Nə qədər ki, SU-yun başında Zakir Quliyevlə Rafiq Aslanov durur… - Su itkisi 40-50 faiz yox e, lap 90 faiz olacaq…
6-04-2022, 14:54
7 624

Nə qədər ki, SU-yun başında Zakir Quliyevlə Rafiq Aslanov durur… - Su itkisi 40-50 faiz yox e, lap 90 faiz olacaq…

Milyon dəyəri olan avtomobil kolleksiyaları, villalar, vətəgələr hamısı itən  suyun hesabınadır…

Qədim  nağıllarımızda   su ilə bağlı  maraqlı məqamlar var. 
Suyun həyat olması-filan heç kimə sirr  deyil. Bunu adi uşaq da bilir. 
Amma nağıllarımızda  el-obaya gələn suyun başında  YEDDİBAŞLI ƏJDAHA-nın dayanması  və camaatı su ilə imtahana çəkməsi  qırmızı xətlə keçir. 
İnsanlar uzun müddət susuzluqdan əziyyət  çəkdikdən sonra  nəhayət el-obanın içindən  bir QƏHRƏMAN çııxıb yeddibaşlı  əjdahanın başını əzərək camaatı bol-bol su ilə təmin edirdi. 
İndi günümüzə  baxın ki,  XXI əsrdə bəzi məmurlar yeddibaşlı əşdahadan da betər  olublar. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyində təmsil olunan şəxslərdən Zakir Quliyev və Rafiq Aslanov Səhmdar Cəmiyyətin idarə olunmasını 2000-ci illərin təfəkkürü ilə görmək istəyirlər, çünki bu dövrlər onlar üçün həm düşərli, həm də sərfəli olub. 
Bu iki şəxs uzun illərdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  sədrinin müavinləridir.  
Sözün düzü, Prezident  İlham Əliyev  cənabları  Zaur Mikayılovu  ASC-yə sədr təyin edəndə cəmiyyət düşünürdü ki, bu gənc sədr uzun illərdir ASC-də kök atmış Zakir Quliyevlə Rafiq Aslanovu tarixin arxivinə yola salacaq. 
Amma min təəssüf ki,  Zaur Mikayılov  cəmiyyətin bu gözləntisini və Prezidentin etimadını doğrultmadı. 
Əksinə  bu köhnə işçilərlə dil taparaq işləməyə başladı. 
Amma əslində yeni sədr işə başlayan kimi hər iki müavinin illər uzunu ASC-nin başına açdığı  oyunları araşdırmalı idi.  
Sonra  yeni, gənc sədr  bu müavinlərdən soruşmalı idi ki….
Prezidentimiz deyir ki: 
“Azərbaycanda  su itkisi 40-50 faizdir…itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Görəsən yeni sədr niyə bu sualları müavinlərinə vermədi..? 
Nəinki  müasir texnologiyanın olduğu XXI əsrdə, heç orta əsrlərdə öküzlə  torpaq əkiləndə də 40-50 faiz su itkisi ola bilməzdi. 
Görəsən, yeni sədr öz müavini  Zakir Quliyevdən niyə soruşmadı ki, ölkə ekologiyasının anasını  ağlar qoyan qum, çınqıl  sexlərini, daş karxanalarını  hansı milyonların hesabına yaratmısan..? 
Yaxud  Zakir  Quliyev  Cavad yolunun üstündəki  ŞAMLIQ  şadlıq  sarayını, Çuxuryurddakı qoşa  villaları, Sabirabadda, Cavadda, Bakıda evləri, obyektləri, rayondakı fermaları, qoyun sürülərini, balıq vətəgələrini  və s hansı pulla alıb..?
Əlbəttə, bütün bunlar  hamısı   Prezidentin dediyi  40-50 faiz su itkisinin hesabına əldə olunub. Yəni 40-50 faiz su heç hara itməyib…
Görəsən,  yeni sədr  öz müavini  Rafiq Aslanovdan niyə soruşmadı ki,  onun oğluna  məxsus olan  və dəyəri milyonlar olan  avtomobil kolleksiyası  hansı pulla alınıb..? 
Avtomobillərinin  nömrələri də  soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. 
Rafiq  Aslanov   Londonda mülkləri, biznes şəbəkəsini, Türkiyədə otelləri və s  hansı pulla  əldə edib..?  
Rafiq Aslanovun bacısıoğlu  “Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev  təkcə bir  kranı 1 milyon manata sataraq mənimsəyib.

Düzü,  40-50  faiz  suyun  neçə milyon  kub olduğunu  dəqiq bilməsək də, ancaq onu bilirik ki, bu miqdarda su  balıq vətəgələrinə,  sahibkarlara, iş adamlarına, fermerlərə satılıb.
Hələ bu harasıdır..? 
Zakir Quliyev və   Rafiq Aslanov  uzun illər qurumun tabeçiliyində olan idarələrə məxsus  texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb  yüz minlər qazanıblar. 
Hələ saxta tenderləri,  geri qaytarılan  “otkat”ları demirik.
Qısa məlumat üçün qeyd edək ki,  Zakir Quliyev  ASC-də hələ sədr müavini  olmadığı vaxt  uzun illər Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri olub və vəzifəsindən  çıxıb   ASC-yə müavin gələndə  xalası oğlu Elman Nuriyevi  öz yerinə təyin edib. 
Elə bil ki, bu boyda qurum buna pay kimi verilib. 
Sözün qısası, Zakir Quliyev və Rafiq Aslanov cütlüyü  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini məhv edir. .
Yazıda müxtəlif saytların məlumatlarından istifadə olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər