200 məhkəmə hakimi sistemdən qovulub…. - Bu ölkədə məhkəmə-hüquq sistemindəki fəlakət deməkdir…
27-04-2022, 18:37
6 742

200 məhkəmə hakimi sistemdən qovulub…. - Bu ölkədə məhkəmə-hüquq sistemindəki fəlakət deməkdir…

Biz tez-tez  bəh-bəhlə deyirik ki ,məhkəmə hakimləri toxunulmazdır…

Hakimlərin səhv qərarına görə, Azərbaycan 1 milyon təzminat ödəyib…
Əlbəttə,  məzmun aydındır. Amma…
Əmması odur ki, bu dünyada toxunulmaz  insan yoxdur, hər kəs etdiyi  cinayət əməlinə görə, qanun qarşısında  cavab verməli və cəzasını almalıdır. Necə yəni toxunulmazdır…
Qanunları, ədaləti  qorumalı olan məhkəmə hakimi rüşvət alıb qanunları pozursa, onun toxunulmzalığından necə danışmaq olar..? 
Orta əsrlərdə  ədələti pozan, qanunları tapdalayan hakimləri daşqalaq edirdilər. 
Azərbaycanda  bəzi məhkəmə hakimləri  “hakimlər toxunulmazdır..”  fikrini özlərinə sərf edən qaydada izah edir və istədikləri qərarları qəbul edirlər. 
Biz dəfələrlə yazmışıq ki, cənab Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında  bəyan etdi ki, bura Ədalət Sarayı olmalıdır. 
Görəsən bizim məhkəmə-hüquq sistemimiz Prezidentimizin dediyi kimidirmi..? 
Baxın, Milli Məclisin tribunasından dəfələrlə  millət vəkilləri qeyd edib ki, Azərbaycanda məhkəmə-hüquq sistemi FƏLAKƏTLİ  VƏZİYYƏTDƏDİR…
Fəlakətli  bilirsiniz  də nə deməkdir…
Niyə belə olmalıdır..? Son illərdə məhkəmələr üçün ən möhtəşəm binalar tikilib,  hakimlərin maaşları dəfələrlə artırılıb, köməkçiləri, katibələri  və s.
Bəs niyə  məhkəmə-hüquq sistemində keyfiyyət dəyişikliyi baş vermir, əksinə hər şey geriyə gedir..? 
Uzaq illərdə  baş verənləri bir kənara qoyaq, 4 gün əvvəl yayılan rəsmi məlumata nəzər salaq.  
Aprelin 22-si Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Xəbərə görə, iclasda qeyd olunub ki, şuranın fəaliyyəti dövründə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb, 200-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb, 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
Hesabata əsasən, son üç ildə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb: “Ötən il 220-dən çox hakimin fəaliyyəti qiymətləndirilib, 5 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin təkrar qiymətləndirilmələri qərara alınıb. Vətəndaş narazılığı doğuran pozuntulara yol verən 130-dan çox hakimə rəsmi xəbərdar edilib, təkrar belə pozuntulara görə intizam icraatları başlanıb.
İclasda 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb, apellyasiya məhkəmələrinin 4, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub, birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanıb”. 
Rəqəmlərə fikir verdinizmi…? 
Çox üzr istəyirik. Sanki İnsan Alverinə qarşı Mübarizə İdarəsi hesabat verir…
Bir daha üzr istəyirik, Məhkəmə-Hüquq Şurasının hesabatındakı  “paçka-paçka”  rəqəmlər yuxarıda dediyimiz kimi artıq fəlakətdən xəbər verir. 
Təsəvvür edin ki, 200  hakim məhkəmə sistemindən qovulub…
300-dən  çox hakim barəsində intizam icraatı başlanıb…
Bu rəqəmlər artıq  hər şeyi deyir. Uzun-uzadı  izahat verməyə ehtiyac görmürük. 
Daha başqa bir mühüm məsələni qeyd edək. 
Biz bir dövlət olaraq Avropa Şurasına daxil olanda üzərimizə öhdəliklər götürmüşük. 
Azərbaycan vətəndaşı Avropa Məhkəməsinə qədər müraciət edə bilər. 
Deməli, Azərbaycanın məhkəmələrinin səhv qərarlarına görə,  Azərbaycan  dövlətinə  1 milyon avrodan çox cərimə kəsilib. 
1 milyon cəriməni  Azərbaycan dövləti ödəmir ee, sən ödəyirsən, mən ödəyirəm,  biz ödəyirik. 
Əgər məhkəmə hakimi səhv qərar qəbul edibsə, qoy əziyyətini özü çəkərək məvacibindən ödəsin. Niyə dövlət ödəməlidir..? 
Əgər bircə dəfə hakim özü ödəsə, bu ona və başqa hakimlərə örnək olar. 
Məhkəmə-Hüquq Şurasının sonuncu iclasında çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov  dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəza siyasətini humanistləşdirməsindən, məhkəmə sisteminə qayğısından danışıb. 
Bunları başa düşdük ee, bəs məhkəmə hakimləri niyə cinayətə yol verirlər..? 
Cənab Fikrət Məmmədov deyir ki, Azərbaycandakı hakim korpusunun 70 faizi  yenilənib. 
Bu necə yenilənmədir..? 
Məhkəmə-Hüquq Şurasının sonuncu  iclasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əsas «yol xəritəsi» olduğunu vurğulayıb….
Vallah, belə bər-bəzəkli sözlərlə biz bir cəmiyyət olaraq uzağa gedə bilmərik, ay Ramiz müəllim. 
Məhkəmə-hüquq sistemində ciddi islahatlar aparılmalı və konkret işlər görülməlidir. 
Mən, Fikrət Məmmədovdan və Ramiz Rzayevdən soruşuram ki, biz hakimlərin səhv qərarına görə, 1 milyon təzminat ödəmişik, ancaq başqa Avropa Şurası üzvü olan dövlətlər isə  1 AVRO da ödəməyib. Niyə..? 
Bax, bu suala cavab gözləyirik. 
P.S Cənab Fikrət Məmmədov Sumqayıt Apelyasiya məhkəməsinin sədri Paşayev Tofiq Temir oğlundan icazəsiz Sumqayıt Apelyasiya məhkəməsindən aşağı instansiya məhkəmələrinin heç biri sərbəst qərar qəbul edə bilmirlər. Bu məsələyə müdaxilə etməyiniz vacibdir. Bizdən demək. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/


Oxşar xəbərlər