  xırda ticarət, küçə alveri geniş vüsət almışdı. Küçə alverinə, xırda ticarətə geniş imkan yaradılması isə şəhərin çirklənməsinə, xoşagəlməz mənzərələrin hökm sürməsinə səbəb olmuşdu. Küçə ticarətinə imkan yaradılmasını insanların dolanışığı baxımından təqdir edən çox idi, amma şəhərin görünüşünə önəm verənlər bunun əleyhinə idilər.
Sonradan Hacıbala  Abutalıbovun şəhər meri təyin olunması  bir müddət  vəziyyəti dəyişdirdi və Bakı belə demək mümkündürsə, səliqəli görünməyə başladı. 
Əslində  küçə ticarəti məmurlar üçün milyonlar demək idi. 
28 may metrosunun qarşısını yadınıza salın. Siqaret satandan, corab satana qədər  böyük bir insan axını…Hələ keçidlərdə  xırda  ticarət köşkləri və s. 
Düzdür, indi 90-cı illər deyil, vəziyyət xeyli dəyişib, ancaq  hal-hazırda da  küçə ticarəti icra başçıları  və digər məmurlar üçün  yüksək gəlir mənbəyidir. 
Və bütün bu işlərə Bakı  ŞİH-nin nəzdində olan Ticarət və Xidmət Departamenti baxır. 
Təsəvvür edirsiniz Bakıda ağacın altında kimsə çayxana açır, yaxud kafe, lap nəsə küçədə xırda ticarətlə məşğul olmaq istəyir…bütün bunların aylıq pulu yığılıb  Ticarət və Xidmət Departamentinə verilir. 
Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət  Departamenti qanunvericiliyə müvafiq olaraq mülkiyyət formasından asılı olmayaraq  ticarət, ictimai iaşə, məişət və digər xidmət müəssisələrinin lazımi istismarına və  əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirən, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının müdafiəsini təmin edən dövlət orqanıdır. 
Hazırda  bu Departamentin direktoru İntiqam Behbud oğlu Məmmədovdur.
Məlumat üçün qeyd edək ki, İntiqam  Məmmədov uzun illər Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi olub. Və  Dövlət  Miqrasiya Xidmətinin rəisi və kirvəsi  Firudin Nəbiyevin biznesini idarə edib və onun şəriki olub. Onların əsas biznesi isə Binəqədi rayonunda üçmərtəbəli «Ata» supermarketi, «Elay» şadlıq evi (Bayılda), «Ata» market (Montində), Novxanıda restoran və Nabranda «Orxan» İstirahət Mərkəzi, «Fashion Club» gözəllik salonu və Otel (Teymur Əliyev küçəsində), Xudatda fermer təsərrüfatı (500 ha) və çoxsaylı kafelər, dayanacaqlar, yeni tikilən binalar (Masazırda) və yanacaqdoldurma məntəqəsinə sahib olduğu da bir çox mediada yayılıb.
İntiqam Məmmədov 2018-ci ilin iyun ayında Bakı Regional Dövlət Miqrasiya Xidməti idarəsinin rəisi vəzifədən azad olunub.
Və o vaxtdan  Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktorudur. Amma bu üç il ərzində o rəhbərlik etdiyi qurumda islahatlar aparmaq əvəzinə, görünür dövlət qurumundan öz şəxsi biznesi kimi idarə etməyə və sahibkarları incitməyə davam edir.
Bir müddət  əvvəl  mediada  İntiqam Məmmədovun oğlu Elgiz Əhmədliyə məxsus avtomobil kolleksiyasının fotoları yayılıb. 
Fotolardan da göründüyü kimi, məmur oğlu Elgiz  Əhmədli “10-EX-002” dövlət nişanlı bir neçə avtomobil idarə edir. Eyni zamanda, “99-TZ-555” dövlət nişanlı avtomobillər də onundur. Avtomobillərin markaları isə bunlardır: “Mercedes CLS-Class”, “BMW X5M Black”, “Toyota Land Cruiser”, “Porsche Panamera 4S”.
Ümumi dəyəri milyonlarla vəsait edən bu maşın kolleksiyasının sahibi olan gənc oğlanın atası hansı maaşla bu cür təm-təraqlı şərait qura bilib? 
Görəsən  İntiqam Məmmədov hər ay Köşk Presslərdən icarə haqqı olaraq aldığı 3 min manatları toplayıb kimə verir..? 
Ümumiyyətlə, küçə ticarətinin çiçəklənməsi hər ay  İntiqam Məmmədova  nələri qazandırır ? 
Bu və digər  suallarla bağlı araşdırmamız davam edir. 
Bizi izləyin. 
P.S Bakı şəhərində yaşayan sakinlər olaraq üzümüzü cənab Prezidentimiz İlham Əliyevə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova tutaraq Bakımızın küçə və səkilərinin təmiz olması üçün sərəncam imzalamasını xahiş edirik.
Qarşı tərəfin mövqeyini  dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər