Ağstafadakı qum-çınqıl zavodunu Allahverdi Abdullayev necə ələ keçirdi... - Göldə batan gəmini kimlər “metallom” kimi doğrayıb satdılar..?
6-05-2022, 16:48
6 981

Ağstafadakı qum-çınqıl zavodunu Allahverdi Abdullayev necə ələ keçirdi... - Göldə batan gəmini kimlər “metallom” kimi doğrayıb satdılar..?

Gəmini doğramaq üçün  Ramiz  Tatarova neçə min rüşvət verilmişdi..? 


Sözün düzü,  jurnalist  gündə nəinki bir təzə xəbər , bir neçə  xəbər eşitməsə, qulağı o məsələ....
Amma bu gün Gündəlik-Bakının redaksiyasına təşrif buyuran  Rüstəmov  Ədalət Qarasim oğlunun və Qurbanov İsa Sadəddin oğlunun dediklərini  eşidəndə adam...düşünür ki, bu ölkənin hüquq-mühafizə orqanları, prokuroru, məhkəməsi  hara baxır..? 
Söhbətə bir az uzaqdan başlayaq. 
Deməli, sovet dövləti dağılanda özəl mülkiyyət yox idi,  hamısı dövlət mülkiyyəti idi. Bəzi işbazlar  müstəqillikdən sonra  tələm-tələsik  dövlət müəssisələrini özəlləşdirməyə girişdilər. 
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə konkret dedi ki, dövlət müəssisələrini özəlləşdirənlər onun profilini dəyişə bilməz. Məsələn, uşaq bağçasını özəlləşdirib, kafe açır, yaxud  tikiş  fabrikin özəlləşdirib yerində  otel tikir və s. 
Bax, problem buradan yarandı. 
Sözün qısası, sovet dövründə, daha doğrusu, Heydər Əliyevin  birinci hakimiyyəti illərində  Ağstafada yuyulmuş qum istehsal edən Poylu çınqıl zavodu tikilib istifadəyə verilmişdi. Orada yüzlərlə  yerli sakin çalışırdı. 
Bəs necə oldu ki, o boyda  zavod  birdən birə  keçdi  rayonun  Sadıqlı kənd sakini , “Avdı”  ləqəbli, Abdullayev Allahverdinin əlinə. 
Allahverdi Abdullayev bu zavodu necə özəlləşdirdi..? 
Sözün qısası,  Allahverdi  Abdullayev  bu zavodu özəlləşdirəndən sonra zavodun rəhbərliyində əsasən Gürcüstan vətəndaşı olan gürcülər olub, fəhlələr isə yerli camaatdan olub. 
Hələ sovet dövründə  gölə  bütün avadanlıqla təmin olunmuş gəmi gətiriblər ki, gölün 17 metr dərinliyindən  qumu-çınqılı sorub çıxarsın. Və həmin qum-çınqıl  vaqonlarla Gürcüstanın Rustavi şəhərinə daşınıb. 
Sözün qısası, 1993-cü ildə həmin gəmi batıb və karxana fəaliyyətini dayandırıb. 
Amma yuxarıda qeyd etdiyimiz kimi,  “Avdı”  ləqəbli  Allahverdi Abdullayev  həmin keçmiş karxananı, gölü ələ keçirib. 
Daha dəqiq desək, Allahverdi Abdullayev  keçmiş zavodun-karxananın yerindəki  göldə balıq yetişdirmək üçün gölü  99 illiyə icarəyə götürüb. 
Həmin vaxt o  göldə  batan  gəminin qiyməti bəlkə də milyonlar olub. Amma Allahverdi Abdullayev  gəmini  “metallom”  kimi doğrayıb satmaq  fikrinə düşüb. Və bunun üçün özünə “şərik”  axtarmağa başlayıb...
Və Rüstəmov  Ədalət Qarasim oğlu  ilə  Qurbanov İsa Sadəddin oğlunun  problemləri o gündən başlayıb. 
Zərəçəkənlərdən biri Rüstəmov  Ədalət Qarasim oğlu deyir ki, 8 avqust 2019-cu ildə  qohumum  Mustafayev Alxan  məni Zərifə Əliyeva adına parka dəvət elədi və dedi ki, gedək Ağstafada dostumun gölündə istirahət edək:
“Alxan mənə dedi ki, dostumun gəmisi göldə batıb, 13 min pul götür gedək  gəmini çıxardaq. Mən  Alxanın yanında  bir neçə yerlə əlaqə saxladım. Və sabah 12500  manat iş üçün, 500 manat isə xərclik kimi özümlə götürdüm. Avtovağzaldan Alxanla Ağstafaya getdik, bizi  səhər saat 9-00-da Niva maşınında Alxanın dostu “Avdı” ( Allahverdi ) qarşıladı. Biz maşınla gölün qırağına gəldik. 
