Hərbi Polisin sabiq rəisindən Aydın Mirzəzadəyə sərt cavab:"Millət vəkilisiniz, Orduda baş verənlərə niyə susursuz"
29-04-2020, 23:00
564

Hərbi Polisin sabiq rəisindən Aydın Mirzəzadəyə sərt cavab:"Millət vəkilisiniz, Orduda baş verənlərə niyə susursuz"

“Əgər kimsə Azərbaycan Ordusunun nüfuzuna ziyan vurmağa cəhd göstərsə, həmin şəxsə layiqli cavab veriləcək və heç kəsin keçmiş xidmətlərinə baxılmayacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O, ordu haqqında yalan məlumatlar yayan ehtiyatda olan hərbçiləri Ermənistanın əlində alətə olmamağa çağırıb: “Təkcə müharibə dövründə yox, istənilən dövrdə ordu ilə bağlı həddindən artıq məsuliyyətlə danışmaq lazımdır. Ordu müstəqilliyimizin qarantıdır. Onun haqqında dövlət sirri olan məlumatları yaymaq, dəqiq olmayan informasiyanı danışmaq ölkənin müdafiə qabiliyyətinə ciddi mənfi təsir edən amillərdir. Bunu edənlər həm ordu ilə birbaşa əlaqədə olanlar, həm də sadəcə ordu haqqında fikir bildirmək istəyən vətəndaşlardır. Mən çox istərdim ki, xüsusilə ehtiyatda olan hərbçilər ordu ilə bağlı material yaydıqda diqqətli olsunlar”.

A.Mirzəzadə vurğulayıb ki, düşmən sosial şəbəkələri və Azərbaycan mətbuatını daim izləyir, məqsədli şəkildə azərbaycanlı adı ilə hesablar açırlar: “Həmin profillər vasitəsilə Azərbaycan haqqında nahaqq, yalan məlumatlar paylaşırlar. Yalan məlumatlar yayan ehtiyatda olan hərbçilər düşmən tərəfin əlində alətə çevrilirlər. Buna yol vermək olmaz. Bəzən ordu ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılır, bunlar qəbuledilməzdir.

Ən əsası, ordu ilə bağlı informasiya yayanda ancaq rəsmi mənbələrə istinad etmək lazımdır. Digər məlumatların verilməsi istər-istəməz ordu ilə bağlı düzgün olmayan xəbərlərin paylaşılmasına səbəb olur. Bu istiqamətdə bizim qabaqlayıcı qanunlarımız var. Mən istərdim ki, ordu ilə məlumat yayanlar həmin məlumatların məsuliyyətini dərk etsinlər”.


Millət vəkilinə cavab gecikməyib. 

Gundelik-Baku.com  xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov sosial şəbəkədəki hesabında Aydın Mirzəzadəni susmaqda və Ordudakı  neqativ hallara seyirçi qalmaqda günahlandırıb.

Həmin fikirləri olduğu kimi dərc edirik:

“Əziz dostlar!

Bu günlərdə çox hörmət etdiyim millət vəkillərindən Aydın Mirzəzadə mətbuata verdiyi açıqlamasında Ordumuzdakı çatışmazlıqları tənqid edənləri yalan məlumat yaymaqda və ermənilərin əlində alətə çevrilməkdə ittiham edib. Ordu ilə bağlı problemləri daima işıqlandıran şəxslərdən biri də mənəm və hesab edirəm ki, bunu nəzərə alaraq mən də bu haqda öz fikirlərimi söyləməyə borc bildim.

Buradan üzümü Aydın müəllimə tutub demək istəyirəm ki, ehtiyatda olan bir zabit kimi, Vətənini sevən bir insan kimi Ordumuzda baş verən hər bir xoşagəlməz olay məni də narahat edir. Burada qeyri-adi və ya qəribə heç nə yoxdur. Siz özünüz əvvəlki çıxışlarınızda qeyd etmişdiniz ki, Ordu ilə bağlı kiminsə əlində hansısa fakt olarsa bu barədə məlumatı ictimailəşdirmək əvəzinə aidiyyəti qurumlara müraciət etsin. Mən də məhz belə etmişəm. Ordu ilə bağlı mənə məlum olan faktları aidiyyəti qurumların rəhbərlərinin diqqətinə çatdırmışam. Həmin şəxslər başqa millətin məmurları deyil, Azərbaycan dövlətinin vəzifəli şəxsləridir. Həmin müraciətdərdə Ordumuzun döyüş qabiliyyəti ilə bağlı və yaxud da dövlət sirri hesab olunan digər məqamlar barədə bir kəlmə də yazmamışam. Hər halda illərlə Orduda xidmət etmiş ehtiyatda olan zabit kimi mən hansı nüansları ictimailləşdirməyin qanunla qadağan olduğunu çox gözəl bilirəm. Azərbaycan Ordusu hər zaman inkişaf edib, həmişə də regionda sayılıb seçilib. Bunu hər yerdə demişəm, bundan sonra da deyəcəyəm. Mənim müraciətimə gəlincə, hörmətli Aydın müəllim, 2013-cü ilin dekabr və 2014-cü ildə yanvar aylarında mən Müdafiə Nazirinə hüquqlarımın pozulması barədə bir çox müvafiq dövlət strukturlatına müraciət etmişəm, lakin cavab almamışam. Uzun fasilədən sonra 2017-ci ildə yenidən bu məsələ ilə bağlı nazirə ünvanladığım məktub da cavabsız qalıb. 2018, 2019-cu illərdə etdiyim müraciətlərə də cavab verilməyib. Qanunvericiliyə əsasən, vətəndaşın müraciəti 1 ay müddətində cavablandırılmalıdır. Bu, mənim konstitusion hüququmdur. 2019-cu ildə məcbur qalıb açıq məktubla dövlət başçısına müraciət etmişəm. Həmin müraciətdə Ordu quruculuğumuzu tənqid edən heç bir fikir bildirməmişəm. Yalnız mənə məlum olan korrupsiya və vəzifədən sui-istifadə hallarına toxunmuşam. Bir vətəndaş olaraq mənə bu cür fakt məlumdursa, niyə bu barədə dövlət başçısına məlumat verməməliyəm? Niyə mənim hüquqlarım hansısa məmurlar tərəfindən pozulmalıdır? Niyə bütün bu müraciətlər barədə məlumatınız olduğu halda bir millət vəkili kimi məni dəvət edib heç bir söhbət aparmamısınız? Məsələnin ictimailəşməsi Sizi narahat edirdisə, mənimlə təkbətək danışıb problemləri dinləyərdiniz. Mənə qarşı edilən qanunsuz əməllərə, hüquqlarımın pozulmasına niyə göz yummalıyam? Dərdimi dinləyən yoxdursa, məktublarım cavabsız qalırsa, niyə mən öz Ali Baş Komandanıma, Prezidentimə müraciət etməməliyəm? Mən burada heç bir qəbahət görmürəm. Və lazım gəlsə, növbəti dəfə dövlətimin başçısına rəsmi müraciət edəcəyəm. Dövlət başçısı özü çıxışlarında dəfələrlə qeyd edib ki, vətəndaşa hansı məmur özbaşınılığı, korrupsiya faktı məlumdursa, bu barədə məni xəbərdar etsin. Mən də belə etmişəm. Siz yaxşı olar ki, dövlət başçısına öz dərdini deyənləri qınamaq əvəzinə, Ordudakı korrupsiya faktlarının araşdırılmasına yardımçı olasınız. Bir daha qeyd etmək istəyirəm ki, söylədiyiniz fikirlərin mənə də aidiyyəti var. Mən bir vətəndaş olaraq əlimdən gələni etdiyim halda, Siz bir millət vəkili kimi susursunuz. Əlimdəki bütün imkanlardan yararlanmışam ki, bu problem həll olunsuz. Dövlət Təhlükəsizlik Xidmətinə, Hərbi Prokurorluğa qədər bir çox qurumlara müraciət etmişəm. Əgər yazdığım faktlar əsassızdırsa, qoy bu barədə mənə rəsmi cavab versinlər. Niyə Müdafiə Nazirliyi bu günə kimi susur? Mən həmin müraciətlərdə nə yazdığımı çox gözəl anlayıram. Dəqiqliyinə əmin olmadığım fakta heç vaxt toxunmaram. Hansısa məqamı yazmışamsa, deməli, mənə bu barədə fakt məlumdur və onun düzgünlüyünə əminəm. Bunu Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları çox yaxşı bilir. Mən həmin müraciətlərimdə heç kimi təhqir etməmişəm. Qarşı tərəf isə məni susdurmaq üçün hər cür təhqir və təhdiddən istifadə edir. Mənə məxsus olmayan mənzillərin şəkilini mətbuatda mənim evim kimi təqdim edərək ictimaiyyətdə yanlışlıq yaratmağa çalışırlar. Özlərinin maliyyələşdirdikləri saytlar vasitəsilə məni və ailəmi təhqir edirlər. Yaxşı olardı ki, Müdafiə Nazirliyinin rəhbər şəxslərinin bu cür əməllərinə də münasibət bildirəsiniz. Heç bir kriteriyaya uyğun gəlməyən, hərbi xidmətdə heç bir uğuru olmayan Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin olunur, amma 20-30 il Orduda can qoymuş, bu günə kimi ailəsi ilə kirayələrdə sürünənlər ev ala bilmirlər? Necə olur ki, məhkumluq həyatı yaşamış biri hansısa vəzifəli məmurun qohumu olduğu üçün yenidən Orduya çağırılır, qısa müddətdə leytenantdan polkovnik rütbəsinə yüksəlir? Necə olur ki, Müdafiə Nazirliyində vəzifədə yalnız qohumluq əlaqələri olanlar irəli çəkilirlər? Mən bunları deməklə düşmənə xidmət etmiş oluram? Burada hansı hərbi sirdən söhbət gedir? Ordu yalnız Müdafiə Nazirliyinin əməkdaşlığına mənsub deyil. Ordu Azərbaycan xalqına aiddir və mən də bu xalqın bir nümayəndəsi kimi, Orduda 30 il xidmət etmiş ehtiyatda olan zabit kimi məni narahat edən məqamlara toxunmuşam. Mənim tələb etdiklərim qanunsuz olsaydı, Müdafiə Nazirliyi məni çağırıb bütün tələblərimdə haqlı olduğumu deməzdi. Bəli, tələblərimdə haqlı olduğumu deyirlər, amma pozulmuş hüquqlarımı bərpa etmirlər.

Hörmətli Aydın müəllim. Bir daha qeyd edirəm ki, Siz mənim hörmət etdiyim millət vəkillərindənsiniz və Sizin bütün açıqlamalarınızı mətbuat vasitəsilə izləyirəm. Xahiş edirəm ki, bu məsələdə də obyektiv mövqe nümayiş edəsiniz. Əgər Ordunu təhqir edən varsa, hərbi sirri ictimailəşdirən varsa, bəli, iradınızı bildirə, hətta həmin şəxslərin cəzalandırılmasını tələb də edə bilərsiniz. Amma hüquqları pozulan ehtiyada olan zabiti susdurmağa çalışmamalısınız, əksinə dəstək verməlisiniz.”

Oxşar xəbərlər