Allahverdi mənə dedi ki, gəmini çıxarıb satandan sonra sənin 12500 manatını və üstəlik  4 min manatı verəcəm. Mən də ona inandım. Və Alxan mənə dedi ki, Ədalət, pulu ver  Avdiyə, yəni Allahverdiyə. Və mən pulu Allahverdi Abdullayevə verdim. Biz oradan gəldik Ağstafa icra hakimiyyətinə. Çünki Allahverdi dedi ki, göldən gəmini çıxartmaq üçün  icra başçısının müavini Ramiz Tatarovdan icazə almalıyam. Mən maşında gözlədim, Alxanla Allahverdi  Ramiz  Tatarovun qəbuluna getdilər. Qayıdanda  Allahverdi dedi ki, icazə üçün Ramiz Tatarova 5 min manat verdim. Sonra oradan rayon polis şöbəsinə gəldik. Allahverdi Abdullayev polis şöbəsinə gedərək geri qayıtdı və dedi ki, mənim tanıdığım adam burada yoxdur, sabah gələrik. Sabah biz bir yerdə gəldik Polis Bölməsinə, Allahverdi Abdullayev bölməyə girib çıxandan sonra bizə dedi ki, 3 min manat verdim, hələ bir az borclu da qaldım, amma məsələni həll etdim. Biz həmin gecə  gölün kənarındakı vaqonda qaldıq. Səhər  Allahverdi Abdullayev yox idi. Mən soruşanda  Alxan dedi ki, Gədəbəyə İlhahə xanım gilə gedib. 
Biz 15 gün orada qaldıq. Nəhayət  Allahverdi gəlib çıxdı və bizə dedi ki, burada neyləyirsiniz, gedin Bakıya, mütəxəssis tapın gəmini çıxardıb sataq. Biz Bakıya qayıtdıq. Mən dəfələrlə Alalhverdiyə zəng etsəm də cavab vermədi. Onun oğlu Vüqarın telefeonunu  Alxandan öyrənib zəng elədim. 
2020-ci il 15 mayda  Vüqar mənə  zəng etdi ki, Bakıda Çingiz adlı mütəxəssis tapmışıq, gəl, gəmini çıxarıb sataq, sənin pulunu  verəcəm. Beləcə, Çingiz, Alxan və mən Ağstafaya gələrək Vüqarla görüşdük. Amma maliyyə olmadığı üçün gəmini çıxartmaq mümkün olmadı. Bu zaman , yəni iyunun 5-də Qurbanov İsa adlı şəxs gəldi və onunla tanış olduq. İsa  gəminin çıxardılması üçün işə başladı. Vüqar mənə dedi ki, bütün kirayə və digər xərclərini çəkirəm və hər günə 20 manat verirəm, qal burada bizə fəhlə kimi  kömək elə. Biz Poylu kəndində Nazlı arvadın evini kirayələdik, amma Vüqar vədinə əməl etmədi, nə kirayə pulun, nə də zəhmət haqqımızı verdi. 
Sözün qısası 2 aydan sonra gəminin göldən çıxartmaq mümkün oldu. Vüqar bizə dedi ki, gedin Bakıya, gəmini doğrayıb sataq, gəlib pulunuzu apararsınız. Biz Bakıya qayıtdıq. Və günlərlə  Vüqara və atasına zəng etsək də telefona cavab verən olmadı...Və biz polisə şikayət etməyə məcbur olduq.”
İndi isə ikinci zərərçəkən, Qurbanov İsa Sadəddin oğlunun dediklərinə qısa nəzər salaq:
“2020-cin ilin may ayının ortalarında dostum İbrahimin vasitəsilə  Alxan Mustafayevlə tanış oldum. O,mənə dostu Allahverdi Abdullayevə məxsus gəminin göldən çıxarılması üçün maliyyə dəstəyi istədi. İyunun 5-də Ağstafaya gəldik və gəminin sahibinin oğlu Vüqarla görüşdük. Gəminin əsas sahibi  Allahverdi Abdullayevlə telefon söhbətimizdə o mənə bildirdi ki, bütün səlahiyyətlərimi oğlum Vüqara vermişəm, onunla istədiyin razılığa gələ bilərsən. Mən ondan icazə ilə bağlı soruşanda bildirdi ki, həm icra hakimiyyəti, həm də hüquq-mühafizə orqanları ilə razılıq var, heç kim sizə mane ola bilməz. Beləcə, Vüqar, Alxan və mən razılığa gəldik ki, gəminin bütün çıxarılma xərclərindən əlavə mənə 5 min manat pul ödəniləcək. 06 iyun 2020-ci il tarixdə işə başladıq. Sentyabrın ortalarında gəmini sahilə çıxara bildik. Bu zaman bütün avadanlıqların cəlb olunmasına, fəhlələrə, xərclənən pullara Vüqar nəzarət edirdi. Gəmi sahilə çıxandan sonra Vüqar dedi ki, gedin Bakıya 10 gün ərzində mən gəmini satacam və sizə zəng edəcəm gələrsiniz  pullarınızı apararsınız. Mən gəminin çıxarılmasına 14 min manat pul xərcləmişdim. Beləcə, Vüqarın dediyi 10 gün başa çatanda mən ona zəng elədim. O müxtəlif bəhanələr gətirdi, gah dedi gəmi satılmayıb, gah dedi satılıb pulunu ala bilmirəm və s. 
Beləcə bizi  1 il, yəni  2021-ci ilin may ayınadək süründürdü. 
Mən məcbur olub, Ədalət Rüstəmovla birgə Ağstafa rayon Polis Şöbəsinə müraciət etdim. Bizdən izahat aldılar. 1 ay sonra mən Ağstafa RPŞ  Təhqiqat Bölməsinin rəisi Ramin adlı şəxslə danışanda, o mənə dedi ki, Alxanı tapa bilmirik. Mən öz xəttimlə maraqlandım və məlum oldu ki, Alxan Poylu qəsəbəsindədir. Səhəri günü mən Ağstafaya yola düşdüm və gördüm ki, Alxan gölün kənarındakı  dəmir köşkdə oturub. Mən bu barədə TB-inin rəisi Raminə məlumat verdim. Yarım saat sonra polis əməkdaşları gəlib Alxanı apardılar. 2 saat sonra Ramin mənə zəng elədi ki, sabah Ədalətlə birgə polis şöbəsinə gəlin. Biz sabah polis şöbəsinə getdik. Və orada mən, Ədalət, Vüqar, Alxan olduq, Allahverdi Abdullayev gəlməmişdi. Oradaca Vüqarla Alxann izahatı alındı, bizimlə üzləşmə oldu. Bu zaman Vüqarla Alxan məndən və Ədalətdən 15 gün vaxt istədilər. Ki, 15 gün müddətində pullarınız qaytarılacaq və ərizənizi geri götürərsiniz. Biz Bakıya qayıtdıq. 15 gün sonra mən Raminlə danışanda o mənə dedi ki, Vüqarla Alxan vədlərinə əməl etmədilər. Və onu da dedi ki, onların əməlində cinayət tərkibi, dələduzluq olmadığı üçün  onlara qarşı cinayət işinin açılması rədd edilib. Ramin dedi ki, qərarı sizə göndərəcəm. Mən Ağstafa PŞ-nin 01.09.2021-ci il tarixli  138-29-40 saylı  qərarı alandan sonra məlum oldu ki, araşdırma  səthi olub və  hadisə yerinə baxış  keçirilməyib. Hətta Alxan və Vüqarla üzləşmə aktı barədə qərarda heç nə yoxdur. Guya Alxanı tapa bilməyiblər və s. Hətta Alxanın izahatı  və bizimlə üzləşmə protokolu da qərarda öz əksini tapmayıb. Mən bu barədə telefonla Raminə deyəndə o müxtəlif bəhanələr gətirdi, guya müddətin keçməsini bildirdi. 
Mən və Ədalət  Ağstafa məhkəməsinə müraciət edərək Polis Şöbəsinin qərarının ləğv edilməsini tələb etdik. 
14.03.2022-ci il tarixdə  Ağstafa rayon məhkəməsi PŞ-nin qərarını ləğv edərək, işin yenidən araşdırılması üçün rayon prokurorluğuna  göndərdi. 
Və rayon prokurorluğu  18 aprel  2022-ci il tarixli 64-Ş-22 saylı məktubu ilə  bizə məlumat verdi ki, iş yenidən araşdırılması üçün Polis Şöbəsinə göndərilib. 
Mən məcbir olub, Raminlə telefon əlaqəsi saxladım. O mənə bildirdi ki, Eldar adlı təhqiqatçı Alxanla əlaqə saxlayıb və  o  04.05.2022 tarixdə gəlib izahat verəcək. 
Mən bu gün Raminlə yenidən əlaqə saxlayanda o bildirdi ki, Alxan izahat verməkdən  yayınır və təhqiqatçının telefon zənglərinə cavab vermir. Deməli, Alxanı müdafiə edənlər var ki, o özünə bu qədər arxayındır”. 
Zərəçəkən İsa Qurbanov söhbətin sonunda onu da dedi ki, Alxanla tanış olanda o mənə Xüsusi Mühafizə Xidmətinin istefada olan əməkdaşı olduğunu bildirib. Yeri gəlmişkən, Alxanın oğlu Rafiq də hazırda Xidmətdə çalışır”.
Redaksiyadan: Bütün bu yazılanlardan bəlli olur ki, əslində  Allahverdi-Vüqar kimilərinin belə özbaşınalıqlara əl qoymasının səbəbi  Ramiz Tatarov kimi məmurlardır. Qoy hüquq-mühafizə orqanları bizim bu yazını material kimi qəbul edib, araşdırmaya başlasınlar.
P.S Şikayətçilərə onu xatırlatmaq istəyirik ki, polis həmişə asayişi qoruyub, qoruyacaqda.
Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər